Günəş parlasa da, hava əməlli- başlı soyuq idi. Amma stadiona azarkeş axınının ardı- arası kəsilmirdi. Giriş qapılarının yanındakı kassadan bilet alıb içəri keçdik. “Kəpəz” — “Neftçi” oyununun başlanmasına hələ bir qədər vaxt qalsa da, Gəncənin futbol fanatları artıq, necə deyərlər, işə başlamışdılar. Doğma komandaya həsr olunmuş şeirləri, mahnıları, hətta meyxanaları xorla səsləndirir, əl çalır, nisbətən sakit azarkeşlərin də onlara qoşulmasını istəyirdilər.
Düzü, olduqca qürurverici bir mənzərə idi. İndiki vaxtda, həm də soyuq havada bu qədər azarkeşin stadiona gəlməsi ondan xəbər verirdi ki, Gəncədə futbola maraq çox böyükdür və klub rəhbərliyi adamların oyunları normal izləməsi üçün lazımi şərait yaradıb. Doğrudur, stadionun tribunalarında və ətrafda, ot örtüyündə hələ görüləsi işlər var . Lakin oyundan sonra “Neftçi”nin baş məşqçisinin “ot örtüyü pis idi və bizim oyunumuza təsir göstərirdi” fikri ilə qətiyyən razılaşa bilmərik. Dekabr ayının sonları üçün təbii ot örtüyü necə olmalı idi ki?
Yeri gəlmişkən qeyd edək ki, bir neçə ay əvvəl 25 min tamaşaçı tutumu olan bu stadion baxımsızlıq ucbatından elə bir vəziyyətə düşmüşdü ki, onu sözlə ifadə etmək çətindir. Şəhər rəhbərliyi, əlaqədar təşkilatlar qısa vaxt ərzində burada çox böyük bərpa- təmizlik işləri apardılar, yeni oturacaqlar quraşdırmağa başlanıldı. Hətta iməciliklər təşkil olundu, fan klublar yaradıldı, təbliğat- izahat işləri gücləndirildi və sair. Bir məsələni də qeyd etmək istəyirəm. Bəzi saytlar yazırdı ki, guya adamları stadiona zorla gətirirlər. Tamamilə cəfəngiyat və böhtandır. Onların doğru və yalan yazdıqlarını öyrənmək üçün, sadəcə olaraq, oyun günü stadiona gəlmək lazımdır.
...Oyun çox maraqlı və gərgin keçdi. Birinci hissədə “Kəpəz”, ikinci hissədə “Neftçi” hərəyə bir top vuraraq oyunu bərabərliklə başa çatdırdılar və Gəncədə daha bir futbol bayramı yüksək səviyyədə sona yetdi. ... Aradan bir- iki saat vaxt keçib və hələ də bu gözəl yarışın təsiri altındayam. Lakin gözüm təsadüfən də olsa bəzi saytların xəbərlərinə sataşır və məəttəl qalıram. Fikirləşirəm ki, bəlkə o oyuna mən yox, həmin saytların işçiləri baxıblar. Bəs onda mən harada olmuşam görəsən: “Stadionda dava düşdü”, “Yaralanan oyuncunu xəstəxanaya aparmağa “Təcili yardım” maşını yox idi", “Polis işçiləri ”Neftçi" - nin fanatlarına qarşı aqressiv idilər"... Daha nələr, nələr.
Əvvəla qeyd edim ki, Bakıdan gələnlərin sayı 18 - 20 nəfər ancaq olardı və onlar üçün ayrılmış tribunada bütün oyun boyu dayanmadan istədikləri şüarları səsləndirdilər.Şəhərin polis işçiləri öz vəzifə borclarını əvvəldən axıra kimi peşəkarlıqla, həm də nəzakətlə yerinə yetirdilər. Gəncə Şəhər Polis İdarəsi rəisinin müavini, polis polkovniki İlqar Balakişiyev özü də azarkeşlərin arasında idi və təcrübəli polis işçisi hər hansı bir insidentin dərhal qarşısını almağa hazır idi. Zədə alan oyunçunu xəstəxanaya aparmağa “Təcili yardım” maşınının olmaması xəbəri də tamamilə yalandır. İndi təəssüflənirəm ki, nə üçün oyun başlamazdan da qabaq görüşün sonunadək stadionun yuxarı giriş qapısında yanğınsöndürən maşınla yanaşı dayanan həmin “Təcili yardım” maşınının şəklini çəkməmişəm.
Stadionun içərisində baş verən kiçik insident də şişirdilib. “Neftçi”nin gənc legionerinin özündən yaşca qat- qat böyük olan bir şəxsə – “Kəpəz”in baş məşqçisi Şahin Diniyevə əl- qol ölçməsi və sonradan öz yoldaşlarının təkidi ilə üzr istəməsi insidentin çox qısa bir anda həlli ilə yekunlaşdı. Hətta, Diniyev özü böyüklük göstərərək oyundan sonra bir neçə dəfə azarkeşlərdən üzr istədiyini dilə gətirdi və dedi ki, gərək emosiyaya qapılıb topa zərbə vurmayaydım...
Vəssalam! Bax bizim, gördüklərimiz və bildiklərimiz bunlardır. İndi kim nə yazır, nə məqsədlə yazır, qoy öz vicdanları ilə üz- üzə dayansınlar. Ara qarışdırmaq, sensasiya xatirinə nəsə yazmaq və ya Gəncədəki yüksəlişi gözü götürməmək heç kimə başucalığı gətirmir.
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin
bölgə müxbiri
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.