Olimpiya ümidlərimiz

Güləşdə 11 lisenziyamız var, 7-ni də gözləyirik

Qarşılarına Rio-de-Janeyro Olimpiadasına maksimum miqdarda 18 lisenziya qazanmaq məqsədi qoymuş Azərbaycan milli komandasının güləşçiləri ötənilki yarışlarda bu vəzifənin yerinə yetirilməsində kifayət qədər fəallıq və əzmkarlıq göstərmişlər. Yığmamızın hesabında XXXI Yay Olimpiya Oyunlarına artıq 11 vəsiqə vardır, çatışmayan 7 “bileti” də qazanmaq imkanları az deyil.

Ölkəmizə 11 lisenziyanı yunan-Roma güləşçiləri Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (75 kq), Saman Təhmasibi (85 kq), Sabah Şəriəti (130 kq), “sərbəstlər”  Toğrul Əsgərov (65 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq), Cəmaləddin Məhəmmədov (125 kq), qadın güləşçilər Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq) və Yuliya Ratkeviç (58 kq) təmin etmişlər.

Bu günlərdə Dünya Güləş Birliyinin saytındakı xəbərlərlə tanış olarkən Azərbaycan güləşçiləri ilə yanaşı bu növdə digər ölkələrin də hələlik neçə lisenziya qazandıqları haqqında kifayət qədər məlumat aldıq. “Klassik” güləşdə Kuba daha çox (5) Olimpiya vəsiqəsinə malikdir. Siyahıda sonrakı üç yeri hərəyə 4 lisenziya ilə Azərbaycan, Rusiya və Venesuela tutur.

Sərbəst güləşdə Rio-2016-ya vəsiqə qazanmış ölkələrin siyahısına hesabında 6 lisenziya olan Rusiya başçılıq edir. Kuba və İranın 5, Azərbaycan, ABŞ, Gürcüstan və Monqolustanın 4 təmsilçisi məqsədinə çatmışdır.

Qadın güləşində isə lisenziya xarakterli yarışlarda Kanada idmançıları daha çox fərqlənmişlər–6 vəsiqə. Yaponiyanın 5, Braziliya və Çinin 4, Azərbaycan, İsveç və Kolumbiyanın 3 güləşçisi Olimpiadaya vəsiqə sevinci yaşamışdır.

Göründüyü kimi, güləşin hər üç növü üzrə komandalarımız Olimpiya oyunlarına vəsiqə qazanmış ölkələrin siyahılarında ön mövqelərdə qərar tutmuşlar. Deməli, hər şey planlaşdırıldığı kimi gedir. İndi qalır yunan-Roma və sərbəst güləşin hərəsində daha 2, qadın güləşində isə 3 lisenziyanı təmin etmək.

Bu il üçün nəzərdə tutulmuş lisenziya xarakterli yarışlara o qədər də çox vaxt qalmır. Qarşıdakı üç  turnirdən birincisinə aprelin 15-də Serbiyanın Zrenyanın şəhərində start veriləcək. Orada üç gün  davam edəcək görüşlərin iştirakçıları Avropa Olimpiya təsnifat turnirində mübarizə aparacaqlar.

Digər iki yarış dünya təsnifat turniridir. Bu  startlardan birincisi Zrenyanin sınaqlarından dərhal sonra-aprelin 22-24-də Monqolustanın paytaxtı Ulan-Batorda, ikincisi isə mayın 6-8-də İstanbulda (Türkiyə) keçirləcək. Olimpiya Oyunlarında hansı ölkənin güləşdə neçə nəfərlə təmsil olunacağı da aprel-may turnirlərindən sonra qəti müəyyənləşəcək.

Nəhayət, onu da xatırladaq ki, Rio Olimpiadasının güləş yarışlarında rəqiblər hər üç növdə altı çəki dərəcəsində mübarizə aparacaqlar. Artıq bu turnirlərin vaxtı da dəqiq məlumdur–14-21 avqust.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında