Avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına beş aydan da az vaxt qalır. Planetin hər yerində səbirsizliklə gözlənilən dünya idmanının ən ali bayramında mümkün qədər çox iştirakçı ilə mübarizə aparmaq əzmində olan Azərbaycan idmançılarından birinci olaraq taekvondoçular lisenziya xarakterli yarışlarda qarşılarında duran vəzifəni müvəffəqiyyətlə yerinə yetirərək Olimpiadaya tam heyətlə getmək hüququ qazanmışlar.
Bu isə o deməkdir ki, Azərbaycan Olimpiya oyunlarında ilk dəfə maksimum miqdarda dayanq ustası ilə təmsil olunacaq. Qaydalara görə Olimpiadada hər ölkənin taekvondo komandasında dörd iştirakçı -- iki kişi və iki qadın çıxış edə bilər. Rioya aparan yolda Azərbaycana Olimpiya “biletlərini” təmin etmiş taekvondo ustalarımızın bu günlər bütün səyləri Olimpiada sınaqlarını tam hazırlıqla qarşılamağa yönəlmişdir və bunun üçün hər cür zəmin var.
Azərbaycan taekvondoçularının Rioya lisenziyalarının hesabını Radik İsayev (87 kq) açmışdır. Kişilərdən ibarət komandamızın liderlərindən biri olan İsayev böyük uğurları ilə fəxr edə bilər. Təkcə onu demək kifayətdir ki, Radik ötən il dünya çempionu olmuş, tarixdə ilk dəfə keçirilən Avropa Oyunlarının da qızıl medalını qazanmışdır. Yarışdan-yarışa sürətlə artan reytinqi onu bu göstərici üzrə liderlər sırasına çıxardı və Olimpiadaya vəsiqəni təmin etdi.
R.İsayev dünya reytinqində öz çəki dərəcəsində liderlərdən biridir. Ümumdünya Taekvondo Federasiyasının martın əvvəllərində açıqladığı növbəti reytinq siyahısında o, özbəkistanlı Cəsur Baykuziyevdən sonra ikinci mövqedədir.
Taekvondoçularımız növbəti üç lisenziyanı isə bu ilin start ayında qazanmışlar. Yanvarda İstanbulda keçirilən lisenziya xarakterli Avropa təsnifat turnirində Olimpiya vəsiqələrini finalçılar özlərinə təmin edirdilər. Azərbaycan taekvondoçuları Milad Beiqi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq) və Patimat Abakarova (49 kq) finala vəsiqə qazanmaqla kifayətlənməyib, həlledici görüşdə də rəqiblərindən güclü olmaqla, lisenziya ilə yanaşı birinci yerin sevincini yaşamışlar.
Fərəhlə yada sala bilərik ki, Rioya Olimpiya “biletlərini” Türkiyədə sifariş etmiş üç taekvondoçumuzdan heç biri qardaş ölkədə bir görüşdə belə uduzmayıb. Əksinə, Hərçəqani bütün rəqiblərindən açıq-aşkar güclü olduğunu latviyalı Yanis Kauneni 16:0, erməni Arman Yeremyanı 11:1, yarımfinalda türkiyəli Yunus Sarını 10:1, finalda isə polyak Peter Lazinsikini 14:2 hesabı ilə məğlubiyyətə uğratmaqla inamla sübuta yetirmişdir.
İkinci dəfə Olimpiya oyunlarının iştirakçısı olacaq Fəridə Əzizovanın fəxri kürsünün zirvəsinə yolu Makedoniya, Ukrayna, Sloveniya və Almaniya idmançıları üzərində qələbələrdən keçmiş, Patimat Abakarova da öz növbəsində Hollandiya, Yunanıstan, Ukrayna və Serbiya təmsilçiləri ilə görüşlərdə maksimum nəticəyə nail olmuşdur.
Fəridənin bu yaxınlarda, fevralın son günlərində Birləşmiş Ərəb Əmirliklərinin Fujayra şəhərində keçirilmiş beynəlxalq turnirin qalibi olduğunu, dünya reytinq cədvəlində səkkizinci pillədə irəlilədiyini də xatırlamaq yerinə düşər.
Taekvondo ustalarımızın son uğurları haqqında danışarkən kişilərdən ibarət komandanın ötən ilin dekabrında Mexikoda keçirilmiş Dünya kuboku turnirində tarixi nailiyyətinin üstündən sükutla keçmək olmaz. Meksika paytaxtında kubok uğrunda ən güclü taekvondo ölkələrinin təmsilçiləri mübarizə aparmışlar və belə bir mötəbər yarışda birinci olmaq qürurverici nailiyyətdir. İran, Koreya, Belçika, Özbəkistan və digər ölkələrin yığmaları ilə kəskin rəqabətdə zirvəni fəth etmək heç də hər komandanın işi deyil.
Uzaq Mexikodan Dünya kubokunun Bakıya gətirilməsi milli komandamızın üzvləri Radik İsayev, Milad Beiqi Hərçəqani, Ayxan Tağızadə, Məhəmməd Məmmədov, Sina Bəhrami, Səid Quliyev və onların baş məşqçisi Rza Mehmandostun gərgin əməyinin, məqsədyönlü təlim-məşq prosesinin bəhrəsidir. Deməli, Rioda XXXI Yay Olimpiya Oyunlarında uğurla çıxış etmək və nəhayət, olimpiadalarda Azərbaycan taekvondoçularının medallarının hesabını açmaq perspektivlərimiz kifayət qədər böyükdür.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.