Çindən Azərbaycana qızıl medallarla

Çin Xalq Respublikasının Huayan şəhərində Ümumdünya İntellektual Oyunlarının sürətli şahmat yarışları hələ bu gün başa çatacaq. Lakin indidən hamıya məlumdur ki, bir çox ölkədən 16 məşhur zəka sahibinin mübarizə apardığı və üç turniri özündə birləşdirən bu oyunlar azərbaycanlı qrossmeysterlərin böyük müvəffəqiyyəti ilə yadda qalacaq. Şəhriyar Məmmədyarov da, Rauf Məmmədov da Çindən ölkəmizə qızıl medallarla qayıdacaqlar.

Rapid görüşlərində ən yaxşı nəticə göstərib qızıl medalı bayram edən Məmmədyarovdan sonra onun dostu Məmmədov blits  turnirində bütün rəqiblərini qabaqlayıb finişə birinci çatmışdır. Rauf   30 oyunda (bu turnirdə iştirakçılar bir-birilə iki dəfə görüşmüşlər) 19,5 xal toplayaraq gümüş mükafatçı rusiyalı Yevgeni Tomaşevskini bir xal geridə qoymuşdur. Üçüncü yeri 18 xalla Pentala Harikrişna (Hindistan) tutmuşdur. Məmmədyarov (14,5 xal) bu dəfə doqquzuncu yerlə kifayətlənmişdir.

Rauf Məmmədov Çində qazandığı qızıl medalla sürətli şahmatın blits növündə ən mahir ustalardan biri olduğunu inamla sübuta yetirmişdir. Xatırladaq ki, qrossmeysterimiz ötən ilin dekabrında Belarus Respublikasının paytaxtı Minskdə keçirilmiş bu növ üzrə Avropa Çempionatında da birinci olmuşdu. Məmmədovun martın 1-nə olan vəziyyətə görə blits üzrə dünya reytinq cədvəlində 2810 xalla onuncu pillədə irəlilədiyini də qeyd edək.

Çində Ümumdünya İntellektual Oyunlarının sürətli şahmat yarışları artıq finiş xəttindədir. Proqramda sonuncu növ olan bask şahmatı (eyni vaxtda iki taxtada həm ağlar, həmdə qaralarla oyun) turnirinə dünən start  verilmişdir. Beş turdan ibarət yarışa bu gün yekun vurulacaq.

Daha bir azərbaycanlı qrossmeyster Eltac Səfərli isə bu günlər Moskvada keçirilən ənənəvi “Aeroflot Open 2016" beynəlxalq şahmat festivalının ”A" turnirinin mükafatları uğrunda mübarizə aparır. Təmsilçimiz start turunda rusiyalı Kirill Alekseyenko ilə heç-heçə oynamışdır. İsveçrə sistemi üzrə keçirilib doqquz turdan ibarət olan bu turnirin qalib və mükafatçıları martın 9-da məlum olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında