“Xuventud Rebelde”: Rüstəm Orucov reytinqinə layiq nəticə göstərdi

Azərbaycan cüdoçuları ötən bazar günü Kubanın paytaxtı Havanada başa çatmış “Qran-pri” turnirindən vətənə 3 medal-1qızıl və 2 bürünc mükafatla qayıdırlar.

Komandamızda ən böyük müvəffəqiyyətə 73 kq çəki dərəcəsində dünya reytinq cədvəlinin lideri Rüstəm Orucov nail olmuşdur. Keçirdiyi bütün görüşlərdə çernoqoriyalı Nikola Qusiçi, italyan Enriko Parlatinini, qanalı Emmanuel Narteyi, yarımfinalda Monqolustan cüdoçusu Odbayar Qanbatarı , finalda isə Birləşmiş Ərəb Əmirlikləri təmsilçisi Viktor Skvortsovu məğlubiyyətə uğradan azərbaycanlı tatami ustası Olimpiya ilinə mötəbər turnirdə qızıl medalla başlamışdır.

Yeri gəlmişkən, Kubanın “Xuventud Rebelde” qəzeti də yarış haqqında hesabatında Orucovun qələbəsini yüksək qiymətləndirərək Rüstəmin öz reytinqinə layiq nəticə göstərdiyini qeyd etmişdir.

Bürünc mükafatlara gəldikdə, onlardan birini yarışın açılışı günü Orxan Səfərovun (60 kq) qazanması haqqında məlumat vermişdik. Daha bir bürünc medala isə “Qran-pri”nin finişində Elxan Məmmədov (100 kq) sahib olmuşdur.

 

Qrossmeysterlərin turnirində

 

Hollandiyanın Veyk-an-Zee şəhərində davam edən “Tata Steel Chess” beynəlxalq şahmat festivalının “A” turnirində azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov növbəti iki görüşdə Hou İfana (Çin) qalib gəlmiş və ABŞ təmsilçisi Uesli Co ilə heç-heçə oynamışdır.

Səkkiz turdan sonra hesabında 4 xal olan şahmatçımız çexiyalı David Navara, çinli İ.Vey, rusiyalı Sergey Karyakin və ukraynalı Pavel Elyanov ilə 6-10-cu yerləri bölüşdürür. Turnir cədvəlində liderlik edən dünya çempionu Maqnus Karlsen (Norveç) və onun ən yaxın izləyicisi Fabiano Karuana (İtaliya) müvafiq surətdə 5,5 və 5 xal toplamışlar.

Dünən turnirdə istirahət günü idi. Bu gün keçiriləcək doqquzuncu turda Məmmədyarov çinli qrossmeyster Din Lijen ilə görüşəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında