Şriftin ölçüsü:
04.11.2010 07:15 | Oxunma sayı: 572
Böyük qələbələrə ümidi artıran xoş yenilik
Əgər bu yaxınlarədək desəydin ki, qadın voleybol komandalarının mötəbər beynəlxalq turnirində Bakını birdən-birə təxminən eyni dərəcədə yüksək səviyyəli üç klub təmsil edəcək, bu fikir ağlasığmaz görünərdi. Amma bu gün belə bir təmsilçilik artıq faktdır və bunu böyük qələbələrə ümidi artıran çox yaxşı yenilik hesab etmək olar. Hazırda Bakı İdman Sarayında keçirilən turnirin mükafatları uğrunda mübarizə aparan altı rəqibdən üçü Azərbaycan paytaxtının "Rabitə", "Azərreyl" və "Lokomotiv" komandalarıdır.
Voleybolçularımızın qonaqları isə Türkiyənin "Qatalasaray", Rusiyanın "Uraloçka" və "Zareçye" klublarıdır. Turnir həm də qarşıdakı məsul yarışlara hazırlıq baxımından onun iştirakçıları üçün faydalı olacaq.
Təqvimə əsasən yarışların birinci günü hər üç komandamız qonaqlara qarşı oynamış və onlardan ikisi meydanı qələbə ilə tərk etmişdir. "Azərreyl" voleybolçuları "Qalatasaray"ı üç hissədə məğlubiyyətə uğratmış - 3:0, "Rabitə" "Zareçye" üzərində qələbə qazanmışdır - 3:1. "Lokomotiv" isə "Uraloçka"ya uduzmuşdur - 1:3.
Dünən rəqiblər ikinci turun oyunlarında qarşılaşmışlar: "Rabitə" - "Uraloçka", "Azərreyl" - "Zareçye". Tura saat 19-da başlanan "Qalatasaray" - "Lokomotiv" görüşü ilə yekun vurulmuşdur.
{nl}
Eltac dəqiq oynayır
Şahmatçımız Eltac Səfərli Sankt-Peterburqda Mixail Çiqorinin xatirəsinə həsr edilən beynəlxalq turnirdə daha bir qələbə qazanmışdır. Altıncı turda o, qaralarla Aleksey Fyodorovu (Belarus) məğlubiyyətə uğratmışdır.
Növbəti qələbədən sonra Səfərli 5,5 xalla turnir cədvəlinin ikinci pilləsinə yüksəlmişdir. Lider isə 6 xala malik İvan Sokolovdur (Bosniya və Herseqovina). Dünən keçirilən yeddinci turda Eltacın Sokolovla görüşü hər iki rəqib üçün mühüm əhəmiyyət kəsb edirdi.
{nl}
Çempionlar Liqasında
UEFA Çempionlar Liqası turnirinin qrup mərhələsinin 4-cü turunun ilk səkkiz oyunu ilə rəqiblər ikinci dövrəyə başlamışlar. Bu görüşlərdə hakimlər aşağıdakı nəticələri qeydə almışlar.
"A" qrupu. "Tottenhem" (İngiltərə) - "İnter" (İtaliya) - 3:1, "Verder" (Almaniya) - "Tvente" (Hollandiya) - 0:2. Dörd turdan sonra qrupda ilk iki yeri hərəyə 7 xal toplayan "Tottenhem" və "İnter" tuturlar.
"B" qrupu. "Hapoel" (İsrail) - "Şalke" (Almaniya) - 0:0, "Benfika" (Portuqaliya) - "Lion" (Fransa) - 4:3. Turnir cədvəlinə 9 xalla "Lion" başçılıq edir. İkinci pillədə olan "Şalke"nin 7 xalı vardır.
"C" qrupu. "Bursaspor" (Türkiyə) - "Mançester Yunayted" (İngiltərə) - 0:3, "Valensiya" (İspaniya) - "Reyncers" (Şotlandiya) - 3:0. Qrupda "Mançester Yunayted" liderdir - 10 xal. İkinci yeri tutan "Valensiya" ondan 3 xal geri qalır.
"D" qrupu. "Rubin" (Rusiya) - "Panatinaikos" (Yunanıstan) - 0:0, "Kopenhagen" (Danimarka) - "Barselona" (İspaniya) - 1:1. Qrupun lideri "Barselona"nın 8, onun ən yaxın izləyicisi "Kopenhagen"in isə 7 xalı vardır.
{nl}
"Fənərbaxça" - "Əskişəhərspor"
Türkiyə Superliqasının təqvimində noyabrın 5-8-nə təyin edilmiş 11-ci turda keçiriləcək bu oyunu Azərbaycanın da futbol ictimaiyyəti maraqla gözləyir. Bu səbəbsiz deyil. Artıq üç görüşdür ki, ölkəmizin milli komandasının kapitanı Rəşad Sadıqov da "Əskişəhərspor"un heyətində meydana çıxır, üstəlik də öz inamlı oyunu ilə xoş təsir bağışlayır. Onun gəlişindən sonra komanda turnir cədvəlində xeyli irəliləmiş və hazırda 10 xalla 14-cü yerdədir.
Hesabında 18 xal olan "Fənərbaxça" isə dördüncü pillədədir və lider "Bursaspor"dan 6 xal geri qalır. Göründüyü kimi, çempionluq mübarizəsində "Fənər"in mövqeyi hələlik o qədər də yaxşı deyil. Bu səbəbdən də onun "Əskişəhərspor"la görüşdə yalnız qələbəyə can atacağı şübhə doğurmur. Ancaq Sadıqovun komandası da uğurlu çıxışlar seriyasını davam etdirmək əzmindədir. Rəşadın qarşıdakı görüşdə oynayıb-oynamayacağı hələ məlum olmasa da, hər halda, bizim azarkeşlər "Fənərbaxça" ilə oyunu diqqət mərkəzində saxlayacaqlar.
{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.