İdman xəbərləri

Liderlərin növbəti qələbələri
Qadın voleybol komandaları arasında Bakı beynəlxalq turnirinin liderləri Azərbaycanın "Azərreyl" və Rusiyanın "Uraloçka" klubları üçüncü turda üçüncü qələbələrini qazanaraq yarış cədvəlinin ilk iki pilləsində öz mövqelərini bir qədər də möhkəmləndirmişlər.
"Azərreyl" voleybolçuları növbəti müvəffəqiyyətə paytaxtımızın digər komandası "Lokomotiv"lə görüşdə nail olmuşlar - 3:0. "Uraloçka" da öz növbəsində "Zareçye Odintsovo"nu (Rusiya) həmin hesabla məğlubiyyətə uğratmışdır. Üçüncü turun daha bir oyununda "Rabitə" (Azərbaycan) "Qalatasaray"a (Türkiyə) qalib gəlmişdir - 3:1.
Üç turdan sonra "Azərreyl" və "Uraloçka" itkisiz irəliləyirlər. Dünən turnirdə istirahət günü idi. Son iki turun görüşləri bu gün və sabah keçiriləcəkdir.{nl}

Eltac beynəlxalq turnirin qalibi oldu
Azərbaycan şahmatçısı Eltac Səfərli Sankt-Peterburqun "Moskva" mehmanxanasında keçirilən və Mixail Çiqorinin xatirəsinə həsr edilən beynəlxalq turnirin səkkizinci turunda rusiyalı Dmitri Andreykinə qarşı qaralarla oynadığı görüşü heç-heçə başa çatdıraraq baş mükafata bir qədər də yaxınlaşmışdır.
Səkkiz turdan sonra qrossmeysterimizin 7 xalı vardır. İkinci-yeddinci yerləri bölüşdürən İvan Sokolov (Bosniya və Herseqovina), Aleksandr Areşçenko (Ukrayna), rusiyalılar Konstantin Sakayev, Vladimir Fedoseyev, Dmitri Andreykin və Aleksey Dreyev liderdən yarım xal geri qalırlar.
Dünən axşam keçirilən sonuncu, doqquzuncu turda Səfərli ağlarla Areşçenko ilə görüşmüş və oyun heç-heçə başa çatmışdır. Beləliklə, Eltac Səfərli yekunda 7,5 xalla turnirin qalibi olmuşdur.

{nl}

Tunisdə güləşəcəklər
Bu gün Tunisdə güləş üzrə beynəlxalq turnirə start veriləcəkdir. Yarışın mükafatları uğrunda Azərbaycan yığma komandalarının üzvləri də mübarizə aparacaqlar.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin bu barədə yaydığı xəbərdə həmçinin bildirilir ki, yunan-Roma üsulu ilə güləşənlərin turnirində ölkəmizi Rövşən Bayramov (60 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (74 kq), "sərbəstlərin" yarışında Cəlal Süleymanov (60 kq), Elmir Qəmbərov (66 kq) və Emin Əzizov (74 kq) təmsil edəcəklər. Qadın güləşçilərin turnirində isə beş idmançımız xalça üzərinə çıxacaq.

{nl}

Rəşid Məmmədbəyov unudulmayıb
Dünən "Sərhədçi" İdman-Olimpiya mərkəzində başlanmış respublika turniri Olimpiya oyunlarının ilk azərbaycanlı mükafatçısı, 1952-ci ildə Helsinkidə keçirilmiş XV Olimpiadanın gümüş medalçısı, ölkəmizin güləş məktəbinin ən məşhur yetirmələrindən biri Rəşid Məmmədbəyovun xatirəsinə həsr edilmişdir.
Güləşin hər üç növü üzrə keçirilən bu yarışda yeniyetmələr və gənclər qüvvələrini sınayırlar. Birinci olaraq sərbəst güləşənlər ən güclüləri müəyyənləşdirəcəklər. Sonra xalça üzərində onları qızlar əvəz edəcəklər. Respublika turnirinə yunan-Roma üsulu ilə güləşənlərin görüşləri ilə yekun vurulacaqdır. Yarışda fərqlənənlər Azərbaycan yığma komandalarına cəlb olunacaqlar.

{nl}

"Beşiktaş"ın yeddinci xalı
UEFA Avropa Liqasında qrup mərhələsinin dördüncü turunun oyunları keçirilmişdir. "L" qrupunda çıxış edən Türkiyənin "Beşiktaş" klubu rəqib meydanında qrupun lideri Portuqaliyanın "Portu" klubu ilə görüşmüşdür. Gərgin mübarizə şəraitində davam edən oyunda heç-heçə qeydə alınmış (1:1) və komandalar hərəyə bir xal qazanmışlar. Qrupda keçirilən digər görüşdə "Rapid" (Avstriya) ÇSKA-ya (Bolqarıstan) uduzmuşdur - 1:2.
Dörd turdan sonra turnir cədvəlinə 10 xala malik "Portu" başçılıq edir. Onun ən yaxın izləyicisi "Beşiktaş"ın 7 xalı vardır. Avstriya və Bolqarıstan klubları hərəyə 3 xal toplamışlar.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında