Leyla CAVADOVA: Ölkəmizdə idmana qayğıya cavab olaraq daha böyük uğurlar qazanacağıq

Azərbaycan idmanı son illərdə sürətlə inkişaf edir. Dövlətimizin yaratdığı şərait nəticəsində idmançılarımız beynəlxalq arenalarda üçrəngli bayrağımızı dalğalandırırlar. Məhz böyük diqqət və qayğının nəticəsidir ki, bu gün Azərbaycan idman ölkəsi kimi tanınır və qəbul edilir. Müsahibim Leyla Cavadova da Azərbaycan idmanının uğurları üçün çalışan gənc boksçu xanımlarımızdan biridir. Yaşının az olmasına baxmayaraq, karyerasında müəyyən uğurlara imza atmağı bacaran L.Cavadova Azərbaycan idmançıları üçün yaradılmış şəraitdən, gənclərin sabaha olan inamından  danışdı, Vətənin inkişafında və çiçəklənməsində üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə hazır olduğunu bildirdi.

1993-cü il fevralın 19-da Rusiya Federasiyasının İrkutsk vilayətində anadan olan Leyla Cavadova 8 yaşından boksla məşğul olmağa başlamışdır. 2012-ci ildə Azərbaycana gələn gənc idmançı “Dinamo” Cəmiyyətində məşğələlərini davam etdirmişdir. Çalışqan və mübariz ruhlu Leyla qısa zamanda boks sahəsində uğurlar qazanmağa can atmışdır. Həmin il qızlar arasında keçirilən Avropa birinciliyində ikinci yeri tutmağı bacaran Leyla 2013-cü ildə ustalığını artırmaq məqsədilə Azərbaycanın Əməkdar məşqçisi Çingiz Pirverdiyevin rəhbərlik etdiyi “Sərhədçi” İdman Olimpiya Mərkəzində yerləşən boks bölməsinə qəbul olunmuşdur. 2014-cü ildə Rumıniyada keçirilən Avropa çempionatında bürünc medal qazanan gənc boksçumuz Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Milli Olimpiya Komitəsi və Azərbaycan Boks Federasiyası tərəfindən də diplom və mükafatlarla  təltif edilmişdir. Dövlətin müvafiq strukturları tərəfindən göstərilən diqqət  və qayğını yüksək qiymətləndirən Leyla Cavadova söhbət zamanı bildirdi ki, ona olan etimadı doğrultmaq üçün səylə çalışacaq və Azərbaycan bayrağının beynəlxalq arenalarda dalğalanması üçün bütün gücünü səfərbər edəcəkdir.

Leyla xanım hazırda 2016-cı ildə qadınlar arasında Qazaxıstanda keçiriləcək Dünya çempionatına ciddi hazırlaşır. Bəşəriyyətin ən möhtəşəm və mötəbər yarışı olan XXXI Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün Qazaxıstan səfərindən yüksək nəticə ilə dönmək lazımdır. Bunun üçün gənc bokçumuz məşqçi heyətilə birlikdə səylə çalışır və Rio-de-Janeyroda keçiriləcək Olimpiya Oyunlarında Azərbaycanın daha çox idmançı ilə təmsil olunmasında öz töhfəsini verəcəyinə ümid edir.

Leyla Cavadova 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarının idmanın bütün növlərinin inkişafına güclü təkan verdiyini vurğuladı və əlavə etdi ki, respublikamızın idman ölkəsi kimi statusunun daha da güclənməsində Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva misilsiz rol oynamışlar. Xanım boksçumuz bu günlərdə Azərbaycanın birinci xanım, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Avropa Olimpiya Komitələrinin ali ordeni ilə təltif olunmasından bir idmançı kimi böyük qürur duyduqlarını vurğuladı və inkişaf edən Azərbaycan idmanına verilən bu yüksək qiymətin onlar üçün də böyük əhəmiyyət kəsb etdiyini açıqladı. Mehriban xanım Əliyevanı bu ali mükafat münasibətilə səmimi qəlbdən təbrik edən Leyla Cavadova Azərbaycan idmanının bundan sonra da inkişaf etməsi üçün gənclərin daha da fəal olacaqlarına əminliyini bildirdi.

Rahidə RƏHİMLİ,
jurnalist


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında