Azərbaycanın paralimpiya həqiqətləri

İdeal şərait, fədakar insanlar və gündən-günə artan beynəlxalq nüfuz

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 fevral 2016-cı il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılmasının 20 illik yubileyi münasibətilə və Azərbaycanda paralimpiya hərəkatının inkişafında xidmətlərinə görə bir qrup şəxs vətənimizin yüksək mükafatları ilə təltif olunmuşdur.

Ölkəmizdə Milli Paralimpiya Komitəsi 1996-cı il fevralın 9-da yaradılmışdır. Elə həmin ilin yayında Azərbaycan ABŞ-ın Atlanta şəhərində keçirilmiş X Yay Paralimpiya Oyunlarında iki idmançı ilə təmsil olunmuşdur. Artıq dörd ildən sonra Azərbaycan paralimpiyaçıları Sidneydə (Avstraliya) təşkil edilən XI Paralimpiada startlarında medallarının hesabını açmışlar. Yelena Taranova güllə atıcılığı yarışlarında gümüş mükafatçı olmuş və onun bu uğuru sayəsində yığma komandamız neçə-neçə ölkəni qabaqlayaraq ümumi hesabda 60-cı yeri tutmuşdur.

 Azərbaycan Prezidenti Heydər Əliyev nümayəndə heyətimiz Sidneydən qayıtdıqdan sonra Oyunlarda iştirak etmiş paralimpiyaçılarla görüşdəki çıxışında onların uğurlarını yüksək qiymətləndirmişdi: “Azərbaycanda idman sürətlə inkişaf edir. Fiziki cəhətdən çatışmazlığı, qüsuru olan insanların idmanla məşğul olması və idman yarışlarında belə yüksək nailiyyətlər əldə etməsi çox təqdirəlayiq, sevindirici bir haldır. Bu, bir tərəfdən sizin nə qədər iradəli olduğunuzu, digər tərəfdən fiziki çatışmazlığınıza baxmayaraq, həm öz səhhətinizi daha da möhkəmləndirmək, həm də cəmiyyətdə öz fəaliyyətinizi göstərmək üçün nə qədər əzmkar olduğunuzu göstərir. Bu, yüksək qiymətə layiqdir. Hesab edirəm ki, biz sizin bu fəaliyyətinizi yüksək qiymətləndirməliyik...”

Həqiqədən, paralimpiyaçıların hər biri möhkəm iradəli, əzmkar və cəsur insandır. Bu idmançılar gündəlik məşqlərdə qüvvələrinə heyfsilənmir, nə qədər çətin olsa da öz idman hazırlıqlarını böyük qələbələrin tələb etdiyi səviyyəyə çatdırmağı, qalib gəlib fəxri kürsüyə yüksəlməyi bacarırlar.

Bunu Afina — 2004-də göstərilən nəticələr də təsdiq etdi. Yunanıstan paytaxtında Azərbaycan paralimpiyaçılar komandasının birdən-birə dörd üzvü medal sevinci yaşamışdır. Özü də təmsilçilərimizdən ikisi çempion zirvəsinə yüksəlmişdir. Cüdoçu İlham Zəkiyev və uzununa tullanma yarışlarında Oleq Panyutin qızıl medal qazanmışlar. Zeyniddin Bilalov üç təkanla tullanmaqda gümüş, Yelena Taranova güllə atıcılığında bürünc mükafatçı olmuşlar.

Əlbəttə, 2 qızıl, 1 gümüş və 1 bürünc medal, ümumkomanda hesabında isə 45-ci yer Azərbaycan yığmasının böyük uğuru idi.

Paralimpiyaçılar komandamız bu yarışlarda çıxışlarının bütün tarixi ərzində ən böyük müvəffəqiyyətə dörd il əvvəl Londonda keçirilmiş XIV Paralimpiya Oyunlarında nail olmuşdur. İngiltərə paytaxtında altı növdə 21 idmançı ilə təmsil olunan həmvətənlərimiz 4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanmış və Azərbaycan 164 ölkə arasında 27-ci yeri tutmuşdur. Belə nəticəyə çoxları həsəd apara bilərlər.

London startlarında Natali Pronina isə qazandığı medalların sayına görə rekord müəyyən etmişdir. O müxtəlif üsullarla müxtəlif məsafələrə üzgüçülük yarışlaında nə az, nə də çox — 1 qızıl və 4 gümüş mükafata layiq görülmüşdür. Tarixi nailiyyətdir!

Qazanılmış bütün uğurlar dövlətimizin paralimiyaçılara daimi qayğı və diqqəti, məşqlər üçün yaradılmış ideal şərait sayəsində mümkün olmuşdur. Onların ixtiyarında gözəl idman qurğuları, xüsusən də 2008-ci ildə Sumqayıt şəhərində inşa edilmiş, açılış mərasimində dövlət başçımız cənab İlham Əliyevin və Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın da iştirak etdikləri Paralimpiya İdman Kompleksi kimi müasir baza vardır.

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreven də bu günlərdə Azərbaycan Milli Paralimpiya Komitəsinin 20 illik yubileyi münasibətilə komitənin rəhbərliyinə ünvanladığı təbrik məktubunda ölkəmizdə paralimpiya hərəkatının inkişafını yüksək dəyərləndirmişdir: “Son 20 ildə paralimpiya idmanının vüsətli inkişafı hər birimiz üçün ilham mənbəyinə çevrilib. Azərbycanın bu sahədə əldə etdiyi uğurlar həm də dövlətin əlillər qarşısında üzərinə götürdüyü öhdəliklərin nəticəsidir”.

Azərbaycan Paralimpiya Komitəsinin idmançıları bütün əvvəlki illər kimi, 2015-ci ili də yüksək nəticələrlə başa vuraraq 79 medal — 32 qızıl, 28 gümüş və 19 bürünc mükafat qazanmışlar. Komitənin prezidenti İlqar Rəhimov ötən ilin yekunlarına həsr olunan tədbirdəki çıxışında bildirmişdir ki, il uğurlu olub və mən nəticələrdən razıyam. Azərbaycan paralimpiyaçıları əla çıxış ediblər. Cüdoçuları xüsusi qeyd etmək olar. Onlar Avropa Oyunlarında paralimpiyaçıları layiqincə təmsil ediblər. İlham Zəkiyev çempion olub. Biz Rio — 2016-da qızıl medallara görə öz rekordumuzu təzələmək istəyirik. Londonda 4 qızıl mükafat qazanmışıq, Rio-de -Janeyroda isə onların sayını 5-6-ya çatdırmağa çalışacağıq.

Güman etmək olar ki, paralimpiyaçılarımız bu vəzifənin də öhdəsindən layiqincə gələcəklər. İndi onların bütün səyləri, gərgin təlim-məşq prosesi XV Yay Paralimpiya Oyunlarını tam hazırlıqla qarşılamağa, medalların istər keyfiyyətinə, istərsə də sayına görə Rioda Londondakından da yüksək nəticə göstərməyə yönəlmişdir.

Onu da qeyd edək ki, Azərbaycan artıq paralimpiyaçıların Braziliya startlarına 14 lisenziyanı özünə təmin etmişdir. Onları cüdoçular Ramin İbrahimov (60 kq), Bayram Mustafayev (66 kq), Ramil Qasımov (73 kq), Rövşən Səfərov (81 kq), Kənan Abdulxanlı (100 kq), İlham Zəkiyev (100 kq-dan yuxarı), Səbinə Abdullayeva (57 kq), üzgüçülər Dmitri Saley, Roman Saley, habelə Elşən Hüseynov (pauerliftinq), Kamil Əliyev, Elçin Muradov, İradə Əliyeva və Yelena Çebanu (hamısı atletika) qazanmışlar. Oyunlara qalan yarım il ərzində Paralimpiadaya gedəcək idmançılarımızın sıraları, şübhəsiz, daha da genişlənəcək. Lisenziya xarakterli yarışlar hələ davam edir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında