Avropa Oyunları ilindən Olimpiya ilinə böyük ümidlərlə

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Bu il tarixdə ilk dəfə olaraq Avropa Oyunları keçirilmişdir. Azərbaycan burada da öz gücünü göstərdi. Altı mindən çox idmançı, minlərlə qonaq ölkəmizə gəlmişdir və ölkəmizin reallıqları ilə özləri tanış ola bilmişdir. Avropa Oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirilmişdir. Avropa Oyunları Azərbaycan dövlətinin təntənəsidir. Eyni zamanda, Azərbaycan idmanının təntənəsidir. Çünki bizim idmançılarımız, milli komandamız 56 medal qazanaraq,- onlardan 21-i qızıl medaldır, – komanda hesabında ikinci yerə layiq görülmüşdür. Bu, doğrudan da, ölkəmizin böyük zəfəridir və hər bir Azərbaycan vətəndaşı fəxr edir ki, biz bu uğura imza ata bilmişik.

Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyevin Dünya Azərbaycanlılarının
Həmrəylik Günü və Yeni il münasibətilə
Azərbaycan xalqına təbrikindən

31 dekabr 2015-ci il

 


 

Tarixdə birinci Avropa Oyunları ili kimi yaşayacaq 2015-ci ildə Azərbaycan idmanının ən yaxşı nümayəndələrinin beynəlxalq meydanda qazandıqları 823 medaldan 56-na gələcəkdə, bəlkə də, əfsanə kimi xatırlayacağımız, qəlblərimizdə həmişə təkrarolunmaz hisslər oyadan “Bakı-2015”də sevinmişik. Yüksək səviyyəli təşkili nümunəyə çevrilən bu Oyunlardan ötən ilin ən möhtəşəm idman hadisəsi kimi aldığımız zəngin təəssürat hələ uzun müddət bizi tərk etməyəcək.

Bu təəssürata görə idman aləmi qüdrətli Azərbaycan dövlətinə, yarışlarda böyük sevinclə iştirak etmiş və paytaxtımızda özlərini vətənlərindəki kimi hiss etmiş 50 ölkənin 6000-dən çox atletinə, yenicə həyata göz aşan startların təşkili hüququnu, demək olar, yekdilliklə Bakıya etibar edən Avropa Olimpiya Komitəsi (AOK) İcraiyyə Komitəsinin üzvlərinə və bu təşkilatın rəhbəri cənab Patrik Hikkiyə minnətdardır.

AOK özünün  baş assambleyasında üstünlüyü Azərbaycan paytaxtına verərkən sonralar hamının etiraf etdiyi kimi, ən düzgün seçim etmiş, Bakıda hər şeyin çox yaxşı təşkil olunacağına onun əminliyi özünü tam doğrultmuşdu. Həqiqətən də, birinci Avropa Oyunları Azərbaycan dövlətinin, Azərbaycan idmanının əsl zəfər marşına çevrildi. Azərbaycanın birinci xanımı, Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü, ötən ilin finişində yenidən ölkə Gimnastika Federasiyasının prezidenti seçilmiş Mehriban Əliyevanın başçılıq etdiyi Avropa Oyunlarının Təşkilat Komitəsinin yorulmaz və əvvəldən axıradək dəqiq düşünülmüş fəaliyyəti öz gözəl bəhrəsini verdi.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ötən il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqına təbrikində Avropa Oyunlarının uğurunu və əhəmiyyətini bir daha yüksək qiymətləndirmişdir.

Dünyanın hər yerində hədsiz maraq və xoş bir həyəcanla izlənilən Avropa Oyunları 2015-ci ildə təkcə Azərbaycanın yox, qitəmizin həyatında 1 nömrəli idman hadisəsi oldu. Yarışların bütün beynəlxalq standartlara cavab verən səviyyədə təşkili və atletlərimizin parlaq çıxışları isə avropalı gənclərin möhtəşəm bayramının  əsl bəzəyinə çevrildi.

Yenicə vidalaşdığımız 2015-ci il bir sıra başqa uğurlarla da əlamətdar olmuşdur. Respublikamızın gənclər və idman naziri Azad Rəhimovun dekabrın sonunda keçirdiyi və ilin yekunlarına həsr edilən mətbuat konfransında diqqətə çatdırdığı kimi, ötən il Azərbaycan idmançıları beynəlxalq meydanda olimpiya və qeyri-olimpiya növlərində birgə səylə 823 medal-321 qızıl, 222 gümüş və 280 bürünc mükafat qazanmışlar. Bu isə böyük nailiyyət, ölkə idmanı tarixində rekord nəticədir.

Dünya artıq növbəti, XXXI Yay Olimpiya Oyunları ilinə qədəm qoymuşdur. Avqustun 5-dən 21-dək Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək Olimpiadaya yeddi ay qalır. Əfsanəvi Pelenin vətəninə aparan yolda Olimpiya “biletlərimizi” də xatırlayaq. Hələlik onların sayı 28-dir. İdmançılarımız bu lisenziyaları yeddi növdə – güləşdə, avarçəkmədə, ağırlıqqaldırmada, boks, yüngül atletika,  gimnastika və taekvondoda qazanmışlar.

Azərbaycan paralimpiyaçıları da ötən ili yaxşı göstəricilərlə başa vurmuşlar. Qazanılmış 79 medal-32 qızıl, 28 gümüş və 19  bürünc mükafat çox şeyə sübutdur və ilk növbədə, onların komandasının yaxşı hazırlığından xəbər verir. Əgər Milli Paralimpiya Komitəsi təmsilçilərinin Rio-2016 Paralimpiya Oyunlarına artıq 14 lisenziyanın sahibi olduqlarını da nəzərə alsaq, qələbələrlə zəngin bir yol keçilmişdir. Şübhəsiz, paralimpiyaçılar özlərinin lideri, Avropa Oyunlarının çempionu, 2015-ci ildə Azərbaycanın ən yaxşı 10 idmançısından biri, mahir cüdo  ustası İlham Zəkiyev  başda olmaqla bu il də yüksək  nailiyyətləri bayram etmək, Paralimpiya Oyunlarına vəsiqələrinin sayını daha da artırmaq və Rio-2016 startlarında Azərbaycanın böyük uğura imza atdığı London-2012-dəkindən də çox (paralimpiyaçılarımız İngiltərə paytaxtından vətənə 4-qızıl, 5 gümüş və 3 bürünc medalla qayıtmışdılar) mükafat qazanmaq əzmindədirlər.Dörd il əvvəl London Paralimpiya Oyunlarında 4 qızıl medala sahib olan həmvətənlərimizin Braziliyada ən azı 5-6 ən  yüksək əyarlı mükafat qazanmaq istəyi böyükdür.

2015-ci il bir sıra  federasiyaların nümayənədələri üçün uğurlu olmuşdur. Güləşçiləri xüsusi qeyd etmək olar. Onlar ötən il ölkəyə “bol məhsul” qazandırmışlar. Sərbəst və yunan-Roma güləşi ustaları, qadın  güləşçilər böyüklər, gənclər və yeniyetmələr arasında dünya və Avropa çempionatlarında, digər beynəlxalq yarışlarda üst-üstə 328 medal-90 qızıl, 89 gümüş və 149 bürünc mükafatın, o cümlədən Avropa Oyunlarında 15 medalın (6+2+7) sevincini yaşamışlar.  İl ərzində güləşin hər üç növündə kifayət qədər uğurlarımız olmuş və bu növdə yaranmış çoxdankı ənənələr layiqincə davam etdirilmişdir.  Yunan-Roma güləşi üzrə komandanın Tehranda keçirilən turnirdən sonra Dünya kubokunu Azərbaycana gətirməsi isə tarixi nailiyyətdir! 

Azərbaycan  güləşçilərinin Olimpiada – 2016-ya artıq 11 lisenziyanı yayda Braziliyaya səfərə çıxacaq nümayəndə heyətimizə təmin etdiklərini də xatırlasaq, qarşıda onları və pərəstişkarlarını daha fərəhli günlərin gözlədiyinə əmin ola bilərik.

Gimnastika Federasiyası da ilə yaxşı nəticələr, yüksək əhval-ruhiyyə ilə yekun vurmuşdur. Əgər ötən ilədək onun  nümayəndələri əsasən bədii  gimnastikada fərqlənirdilərsə, 2015-ci il ölkəmizdə idman gimnastikasının inkişafı və möhətəşəm uğurları ilə əlamətdar oldu. Təkcə Oleq Stepkonun nailiyyətləri nəyə desən dəyər. Avropa Oyunlarının yeganə beşqat mükafatçısı, Qlazqoda (Şotlandiya) dünya çempionatının  bürünc medalının sahibi Olimpiya oyunlarına lisenziya da qazanmağı bacarmışdır.

Bədii gimnastikamızın lideri Marina Durunda da ötən ili özünün idman həyatında ən uğurlu il hesab edə bilər. Minskdə qitə çempionatının bürünc medalı, Bakıda Avropa Oyunlarının gümüş mükafatı, Almaniyanın Ştutqart şəhərində Olimpiadaya lisenziya-bu nailiyyətlər Marinanın il ərzində qarşısında duran vəzifələrin öhdəsindən müvəffəqiyyətlə gəldiyini təsdiq edir.

İndi isə hər iki gimnastın qarşısında duran əsas vəzifə Avropa Oyunları ilinin uğurlarını Olimpiya ilində Rio-de-Janeyroda davam etdirmək, orada da fəxri kürsüyə yüksəlmək olacaq.

Rinq ustalarımızın ötənilki uğurlarını  razılıq hissi ilə qeyd edə bilərik. İyunda Avropa Oyunlarının qızıl medalını qazanmış Elvin Məmişzadə (52 kq) oktyabrda Qətərin paytaxtı Dohada dünya çempionatında da öz çəkisində birinci olmuş, onun komanda yoldaşları Albert Səlimov (60 kq) gümüş, Pərviz Bağırov (69 kq) və Abdulqadir Abdullayev (91 kq) isə çıxışlarını  bürünc medalla başa vurmuşlar. Çempionatın yekununda onların 4 medalı Azərbaycan millisini komanda hesabında Kuba və Rusiyadan sonra üçüncü pilləyə yüksəltmişdir.

Meksikanın paytaxtı Mexikoda Dünya kuboku turinirində ağır sınaqlardan şərəflə çıxaraq dayanq ustalarının kəskin rəqabətində baş rolu oynamış taekvondoçular komandası və onun lideri, Avropa Oyunları və dünya çempionu Radik İsayevin təmsil  etdikləri taekvondo federasiyası, bir-birindən  yüksək nailiyyətləri ilə fəxr etidiymiz Rafael Ağayevlə birlikdə Avropa Oyunlarında 4 qızıl, 2  bürünc medala sevinmiş karateçilər, habelə yüngül atletlər, velosipedçilər, cüdoçular və bir sıra başqa idmançılar da öz federasiyalarının şərəfini layiqincə qorumuşlar. Qrossmeyster Rauf Məmmədovun sürətli şahmatın blits növündə Minskdə Avropa çempionatının qızıl medalı da idman ictimaiyyətimizə sanballı töhfə olmuşdur.

Ötən ilin uğurlarını, idmanımızda xoş məqamaları xatırlayarkən ardıcıl ikinci il UEFA Avropa Liqası turnirinin qrup mərhələsində oynamaq hüququ qazanan və bir il əvvəl olduğu kimi, 2015-də də son anadək pley-off mərhələsinə çıxmaq imkanını özündə saxlayan ölkə çempionumuz Ağdamın “Qarabağ” komandasının və ilk dəfə Avroliqanın qrup turnirində oynamaq arzusuna dörd ölkədən olan rəqiblərini bir-biri ardınca yarışdan kənarlaşdırmaqla çatan Qəbələnin  eyniadlı klubunun qitə stadionlarında Azərbaycan futbolunu layiqincə təmsil etdiklərini də qeyd edə bilərik.

Son bir il ərzində mötəbər yarışlarda qazanılmış qələbə və medallar Azərbaycan idmanının beynəlxalq nüfuzunu daha da artırmış, ölkəmiz aparıcı idman dövlətləri sırasında öz mövqeyini bir qədər də möhkəmləndirmişdir.

Yenicə starta çıxmış 2016-cı il də məsul yarışlarla zəngin olacaq və onlardan bir neçəsinin təşkilatçısı rolunda yenə də Azərbaycan çıxış edəcək. Ölkəmizdə ən mötəbər idman hadisələri “Formula-1” avtomobil yürüşü və 42-ci Ümümdünya Şahmat Olimpiadası olacaq. İş elə gətirdiyindən birinci Avropa Oyunları kimi, “Formula-1” “Qran-Pri”-sinin Bakı mərhələsi də iyun ayının bəxtinə düşmüşdür. Yayın birinci ayında keçiriləcək bu çox maraqlı yürüşə mükkəməl hazırlıq görülür. Şəhərimizin sakinlərinin onu necə maraqla gözlədiklərini təsəvvur etmək çətin deyil. Şübhəsiz, indiyə qədər Azərbaycanda keçirilmiş bütün yarışlar kimi “Formula-1” də idman mütəxəssislərimizin yüksək təşkilatçılıq bacarığı sayəsində ölkəmizin tarixində dərin iz buraxacaq.

Planetin ən böyük şahmat hadisəsi isə sentyabra təsadüf edəcək. Ötən ilin də həmin ayında qədim və müdrik oyunun ən parlaq zəka sahibləri Bakıda görüşmüşdülər. Rusiyalı qrossmeyster Sergey Karyakinin qələbəsi ilə nəticələnmiş Dünya kuboku turnirini paytaxtımızda Ümumdünya Olimpiadası qarşısında  baş məşq də hesab etmək olardı. Turnirə böyük marağın  da göstərdiyi, həm də sonradan bütün rəqiblərin,  müxtəlif ölkələrin şahmat federasiyaları rəhbərlərinin qeyd etdikləri kimi, Bakıda Dünya kuboku turniri ən yüksək səviyyədə təşkil olunmuşdu, onun bütün iştirakçıları və qonaqları üçün hər cür şərait yaradılmışdı.

Lakin ötənilki yarış şəxsi xarakter daşıyıb 128 qrossmeysteri öz bayrağı ətrafına toplamışdısa, Ümumdünya Şahmat Olimpiadası-2016-da 150-dən çox ölkənin təmsilçiləri medallar uğrunda komanda şəklində mübarizə aparacaqlar. Özü də Olimpiadanın qalib və mükafatçıları təkcə kişilərin yox, həm də qadınların turnirində müəyyənləşəcək. Deməli,  sentyabrın 17-dən 30-dək dünyanın şahmat nəbzi Azərbaycan paytaxtında döyünəcək. Ümid edək ki, “doğma divarlar” arasında planetin ən böyük şahmat hadisəsi olan Ümumdünya Olimpiadasında baş rollardan birini ikiqat Avropa çempionu adını daşıyan Azərbaycanın kişilərdən ibarət komandası oynayacaq. Elə qadın şahmatçılarımız da, şübhəsiz, bu dəfə əvvəlki olimpiadalardakından daha yaxşı çıxış etməyə çalışacaqlar.

“Formula-1" ilə şahmat olimpiadası arasındakı dövrdə də idman həvəskarlarımız darıxmalı olmayacaqlar. Əksinə, avtomobil yürüşündən sonra və qrossmeysterlərin payız görüşlərindən bir qədər əvvəl böyük ümidlərlə gözlədiyimiz Rio Olimpiadası-2016 həyəcanları ilə yaşayacağıq.  Braziliya səması altında startlar Azərbaycan Respublikası idmançılarının müstəqil komanda şəklində Olimpiya oyunlarında ilk çıxışlarının (1996, Atlanta, ABŞ) 20-ci ilinə təsadüf edəcək. İyirmi il əvvəl sərbəst güləş ustası Namiq Abdullayevin gümüş medalı müstəqil Azərbaycanın ilk Olimpiya mükafatı kimi böyük əks-səda yaratmışdısa, London Olimpiadası-2012-də artıq 10 mükafata (2+2+6) sahib olduq. Rio-de-Janeyroda XXXI Yay Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları olimpiadalarda ilk startlarının iyirminci ilində daha çox medal uğrunda mübarizə aparmaq gücündə olacaqlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında