Dünya Güləş Birliyinin bu günlərdə açıqladığı reytinq cədvəlində 48 kq çəki dərəcəsində planetin ən yaxşı qadın güləşçilərinin lideri, saysız-hesabsız qələbələri ilə Azərbaycanın idman ictimaiyyətinin və azarkeşlərin böyük rəğbətini qazanmış Mariya Stadnik taleyin hökmü ilə 8 Mart Beynəlxalq Qadınlar Gününü Bakıdan uzaqlarda, Riqada qarşıladı. Latviya paytaxtında güləş üzrə növbəti Avropa çempionatının startı məhz bu bayram gününə təyin olunmuşdu.
Qadın güləşimizin bir nömrəsinin qitə çempionatında öz bayramını nə ilə qeyd edəcəyini onun minlərlə pərəstişkarı böyük maraq və ümidlə gözləyirdi. İdman həvəskarlarımız əmin idilər ki, onların sevimlisi dünyanın bir çox ölkəsindəki kimi, Baltikyanı respublikada da ümidi tam doğruldacaq.
Belə də oldu. Azərbaycan güləşçisi Riqa İdman Sarayında Aleksandra Koquta (Ukrayna) 10:0, Valentina İslamovaya (Rusiya) 5:2, Elitsa Yankovaya (Bolqarıstan) 9:0, finalda isə Emilia Vuça (Rumıniya) 10:0 hesabı ilə qalib gələrək növbəti dəfə Avropa çempionatının qızıl medalını qazandı.
Mariya Stadnik iştirakçısı olduğu, demək olar, hər bir yarışda yüksək ustalığı, yenilməz qələbə əzmi sayəsində medal qazanmağı, fəxri kürsüyə qalxmağı və qələbəsi şərəfinə Azərbaycanın milli bayrağını yüksəklərə ucaltmağı bacarmışdır.
Azərbaycanda qadın güləşinin bütün tarixi ərzində ən böyük nailiyyətlər məhz Stadnikin adı ilə bağlıdır. Yeddi il əvvəl, 2009-cu il sentyabrın 23-də Danimarkanın Herninq şəhərində qazanılan müvəffəqiyyət bir andaca güləşçimizi dünyaya tanıtdı. Qarşısına çıxan bütün rəqibləri – Belarus, İspaniya, Ukrayna, Böyük Britaniya idmançılarını, həlledici final görüşündə isə rusiyalı Larisa Orjakı gərgin mübarizə meydanını məğlubiyyətlə tərk etməyə məcbur edən təmsilçimiz ölkəmizin idman salnaməsinə qızıl hərflərlə parlaq səhifə yazıb, Azərbaycanda qadın güləşinin bütün tarixi ərzində dünya çempionu adını daşımağa başlayan ilk idmançımız oldu. Çox böyük tarixi nailiyyət idi!
Lakin dünya çempionatının hətta qızılı belə, nə qədər yüksək mükafat olsa da, ondan da qiymətli medal var. Yarışların şahı sayılan Olimpiya oyunlarında qazanılan hər bir medalın dəyəri, xüsusi çəkisi daha yüksəkdir.
Bizim qəhrəman hələ Herninqdə dünya çempionatından əvvəl Olimpiya mükafatçısı olmuşdu, 2008-ci ildə Çin Xalq Respublikasının paytaxtı Pekində keçirilmiş XXIX Yay Olimpiya Oyunlarının azərbaycanlı qəhrəmanlarından biri Mariya Stadnikdir. Güləşçimiz həmin Olimpiadada bürünc medal qazanmaqla dünya idmançılarının ən ali məclisində də mükfatlarının hesabını açmışdır.
Dörd ildən sonra, London – 2012-də isə istetadlı güləşçi həmin müvəffəqiyyətin təsadüfi olmadığını sübuta yetirib, bir daha Olimpiya fəxri kürsüsündə təbrikləri qəbul etdi. Üstəlik də, bu dəfə daha yüksək mükafat, gümüş medal qazandı.
Mariya bu uğura doğru yolda bütün rəqibləri üzərində ardıcıl qələbələrdən sonra qızıl medal uğrunda mübarizədə Yaponiya idmançısı Xitomi Obaraya uduzdu. İngiltərə paytaxtında çempion zirvəsini fəth etmək mümkün olmasa da, Olimpiadanın gümüş medalı onun sahibinə və pərəstişkarlarına az sevinc gətirmədi. Dünya və Avropa çempionu, bir çox mötəbər beynəlxalq yarışın qalib və mükafatçısı Mariya Stadnik indi həm də Olimpiya oyunlarının ikiqat mükafatçısı idi. Bunun nə demək olduğunu isə idman dünyası yaxşı bilir.
Londonda Olimpiya oyunlarından sonra Stadnik Mariya Vasilyevnanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 31 avqust 2012-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif olunması da qadın güləşimizin bayraqdarının böyük idman hünərinə verilən yüksək qiymət idi.
Bu gün Mariyanın daha neçə-neçə qələbəsi haqqında danışmaq olar. Onların arasında bir yarış – “Bakı-2015” birinci Avropa Oyunları xüsusi yer tutur. Ötən ilin iyun ayında paytaxtımızda keçirilmiş bu böyük idman bayramında baş rollardan birini Stadnik oynadı. Portuqaliyalı Liana Kosta dos Santos, fransız Julye Sebatye, polyak İvona Matkovska, finalda isə bolqarıstanlı Elitsa Yankova üzərində bir-birindən inamlı qələbələr yenə Azərbaycan güləşçisini göylərə qaldırdı, fəxri kürsünün birinci pilləsinə ucaltdı. Tarixdə ilk Avropa Oyunlarının çempionuna qızıl medalı isə Heydər Əliyev adına İdman Sarayının tribunalarına toplaşmış tamaşaçıların alqışıları altında Azərbaycanın birinci xanımı, “Bakı-2015"-in Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim etdi.
Qarşıdakı yayda güləş yığmamızın lideri Mariya Stadnik öz idman həyatında üçüncü dəfə Olimpiya oyunlarında mübarizə aparacaq. Onun zəngin idman mükafatları kolleksiyasında yalnız Olimpiadanın qızıl medalı çatışmır. Rio-2016 bu boşluğu doldurmaq üçün gözəl fürsət olacaq.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.