İkiqat bayrama çevrilən tarixi hadisə

Bakı daha bir mötəbər beynəlxalq yarışa müvəffəqiyyətlə ev sahibliyi etdi. Milli Gimnastika Arenasında üç gün davam edən idman gimnastikası üzrə Dünya kuboku turniri həm də Azərbaycan idmanında tarixi hadisə idi.

Əgər indiyə qədər ölkəmizdə bədii gimnastika üzrə bir çox məsul yarış – dünya və Avropa çempionatları, Dünya kuboku turniri keçirilmişdisə, planetin ən yaxşı idman gimnastikası ustaları bu dəfə Azərbaycan paytaxtında ilk dəfə görüşürdülər.

On doqquz ölkə idmançılarının rəqabətində təmsilçilərimizin uğurlu çıxışları və onlara təqdim olunan dörd medal isə bu tarixi hadisəni ikiqat bayrama çevirdi.

İştirakçıların, xarici qonaqların yekdil rəyinə görə hər şey yüksək səviyyədə təşkil olunmuşdu. Belə bir şəraitdə tamaşaçılar Yaponiya, Braziliya, Türkiyə, Almaniya, Özbəkistan və digər ölkələrin ən güclü  gimnastları ilə mübarizədə yarış sahiblərinin qazandıqları dörd medala sevindilər və hamı bir daha əmin oldu ki, indi Azərbaycan idman gimnastikasında da yüksək zirvələr fəth etməyə qadirdir.

Yığma komandamızın lideri Oleq Stepko ona bəslənilən ümidləri bacarıqla doğrultdu. Ötən ilin yayında “Bakı-2015” birinci Avropa Oyunlarında böyük müvəffəqiyyətlə çıxış edərək beş dəfə fəxri kürsüyə yüksəlmiş Stepko üç alətdə çıxışlarını mükafatçılar sırasında başa vurdu. Azərbaycan gimnastı layiq görüldüyü bir dəst  medaldan ən qiymətlisini – qızıl mükafatı paralel qollarda qazandı. Stepko gümüş və bürünc medallara isə müvafiq surətdə dayaq tullanışlarında və həlqələrdə təmrinlərin icrasında sahib oldu.   Bununla da Avropa Oyunlarının beşqat mükafatçısı öz kolleksiyasına Dünya kuboku turnirinin üç medalını da əlavə etdi.

Azərbaycan komandası daha bir medalı isə qadınların yarışında qazandı. Mariya Nekrasova sərbəst hərəkətləri bürünc mükafat səviyyəsində yerinə yetirdi.

Bakıda Dünya kuboku yarışını gündən-günə yaxınlaşmaqda olan XXXI Yay Olimpiya Oyunları qarşısında ciddi sınaq və qüvvələrə baxış kimi də qiymətləndirmək olardı. İdman həvəskarlarımıza məlum olduğu kimi, Oleq Stepko artıq Rio-de-Janeyro-2016-ya lisenziyanı özünə təmin etmişdir. İndi onun bütün təlim-məşq prosesi Olimpiada startlarını da tam hazırlıqla qarşılamaq vəzifəsinin müvəffəqiyyətlə yerinə yetirilməsinə yönələcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında