Atlantadan Rioya aparan iyirmi il

Braziliyada XXXI Yay Olimpiya Oyunları müstəqil Azərbaycan komandası üçün altıncı Olimpiada olacaq

Növbəti,  XXXI  Yay  Olimpiya Oyunları  ili  olan  2016-cı  ilin  start ayı hiss olunmadan  ötüb  keçdi, elə fevral da getdikcə sürətini artırır.  İndi idman aləmini  dünya  atletlərinin  zirvə yarışından altı  aylıqdan da az  bir məsafə  ayırır. Rio-de-Janeyro Olimpiadasına qalan yarım il  də  gözümüzü  açıb-yummağa macal  tapmamış  başa  çatacaq  və  avqustun 5-dən planetin hər yerində nəzərlər  futbol əfsanələri  vətəninə  yönələcək.  Pele  və  onun  həmvətənləri  də  Braziliyanın  Olimpiya  oyunlarının  iştirakçı  və qonaqlarını  qəbul  edən  Cənubi Amerikanın  ilk   ölkəsi olmasından  qürur  duyacaqlar.

Olimpiya oyunları  adi  bir  yarış, ötəri  idman  hadisəsi  deyil,  əsl savaş,  son  dərəcə kəskin  rəqabət,  gərgin  mübarizə,  nəhayət, sınaq  və şöhrət meydanıdır. Bu meydanda  qazanılan  medallar  təkcə onların  sahiblərinə yox,  təmsil  etdikləri  ölkələrə  hədsiz  sevinc, böyük  beynəlxalq  nüfuz  gətirir.  Olimpiya  çempionlarının  adları dünya idmanı  tarixinə qızıldan da qızıl hərflərlə yazılır, onların portretləri şöhrət muzeylərini  bəzəyir  və dünya durduqca bu qəhrəmanlar minnətdarlıq hissi ilə xatırlanır. Şöhrətin  zirvəsinə  yüksələnlər, həqiqətən,  hər cür hörmət və  ehtirama  layiqdirlər.

Rio Olimpiadası Azərbaycan idmançıları üçün ikiqat  məsuliyyət tələb edən  xüsusi  bir Olimpiada  olacaq. Bu  il həmvətənlərimizin  müstəqil ölkənin  komandası kimi Olimpiya oyunlarında debütünün iyirminci ildönümüdür, 1996-cı il iyulun 19-da ABŞ-ın Atlanta şəhərindən başlanan yol 2016-cı il avqustun 21-də iyirmi  illiyini Rio-de-Janeyroda  başa  vuracaq.

Artıq  qət olunmuş  yolu əsl  zəfər  yolu,  Azərbaycan olimpiyaçılarının  böyük  qələbələr  yolu hesab  etməyə  tam əsasımız var.  Milli  komandamız bu ilin oktyabrında  təntənəli surətdə  qeyd  edəcəyimiz Azərbaycanın dövlət müstəqilliyinin 25-ci  ildönümünü  layiqli  töhfələrlə qarşılamaq, beş Olimpiadadan  vətənimizə gətirilmiş 26  medalın  sayını  artırmaq,  idman qənimətləri  xəzinəmizi  daha  da  zənginləşdirmək  arsuzu  ilə  yaşayır.

Hələlik  isə   Azərbaycan idmanının  ən yaxşı  nümayəndələri Rio – 2016-ya  mümkün  qədər  çox  lisenziya “axtarışındadırlar”. Onlar artıq qarşıdakı startlara 32 “bileti” ölkəmizə  təmin  etmişlər  və  Olimpiadayadək bu  rəqəmin ikiqat artacağını gözləmək olar. XXXI  Olimpiya  Oyunlarına  hazırlıq prosesinin  gedişində  və  qazanılacaq  növbəti lisenziyalar haqqında  qeydlərimizdə, Braziliyaya ezam ediləcək Azərbaycan  olimpiyaçıları haqqında  söhbətlərdə  növbəti Olimpiya  ümidlərimiz, onların plan  və  perspektivləri barədə  ətraflı  danışmaq üçün  hələ  vaxtımız  və imkanımız  olacaq.

Rio-de-Janeyroda Olimpiadanın  açılışına  beş  gün  qalmış  Azərbaycan Prezidenti  cənab İlham Əliyevin 1997-ci  il iyulun 31-də Milli Olimpiya  Komitəsinin  rəhbəri  seçilməsinin on doqquzuncu  ili  tamam olacaq. MOK  Prezidentinin  ölkə  Olimpiya hərəkatına  rəhbərliyinin  elə  ilk  günlərindən Azərbaycan  idmanının  sürətlə tərəqqi yoluna çıxması, yüksək nailiyyətlər  qazanması üçün gördüyü böyük  işlər,  həyata keçirilən  təxirəsalınmaz  tədbirlər, atletlərin  məşq  və yarışlarda iştirakı  üçün yaradılan gözəl şərait  artıq  illərdir ki, özünüzün  də  şahidi  olduğunuz  kimi, gözəl bəhrə  verir, Azərbaycanın  gündən-günə  çiçəklənən  və  möhkəmlənən  bir idman ölkəsi  kimi  beynəlxalq  nüfuzu  durmadan  artır.

Olimpiada – 2016  hazırda dövlətimizin  və  idmanımızın lideri  İlham Əliyevin  rəhbərliyi altında Azərbaycan  atletlərinin sayca beşinci Olimpiya oyunları  olacaq.  Müstəqil  Azərbaycan  komandasını özünün  ən  birinci Olimpiya oyunlarına  isə (1996-cı il,  Atlanta,  ABŞ) ulu öndər  Heydər Əliyev  yola  salmış  və Olimpiadadan  sonra  nümayəndə heyətimizin üzvlərini  böyük  razılıq hissi ilə qəbul etmişdi.

Okeanın o tayında sərbəst güləş  ustası  Namiq Abdullayevin  qazandığı  gümüş  medalın  sevinci ölkəmizdə yerə-göyə  sığmırdı.  Zarafat deyildi, Azərbaycan  müstəqil komanda şəklində  təmsil olunduğu elə ilk Olimpiya oyunlarında  medallarının  hesabını  açmış  və  qeyri-rəsmi  komanda hesabında 197 ölkə  arasında  bizim  üçün  qürurverici 61-ci yeri  tutmuşdu.  Azərbaycanlı Olimpiya  mükafatçısı bir çox ölkə  təmsilçilərinin birlikdə görə bilmədiyi  işin öhdəsindən  təkbaşına gəlmişdi!

Təsadüfi deyil ki,  Prezident  Heydər Əliyev  Namiq  Abdullayevin  gümüş  medalını  böyük  fəxrlə  qızıl  mükafata  bərabər tutmuşdu.

Dörd  ildən sonra  Sidneydə (Avstraliya)  keçirilən XXVII Yay  Olimpiya  Oyunları isə Azərbaycan güləş məktəbinin, bütövlükdə ölkə idmanının  ən  görkəmli  nümayəndələrindən biri N.Abdullayevin  heç vaxt  unudulmayacaq  daha  böyük  qəhrəmanlığı  ilə  əlamətdar oldu. Atlantada qazandığı gümüş  medala “Yaşıl qitə”də ən  yüksək  əyarlı  mükafat da  əlavə  edib  çempionluq  zirvəsini  fəth  edən  güləşçimiz artıq  Olimpiya oyunlarının  ikiqat  mükafatçısı  idi. Həm də o, olimpiadalarda  müstəqil  Azərbaycana iki  medalın sevincini  yaşatmış  ilk  idmançımızdır.

Olimpiya  çempionu  bu gün  də  güləş  məktəbimizin zəngin ənənələrinin  davam etdirilib, daha da  möhkəmləndirilməsi naminə öz sevimli  idman  növünə  sədaqətlə  xidmət edir, Milli Güləş  Federasiyasının  yeniyetmələr üzrə vitse-prezidenti  kimi davamçılarının  məsul  yarışlara,  ilk  növbədə isə  Rio Olimpiadasına  yüksək  səviyyədə  hazırlanması  işinə  zəngin  təcrübəsi ilə   əlindən gələn  köməyi  əsirgəmir.

Azərbaycan   Sidney — 2000-də   dünyanı təkcə  N.Abdullayevin çempion  medalı  ilə  heyrətləndirmədi.  Uzaq Avstraliyada  ölkəmizin dövlət himni  bir  daha  səsləndirildi. Bu dəfə stend atıcılığı  yarışlarında  Zemfira Meftahəddinovanın  qələbəsi şərəfinə. Zemfira fəxr edə bilər ki, o,  müstəqil  Azərbaycanın  Olimpiya  çempionu  adını  qazanmış  ilk qadın  idmançısıdır.  Bir  də ki N.Abdullayev  kimi olimpiadaların ikiqat  azərbaycanlı  mükafatçısıdır. Fərq yalnız  bundadır ki,  müstəqillik dövründə ölkəmizin  qadın  idmanında  ən yüksək  nailiyyətlərin  müəllifi  2004-cü ildə  Afinada  bürünc  medal qazanmışdır.

Hazırda isə  Z.Meftahəddinova ölkə  idmanına respublika  Daxili İşlər  Nazirliyinin İdman Cəmiyyətinin  sədri kimi  məsul  vəzifədə  xidmət edir.

Sidney Olimpiadası həm də yadımızda  rinqdə  qazanılmış  bir  bürünc  medalla  qalmışdır. İdmanın  yüksək  ustalıqla yanaşı,  həm də  fədakar  döyüşçü  bacarığı  tələb edən  çətin  bir növündə Azərbaycanın boks  ustalarının Olimpiya  mükafatlarının  hesabını  açmış  Vüqar Ələkbərov  da  idman  hərəkatımızın  məşhur  yetirmələrindəndir  və bu gün  müstəqil Azərbaycanın Olimpiya medallarından  birinin  sahibidir.

Sidneydən sonra dünya 2004-cü il Afina Olimpiadasına  hazırlığa  start verdi. Yunanıstanın baş  şəhərində XXVIII Olimpiya  startlarında  təmsilçilərimiz beş dəfə  fəxri  kürsüyə  dəvət olundular — 1 qızıl  və  4  bürünc  medal onların  idman  hünərinə görə  layiqli mükafat idi.

Afinada medal qazanan  Azərbaycan olimpiyaçıları  arasında baş  rolu  yunan-Roma güləşi  ustası  Fərid Mansurov  oynadı. Bütün  görüşlərdə  qələbə  nəhəng idman  sarayına  toplaşanları,  eləcə  də  Azərbaycanın hər yerində yüz minlərlə idman həvəskarını,  hətta belə  deyə bilərik ki,  bütün  xalqımızı teleekran  qarşısında  hədsiz  sevinclə, tarixi  qələbənin doğurduğu  qanuni  iftixar  və  əlbəttə ki,  bir də Fəridə dərin  minnətdarlıq hissi ilə  ayağa  qaldırdı.  Həmin gün  Azərbaycan güləş  məktəbi  öz  tarixinə daha  bir şərəfli  səhifə  yazdı. Bu  dəfə “klassik” güləşdə.

Hazırda Fərid də  idmanda  fəaliyyətini məsul  vəzifədə  davam etdirir.  Azərbaycan Güləş  Federasiyasının gənclər üzrə vitse-prezidenti F.Mansurovun  təmsilçilərimizin, xüsusən də  bu  növün  nümayəndələrinin Olimpiada  xalçası  üzərində  çıxışlarını  necə  böyük  həyəcanla gözlədiyini  təsəvvür etmək  çətin deyil.

Yunanıstan  paytaxında  Azərbaycan idmanı  nümayəndələrinə dörd  bürünc  medal da  təqdim olundu. Müasir  Olimpiya  oyunlarının  vətənindən  həmin medalları Afina  startlarından on bir il sonra, 2015-ci ildə tarixdə ilk  Avropa Oyunlarının  vətəni  kimi  özünə  layiqli  yer edən  Azərbaycana  Z.Meftahəddinova  ilə yanaşı, digər  qadın  olimpiyaçımız  güllə atıcısı İradə  Aşumova, boksçular  Ağası  Məmmədov  və  Fuad Aslanov gətirdilər.

Daha  dörd  il  sonra,  2008-ci ildə XXIX Yay  Olimpiya Oyunlarının  keçirildiyi  Pekində Azərbaycan  idmanının  beynəlxalq  nüfuzu  daha da artdı.  Çin  Xalq  Respublikasının  paytaxtında  nümayəndə heyətimiz  7  medalın-1  qızıl, 2  gümüş  və 4 bürünc  mükafatın  sevincini  yaşadı.

Olimpiya oyunlarının azərbaycanlı  qəhrəmanlarının  siyahısında  növbəti  çempion cüdoçu  Elnur Məmmədlidir. Pekində 73 kq  çəki  dərəcəsində sanki  gülə-gülə,  oynaya-oynaya  bütün  rəqibləri  üzərində  üstünlüyünü  inamla  sübuta  yetirib  tarixi  nailiyyətinə  zərrə  qədər də şübhə  yeri qoymayan  Məmmədli Olimpiya  fəxri kürsüsünün  birinci  pilləsinə  yüksəlməklə şöhrətin  də  zirvəsinə  ucaldı  və  bütün  cüdo aləmi ondan  danışmağa  başladı.

İndi  E.Məmmədli  Azərbaycan  cüdosunda  rəhbər  şəxslərdən  biri,  federasiyanın  vitse-prezidenti  kimi qarşıdakı  avqust  sınaqlarında  tatami  ustalarımızın ən  fəal  pərəstişkarlarından  biri olacaq.

Pekində  fərqlənib Azərbaycan  bayrağını  yüksəklərə  ucaltmış digər  altı  mükafatçımızı  da  xatırlayaq: gümüş  medalların  sahibləri,  yunan-Roma güləşçiləri  Rövşən  Bayramov, Vitali  Rəhimov, bürünc  mükafatçılar,  sərbəst  güləşənlər  Xetaq Qazyumov,  Mariya Stadnik,  Şahin  İmranov (boks),  Mövlud  Mirəliyev (cüdo).

Bu altı  qardaş  və bir  bacının  birgə  səylə  qazandıqları 7  medal Azərbaycan  komandasını  mükafatçı ölkələrin  siyahısında 204 dövlət arasında 39-cu yerə  çıxardı. Bu  isə o deməkdir ki, nə az,  nə də çox — 165 ölkə  bizdən geri  qalmışdı.

Əgər  Atlantadan  başlayaraq Pekinədək Azərbaycan  idmançıları Olimpiadadan Olimpiadaya  öz  mükafatlarının  sayını iki-iki artırmışdılarsa, işlərin  bu qaydada  davam edəcəyi təqdirdə London — 2012-dən  doqquz  medal  gözləməli idik. Lakin  İngiltərə  paytaxtında  olimpiyaçılarımız  daha  yüksəyə  tullandılar,  daha  uzağa  getdilər: 10  medal — 2 qızıl, 2  gümüş, 6  bürünc  mükafat!

Güləşçilər Londonda Atlanta, Sidney, Afina  və Pekindəkindən də  uğurla  çıxış edib 7  medal  qazandılar.  Olimpiya  çempionları  “sərbəstlər” Toğrul  Əsgərovla  Şərif  Şərifovu, gümüş  mükafatçılar, yunan-Roma  güləşçisi  Rövşən  Bayramov,  qadın  güləşimizin  bir  nömrəsi Mariya Stadnik, bürünc  medalçılar  Emin  Əhmədov (yunan-Roma), Yuliya Ratkeviç  və Xetaq  Qazyumovu (sərbəst  güləş) fəxri  kürsüdə görəndə  ürəyimiz  dağa  döndü.  Dəri  əlcək  ustaları Teymur  Məmmədovla  Məhəmmədrəsul Məcidovun  Azərbaycan boksçularının  Olimpiya rinqində  bürünc  medallarının sayını (Sidneydən Londonadək) 6-ya çatdırmaları  da  mütəxəssislərimizin  bü növün  inkişafında  düzgün  istiqamətdə  olduqlarını  bir  daha təsdiq  etdi.  Ağırlıqqaldıran  Valentin Xristovun “bürünc”  müvəffəqiyyəti də  unudulmayıb.

Azərbaycanın 204 ölkə  olimpiyaçılarının on yeddi gün  davam edən  kəskin  rəqabətində ümumkomanda hesabında 30-cu  pilləyə  yüksəlməsi  və olimpiadalarda  iştirakımız  tarixində ən yaxşı  nəticə  göstərməsi,  təbii ki,  dünyanın  diqqətini  cəlb etdi, ölkəmizin  əsl  idman  dövlətinə  çevrilməsi  bir  daha bütün planetdə  yekdilliklə  etiraf olundu.

Dünyanın  hər yerində  XXXI Yay  Olimpiya Oyunlarına  hazırlıq  və  lisenziyalar uğrunda  mübarizə həlledici  mərhələyə  qədəm qoymuşdur. Qarşıdakı Oyunlar  Azərbaycan  üçün  bir  də onunla  əlamətdar olacaq ki, Rioda  yarışlar  nümayəndə heyətimizin  müstəqil  komanda  kimi  meydana  çıxacağı  sayca  altıncı  Olimpiada  olacaq. Atlanta, Sidney, Afina,  Pekin  və Londonda  idmançılarımıza  təqdim olunmuş 26  medal  Azərbaycanın  əbədi  sərvətidir. Braziliyada  bu  sərvəti  artırmaq isə  indiki  olimpiyaçıların  şərəf  işi olacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında