“Azərbaycanı fəxrlə təmsil edəcəyəm”

Ötən il dekabrın sonunda peşəkar idman aləmində maraqla qarşılanmış bir hadisə hələ də xatirələrdə təzədir – Çeçenistanın paytaxtı Qroznının “Kolizey” İdman Sarayında qarışıq döyüş növləri üzrə “Qroznaya Bitva-13" beynəlxalq turnir keçirilmiş və bu yarışın baş qəhrəmanı azərbaycanlı kikboksinq ustası Zabit Səmədov olmuşdur. Biz bir daha həmin yarış üzərinə qayıdıb müxtəlif saytların köməyi ilə Z.Səmədovun qələbəsi haqqında ətraflı danışmaq və onu qəzetimizin oxucuları ilə yaxından tanış etmək istəyirik.

Yuxarıda xatırlatdığımız turnirdən bir qədər əvvəl, oktyabrın 16-da belə bir xəbər yayılmışdı ki, Çeçenistan rəhbəri Ramzan Kadırov Azərbaycan mənşəli K-1 döyüşçüsü Zabit Səmədovla müqavilə bağlayıb. Həmin muqaviləyə əsasən, dəfələrlə dünya və Avropa çempionu, dünyanın əfsanəvi döyüşçülərindən biri beynəlxalq turnirlərdə Qroznının “Axmat” klubunu təmsil edəcək. Otuz bir yaşlı idmançı ilə müqaviləni klubun prezidenti Abuzayd Vismuratov imzalayıb.

“Mauqli” ləqəbli Səmədovun iştirakı ilə ilk döyüş dekabrın axırlarına planlaşdırılıb. Çeçenistan rəhbəri əmin olduğunu bildirib ki, Z.Səmədovun gözəl qələbələri kluba şan-şöhrət gətirəcək.

O qeyd edib ki, “Mauqli” və məşqçilərin iştirakı ilə məşqlər keçirilir. Dörd raunddan ibarət sınaq döyüşləri başa çatdıqdan sonra R.Kadırov bu qənaətə gəlib ki, azərbaycanlı idmançının çevik reaksiyası onun müdafiədə özünü inamlı hiss etdiyini güman etməyə əsas verir.

Z.Səmədov da öz növbəsində bildirmişdi ki, o, bir peşəkar idmançı kimi Azərbaycanı xaricdə təmsil etdiyinə görə iftixar hissi keçirir. Bundan əlavə, o, öz ölkəsinin klublarından birində çıxış etmək arzusunda olduğunu ifadə etmişdir: “Əvvəllər mən döyüşlərdə Belarus klubunun üzvü kimi çıxış edirdim. Bundan sonra “Axmat” klubu heyətində mübarizə aparacağam. Təbii ki, gələcəkdə Azərbaycan klublarında çıxış etmək istərdim. Lakin mən harada oluramsa-olum, Azərbaycanı fəxrlə təmsil edəcəyəm. ”

Qarşıda isə “Axmat” klubunun nümayəndəsi, “Mauqli” ləqəbli  Zabit Səmədovla Polşa mənşəli avstraliyalı döyüşçü, “Jalo” ləqəbli Pol Slavinski ilə döyüş dururdu.

Həmin görüş ərəfəsində Çeçenistan rəhbəri öz instagram səhifəsində iki köhnə rəqibin əvəzçıxma döyüşünü peşəkar idman aləmində böyük hadisə adlandıraraq bildirmişdi ki, 2015-ci il dekabrın 26-da Çeçenistan və bütün Rusiya sakinləri gözəl yeni il hədiyyəsi alacaqlar – əzəmətli “Kolizey” İdman Sarayında  qarışıq döyüş növü üzrə “Qroznaya Bitva-13" beynəlxalq turniri keçiriləcək. Gecənin gedişində  beş döyüş planlaşdırılıb: yeddisi MMA versiyası, üçü K-1 versiyası üzrə. Gecənin əsas görüşü isə əfsanəvi döyüşçü, dəfələrlə dünya, Avropa çempionu, müxtəlif “Qran-pri”lərin sahibi , “Axmat” klubunun nümayəndəsi Zabit Səmədovla Polşa mənşəli avstraliyalı döyüşçü Pol Slavinski arasında görüş olacaq.

R.Kadırov həmçinin bunları qeyd etmişdi: – Səmədovun rəqibi çox layiqli döyüşçüdür. O da dəfələrlə dünya çempionu olub. Mənim əziz dostum, qardaşım Zabit Səmədov “Mauqli” çox iradəli, məqsədyönlü və qorxmaz döyüşçüdür. Ən başlıcası isə mahir strateq və taktikdir, birinci dəqiqədən sonuncu dəqiqəyədək döyüşü düzgün planlaşdırmağı bacarır, əsas zərbəni məhz nə vaxt endirmək lazım olduğunu bilir. Mən əminəm ki, o, milyonlarla pərəstişkara gözəl qələbə bəxş edəcək”.

Göründüyü kimi, qarşıda çox maraqlı və gərgin mübarizə vəd edən döyüş dururdu. Həmin görüş dekabrın 26-da baş tutmuş və ertəsi gün KİV-lər yenidən bu barədə yazmışlar.

Bildirilmişdir ki, Zabit Səmədov Pol Slavinskiyə qalib gələrək səkkiz il əvvəlki məğlubiyyətin əvəzini çıxmışdır. Zabit üç raunddan ibarət döyüşün gedişində rəqibini üç dəfə noqdauna salmış, amma iş nokauta gəlib çatmamışdır. Nəticədə azərbaycanlı K-1 döyüşçüsü hakimlərin yekdil rəyinə görə qələbə qazanmışdır.

Bununla da Zabit Səmədov Pol Slavinski ilə əvvəlki görüşdəki məğlubiyyətin əvəzini çıxıb. O, 2007-ci ildə Amsterdamda keçirilən görüşdə Slavinskiyə uduzmuşdu. Həmin uğursuzluq Zabitin peşəkar kikboksçu karyerasında onun doqquz məğlubiyyətindən biridir. Bu karyerada Azərbaycan idmançısının hesabında 86 döyüş var.

Görüşdən sonra Zabiti rinqdə təbrik edənlərdən biri də Ramzan Kadırov olub. O, dünya çempionu üzərində qələbə münasibətilə Səmədova “Mersedes” avtomobili hədiyyə edib. 

Dünya şöhrətli Hollivud aktyoru Jan-Klod Van Damm da azərbaycanlı Zabit Səmədovu təbrik edib. O, “Kolizey”də Pol Slavinskini məğlub etdiyinə görə  Səmədova təbrik görüntüsü göndərib.

Zabit özü bu barədə deyib ki, mənim üçün ən önəmlisi uşaqlıqdan izlədiyim, filmlərinə baxa-baxa məşq etdiyim Van Dammın təbriki oldu. O, məni Los-Ancelesə dəvət edib birlikdə məşq keçirməyi təklif etdi. Bildirdi ki, döyüşlərimi izləyir.

Z. Səmədov haqqında daha nə demək olar?  O, 1984-cü il iyunun 21-də Gürcüstanın Qardabani rayonunun Candar kəndində azərbaycanlı ailədə anadan olub. On yaşında ikən Minskə köçüb. 1998-ci ildən məşqləri Belarus paytaxtındakı “Çinuk” klubunda davam etdirib. O, həvəskar karyerasında bir neçə dəfə dünya və Avropa çempionu olub, sonralar peşəkar döyüşə keçib. Müxtəlif illərdə Fransa, ABŞ, Hollandiya, Polşa və s. ölkələrdə uğurla çıxış edib.

Müsahibələrindən birində dediyinə görə, idmana gəlişində Van Dammın filmlərinin böyük rolu olub. Ləqəbi “Mauqli”yə gəldikdə, deyir ki, mən Belarusda çıxış edəndə yerli mətbuat çox vaxt “Mauqli” Zabit" yazırdı. Şəxsi məşqçim də tez-tez bu addan danışırdı. “Mauqli” deməklə onlar cəldliyimi və sürətimi nəzərdə tuturdular. Sonralar hər zaman “Mauqli ” Zabit Səmədov yazıldı və mən bunu normal qarşılayıram.

...K-1 qaydasız döyüş növü üzrə dünya çempionu Zabit Səmədov cəsarətli döyüşü və yüksək ustalığı sayəsində bir çox zirvələr fəth etmiş, peşəkarlar idmanında böyük nailiyyətlər qazanmışdır. Bu isə onun pərəstişkarlarının qəlbində daim xoş hisslər oyadır.

Oqtay BAYRAMOV,
Əfsanə BAYRAMQIZI,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında