İ D M A N

Təbrik edirik, qrossmeyster!

 

Azərbaycan şahmatçısı Rauf Məmmədov Minskdə keçirilən blits üzrə Avropa çempionatında qızıl medal qazanmışdır. Qrossmeysterimiz Belarus Respublikası paytaxtının idman sarayında 30-dan çox ölkəni təmsil edən 700-ə qədər iştirakçının rəqabətində 22 mümkün xaldan 18 xal toplamış və 2015-ci ilin Avropa çempionu olması münasibətilə təbrikləri qəbul etmişdir.

İsveçrə sistemi üzrə keçirilən turnirdə Məmmədov bir gündə 11 rəqiblə qarşılaşmış və onların hər biri ilə iki görüş oynamışdır (ağlar və qaralarla). Azərbaycan milli komandası üzvünün bu görüşlərdə göstərdiyi əla nəticə onu fəxri kürsünün zirvəsinə yüksəltmişdir.

Gümüş mükafatçı rusiyalı Boris Savçenko da finişə 18 xalla çatmış, ancaq əlavə göstəricilərə görə Raufdan  geri qalmışdır. Üçüncü yeri isə Savçenkonun həmvətəni Aleksandr Ryazantsev tutmuşdur-17 xal.

Çempionatda iştirak etmiş Azərbaycanın digər təmsilçiləri arasında daha uğurla çıxış edən Qədir Hüseynov (15 xal) yekun cədvəlində 33-cü olmuşdur.

Dünən isə elə həmin idman sarayında rapid üzrə Avropa çempionatının iştirakçıları medallar uğrunda mübarizəyə  başlamışlar. Blits yarışından fərqli olaraq, iki gün üçün nəzərdə tutulmuş bu turnirin qalib və mükafatçıları bu axşam məlum olacaq.

 

Əvvəlcə “Mişuna”nın meydanında

 

Xəbər verdiyimiz kimi, Bakının “Azəryol” klubu qadın komandaları  arasında Avropa Voleybol Konfederasiyasının kuboku yarışlarının səkkizdəbir final mərhələsində uğurla çıxış edərək dörddəbir finalda  Polşanın “Mişuna” klubu ilə görüşlərdə fəxri mükafat uğrunda mübarizəni davam etdirmək hüququ qazanmışdır.

Artıq bu oyunların keçiriləcəyi günlər də müəyyənləşmişdir. Rəqiblər əvvəlcə 19-21 yanvar aralığında “Mişuna”nın meydanında qarşılaşacaqlar. Bakıda cavab matçı isə bundan bir həftə sonra keçiriləcəkdir.

 

Məmmədyarov və Rəcəbov ilin vida turnirində

 

Qətərin paytaxtı Doha şəhərində “Qatar Masters Open” beynəlxalq şahmat turniri starta hazırdır. Doqquz turdan ibarət mötəbər yarış bu gün başlanıb dekabrın 29-da finişə çatacaq.

Vidalaşmağa hazırlaşdığmız 2015-ci ilin sonuncu turniri öz bayrağı altına dünyanın bir çox məşhur qrossmeysterini toplamışdır. Şahmat aləmi on gün ərzində norveçli dünya çempionu Maqnus Karlsen, rusiyalı keçmiş dünya çempionu  Vladimir Kramnik, onun həmvətəni, sentyabrda Bakıda keçirilmiş Dünya kuboku-2015-in qalibi Sergey Karyakin, Vasili İvançuk (Ukrayna), Aniş Giri (Hollandiya), Uesli So (ABŞ), Pentala Harikrişna (Hindistan), Radoslav Voytaşek (Polşa) kimi mahir ustaların görüşlərini izləmək, oyunlardan zövq almaq və onları təhlil etmək imkanı qazanacaq.

Ölkəmizin idman ictimaiyyəti Dohada startı bir də ona görə böyük maraqla gözləyir ki, bu yarışın mükafatları uğrunda Azərbaycan şahmatının liderləri Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov da mübarizə aparacaqlar. Qrossmeysterlərimizin ilin vida turnirində çətin sınaqlardan necə çıxacaqlarını isə görüşlər göstərəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında