İdman

Azərbaycan taekvondoçularının
daha  üç lisenziya sevinci

 

Taekvondo ustalarımız avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına maksimum miqdarda-dörd vəsiqə qazanmaq vəzifəsinin müvəffəqiyyətlə yerinə yetirmişlər. Bu, ötən bazar günü İstanbulda başa çatmış liseniziya xarakterli beynəlxalq turnirdən sonra məlum olmuşdur.

Türkiyəyə səfər ərəfəsində komandamızın hesabında dünya və Avropa çempionu, birinci Avropa Oyunlarının qalibi Radik İsayevin (80 kq-dan yuxarı çəki dərəcəsi) yüksək reytinqi sayəsində ölkəmizə təmin etdiyi bir Olimpiya “bileti” var idisə, İstanbulda mübarizəyə qoşulan hər üç idmançımız onunla birlikdə Braziliyaya səfərə çıxmağa layiq olduğunu inamla sübuta yetirmişdir.

Bu  turnirdə hər çəki dərəcəsində finalçılar Olimpiadaya vəsiqə qazanırdılar. Azərbaycan taekvondoçuları finala çıxmaqla əsas vəzifəni yerinə yetirsələr də bununla kifayətlənməyib qızıl mükafatçı olmağı da bacarmışlar. Fəridə Əzizova (67 kq), Patimat Abakarova (49 kq) və Milad Beiqi Hərçəqani (80 kq) ilk görüşlərdən son döyüşədək bütün rəqiblərinə qalib gələrək həm çempionluq, həm də lisenziya sevinci yaşamışlar.

Fəxri kürsünün zirvəsinə aparan yolda Əzizova Makedoniya, Ukrayna, Sloveniya və Almaniya təmsilçilərini məğlubiyyətə uğratmış, Abakarova Hollandiya, Yunanıstan, Ukrayna və Serbiya idmançılarına qalib gəlmiş, Hərçəqani isə Latviya, Ermənistan, Türkiyə və Polşa taekvondoçuları üzərində bir-birindən inamlı qələbələr qazanmışdır (müvafiq surətdə 16:0, 11:1,10:1,14:2 hesabı ilə).

Dayanq ustalarımızın İstanbul turnirində belə böyük uğuru onların Olimpiya oyunlarında da medallara əsas namizədlərdən olacaqlarına inamı daha da artırır. İndi başlıca vəzifə Olimpiadaya qalan təxminən yarım il ərzində ustalığı ən mükəmməl səviyyəyə çatdırıb Rio startlarını tam hazırlıqla qarşılamaqdır.

Onu da qeyd edək ki, Olimpiadada cəmi 128 taekvondoçu-64 kişi və bir o qədər də qadın idmançı çıxış edəcək. Hər ölkə Oyunlara maksimum dörd çəki dərəcəsində iştirakçı çıxara bilər (iki kişi və iki qadın).

 

Eltac Səfərli: startda
qələbə və heç-heçə

 

Hollandiyanın Veyk-an-Zee şəhərində 14 məşhur qrossmeysterin iştirakı ilə keçirilən ənənəvi “Tata Steel Chess” turnirinin start görüşləri artıq arxada qalmışdır. Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov ilk iki oyunda Lük van Veli (Hollandiya) və Yevgeni Tomaşevski (Rusiya) ilə heç-heçəyə razılaşmışdır.

İki turdan sonra turnir cədvəlinə hərəyə 1,5 xala malik ABŞ təmsilçiləri Fabiano Karuana, Uesli So və çinli Din Lijen başçılıq edirlər. Səkkiz iştirakçı, o cümlədən Məmmədyarov liderlər üçlüyündən bir xal geri qalır. Dünən axşam keçirilmiş üçüncü turda qrossmeysterimiz ukraynalı Pavel Elyanov ilə görüşmüşdür.

Bu yarışla eyni vaxtda elə həmin şəhərdə təşkil olunmuş “Tata Steel Çallengers” turnirində isə Azərbaycanı Eltac Səfərli və Nicat Abbasov təmsil edirlər.

İlk turlarda Səfərli ABŞ şahmatçısı Samuel Sevyana qalib gəlmiş, birinci raundda hindistanlı Başkaran Adxibana uduzan Abbasovla heç-heçə oynamış və 1,5 xalla liderlər qrupuna daxil olmuşdur.

Bu turnirdə də üçüncü turun görüşləri dünən oynanılmışdır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında