Olimpiya rinqində qalib olmaq arzusu ilə yaşayan dünya çempionu

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin müəyyənləşdirdiyi 2015-ci ildə ölkənin ən yaxşı on idmançısının siyahısına istedadlı boksçu Elvin Məmişzadə başçılıq edir.

Həqiqətən, milli komandamızın üzvü olimpiyaqabağı ildə var gücü ilə parlamağı bacarmışdır. Diqqət yetirin, idman karyerası ərzində ən böyük uğurlarına məhz bu il nail olmuş Elvin iyunun on  yeddi günü ərzində doğma  Bakıda qitəmizin möhtəşəm idman bayramına çevrilən tarixdə ilk Avropa Oyunlarının çempionu, oktyabrda isə Qətərin paytaxtı Doha şəhərində keçirilmiş dünya çempionatının qızıl mükafatçısı, həm də gündən-günə yaxınlaşmaqda olan Rio-de-Janeyro Olimpiadası-2016-ya lisenziyanın sahibidir.

Böyük uğurlara, yüksək şan-şöhrətə aparan yol isə heç də hamar olmur. Bu yolda zəhmət çəkmək, sözün əsl mənasında, gərgin məşqlərdə tər tökmək, yorulmadan, qüvvəyə heyfsilənmədən ustalığı artımaq və onun zirvəsinə çatmaq başlıca şərtdir. Bunsuz məqsədə nail olmaq, fəxri kürsüyə yüksəlmək, böyük qələbənlə Vətənin bayrağını ucaltmaq mümkün deyil.

E.Məmişzadənin uğurları da gərgin zəhmətin bəhrəsidir. Bir daha unudulmaz iyun günlərinə qayıdaq. “Bakı-2015" birinci Avropa Oyunlarının boks turnirində qalib və mükafatçılar “Kristal Zal"da keçirilən görüşlərdə müəyyənləşirdi və rinq ustaları bu əzəmətli sarayda parlamaq, adlarını tarixə qızıl hərflərlə yazdırmaq şansı qazanmışdılar.  Azərbaycan komandasının boksçuları bu imkandan bacarıqla istifadə edərək ölkəmizi 11 medal – 6 qızıl, 1  gümüş və 4 bürünc mükafatla sevindirdilər.

Fəxri kürsünün zirvəsində qələbəsi şərəfinə Azərbaycanın dövlət himni səsləndirilən çempionlardan biri də 52 kq çəki dərəcəsində çıxış edən Elvin Məmişzadə idi. O, bütün rəqibləri – səkkizdəbir finalda irlandiyalı Mayles Keysi, növbəti mərhələdə bolqar Daniel Asenov, yarımfinalda Almaniya təmsilçisi Hamza Toyba, həlledici final görüşündə isə Vinçentso Pikardi (İtaliya) üzərində qələbə qazanıb məşqçilərinin, idman ictimaiyyətinin və bütün xalqımızın ümidlərini tam doğrultdu.

Ertəsi gün Azərbaycan Milli Olimpiya Komitəsində idman ictimaiyyəti nümayəndələrinin, jurnalistlərin böyük həvəslə iştirak etdikləri “Zəfər günləri” tədbirləri çərçivəsində azərbaycanlı qalib və mükafatçılarla növbəti görüş keçirilirdi. Həmin görüşdə Elvin qəzetimizə verdiyi müsahibədə demişdi: – Yarış heç də asan olmadı. Təbii ki, rinqdə mübarizə zamanı hər cür vəziyyətlə qarşılaşmalı oluruq. Qələbə qazanmaq asan deyil. Biz də qələbələrimizi çətinliklərdən keçərək qazana bildik. Mənim 23 yaşım olsa da, özümdən səkkiz yaş böyük olan italiyalı Vinçentso Pikardiyə qalib gələ bildim. Rəqibim Olimpiya oyunlarının və dünya çempionatının bürünc medalçısıdır və əlbəttə, asanlıqla məğlub olmadı.

Medalımı cənab Prezident İlham Əliyev şəxsən təqdim edəndə və “layiqli qələbəyə görə təbrik edirəm”, – deyəndə sevincimin həddi-hüdudu yox idi. Sanki qalib gəldiyimi onda hiss etdim. Çox yaddaqalan an idi.

İndi bir qədər dincəldikdən sonra oktyabr ayında Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşacağıq. Rio-de-Janeyro Olimpiya Oyunlarına  lisenziya qazanmaq lazımdır...

Avropa Oyunlarının çempionu Qətərin paytaxtı Doha şəhərində təşkil edilən dünya çempionatında Olimpiadaya vəsiqə qazanmaq arzusuna da çatdı, özü də böyük məharətlə, çempion kimi! Yenə də həmvətənimizin bütün rəqibləri, o cümədən finalda qalib gəldiyi kubalı  Yosbani Veytia rinqi məyus halda tərk etdilər. Məmişzadə özü isə həyatında daha bir unudulmaz an yaşadı. Avropa Oyunlarının qızıl mükafatçısı indi həm də dünya çempionu adı daşıyırdı, XXXI Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq vəzifəsi də müvəffəqiyyətlə yerinə yetirilmişdi.

Qətərdə dünya çempionatının qızıl medalının Azərbaycanın dövlət müstəqilliyinin 24-cü ildönümü ərəfəsinə təssadüf etməsi isə bu tarixi nailiyyətə xüsusi bir məna verirdi.

...Azərbaycan boksçularının Olimpiya oyunlarında hələlik ən böyük nailiyyətləri Sidney-2000-də Vüqar Ələkbərovun, Afina-2004-də Ağası Məmmədovla Fuad Aslanovun, Pekin-2008-də Şahin İmranovun, London-2012-də Teymur Məmmədovla Məhəmmədrəsul Məcidovun bürünc medallarıdır.

Birinci Avropa Oyunlarında qazandığı nailiyyətə görə Prezident İlham Əliyevin sərəncamı ilə Vətənin yüksək mükafatı “Şöhrət”  ordeni ilə təltif olunmuş Elvin Məmişzadə, şübhəsiz, Rio-2016-da daha yüksək əyarlı medal uğrunda mübarizə aparmaq, çətin sınaqlardan şərəflə çıxmaq əzmində olacaq. Elə onun milli komandamızdan olan dostları da. Axı kim istəməz ki, bütün idman yarışlarının şahı sayılan Olimpiya oyunlarının çempionu olsun!

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında