Bunu təkcə biz özümüz demirik, Azərbaycanda idmanın sürətlə inkişaf etməsi, respublikamızın əsl idman ölkəsinə çevrilməsi beynəlxalq aləmdə də yekdilliklə etiraf olunur. Özü də təkcə idman dairələrində yox, həm də məşhur siyasətçilər tərəfindən.
Tarixdə XXVIII Yay Olimpiya Oyunları ili kimi qalacaq 2004-cü ildən bizi altı ilə bərabər bir məsafə ayırır. Bu, o qədər də uzun məsafə deyil ki, həmin müddət ərzində baş verən əlamətdar hadisələri unudasan. İdman ictimaiyyətimizin yadında olar, 2004-cü ilin iyun ayında Yunanıstan Prezidenti Konstantinos Stefanopulos ölkəmizə rəsmi səfərə gəlmiş və səfər proqramı çərçivəsində Azərbaycan Milli Olimpiya Komitəsinin inzibati binasında "Olimpiya ruhu" sərgisinin açılış mərasimində də iştirak etmişdi. Mərasimdə həmkarlarımdan birinin "Cənab Prezident, Azərbaycandakı Olimpiya hərəkatını necə qiymətləndirirsiniz" sualına ali qonağın cavabı hər birimizdə ölkəmiz üçün, idmanımız üçün qürur hissi doğurmuşdu.
Bu gün həmin cavabı böyük məmnuniyyətlə bir daha xatırlayaq: "Çox yüksək. Sizin ölkə artıq dünya idman mərkəzlərindən birinə çevrilmişdir. Elə burada, Olimpiya Komitəsinin inzibati binasının ətrafında çoxlu sayda idman kompleksləri, stadionlar var. Bu da onu göstərir ki, Azərbaycanda idmanın, Olimpiya hərəkatının inkişafına dövlət səviyyəsində diqqət və qayğı göstərilir".
Həqiqətən, ildən-ilə Azərbaycan idmanı daha da möhkəmlənir, mətinləşir, uğurları artır, mükafatlar xəzinəsi zənginləşir. Dünya və Avropa çempionatlarında, Olimpiya oyunlarında, "Qran-Pri"lərdə, digər mötəbər beynəlxalq yarışlarda idmanımızın ən yaxşı nümayəndələri tez-tez fəxri kürsüyə dəvət olunur, nəhəng idman saraylarında onların böyük qələbələri şərəfinə dövlət himnimiz səsləndirilir, milli bayrağımızın yüksəyə qaldırılmasına ürəkdən sevinir, qazanılmış medallarla fəxr edirik.
İndi belə anları, zəfər saatlarını yaşamaq idman həvəskarlarımız üçün adi hala çevrilmişdir. Güləş ustalarımız, cüdoçular, bədii gimnastlar, avarçəkənlər, şahmatçılar, boksçular, samboçular və idmanın bir sıra başqa növlərinin nümayəndələri beynəlxalq meydanda qələbə və medal qazanmağın yollarını yaxşı bilirlər.
Başqa cür ola da bilməz. Çünki indi uşaqdan tutmuş böyüyə qədər hamıya məlumdur ki, Azərbaycanda idman dövlət tərəfindən daimi qayğı və diqqətlə əhatə olunmuşdur. Təsadüfi deyil ki, bu gün ölkəmizdə idman sürətlə inkişaf edir və bu sahədə Azərbaycan qabaqcıl yerlərdədir. Respublikada idmanın inkişafı üçün yaradılan şərait yüksək nəticələrin əldə olunmasında mühüm rol oynayır. Dövlətimizin və idmanımızın lideri cənab İlham Əliyev Milli Olimpiya Komitəsinə rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan idmanının inkişafı ilə bağlı öz siyasətini inamla davam etdirmiş və bu gün də həmin istiqamətdə müntəzəm surətdə müxtəlif tədbirlər həyata keçirilir. Dövlət başçımız idmanın insan həyatında oynadığı böyük rola son dərəcə mühüm əhəmiyyət verir: "İdman təkcə uğurlar və nailiyyətlərdən ibarət deyil, həm də millətin gələcəyidir".
İnsanlarımızın, xüsusən də gənc nəslin sağlam və gümrah böyüməsi, bədən tərbiyəsi və idmanla müntəzəm surətdə və yaxından dostluq etməsi, onların əsl vətənpərvərlik ruhunda tərbiyə olunması üçün sayı durmadan artan müasir olimpiya idman kompleksləri təkcə beynəlxalq meydanda yüksək nəticələrin qazanılmasına imkan verən ustalıq səviyyəsinin yüksəldilməsinə deyil, ilk növbədə, bütün nəcib keyfiyyətləri özündə birləşdirən fiziki cəhətdən kamil insanlar yetişdirilməsi işinə xidmət edir.
Beynəlxalq standartlara cavab verən yaraşıqlı idman kompleksləri təkcə paytaxt Bakıda deyil, demək olar, respublikanın bütün bölgələrində öz qapılarını idmansevərlərin üzünə taybatay açır. Bu isə gənclərə asudə vaxtlarını səmərəli keçirmək, fiziki hazırlıqlarını artırmaq, böyük idmanda böyük nailiyyətlər qazanmağı arzulayanlara isə nəticələrini getdikcə yaxşılaşdırmaq və beynəlxalq meydanda öz kəsərli sözlərini demək üçün gözəl zəmin yaradır. Təsadüfi deyil ki, bu il Sinqapurda keçirilmiş Yeniyetmələrin Yay Olimpiya Oyunlarında respublikamızın şərəfini layiqincə qoruyub ilk dəfə təşkil olunan bu mötəbər yarışlardan vətənə 12 nəfərə 5 qızıl və 3 gümüş medal gətirən həmvətənlərimiz arasında idmanda ilk addımlarını Balakən, Goranboy, Sumqayıtda atmış gənclər də var idi.
Xüsusilə fərəhlidir ki, Azərbaycanda yalnız bizim üçün ənənəvi və olimpiya hüququ qazanmış idman növləri deyil, qeyri-olimpiya növləri də diqqət mərkəzindədir və onların yüksək səviyyədə inkişaf etdirilməsi mühüm vəzifə hesab olunur. Bu vəzifələrin yerinə yetirilməsi isə tarixi qələbələrə yol açır.
Bir il əvvəl Ermənistanda keçirilmiş gənclər arasında cüdo üzrə Avropa çempionatı yaxşı yadımızdadır. Həmin yarışa təmsilçilərimiz beş idmançı ilə getmişdilər və onların hamısına fəxri kürsüdə medal təqdim olundu. İlqar Muşkiyev (55 kq) gümüş, Rasim Əsədullayev (60 kq), Fəqan Eminoğlu (66 kq) və Ramin Qurbanov (81 kq) bürünc medalların sevincini yaşadılar, turnirin sonuncu günü isə Elmar Qasımov (100 kq) Avropa çempionu oldu və gənc tatami ustalarımız Ermənistanı əzəmətli Azərbaycan himninin sədaları altında tərk etdilər.
Azərbaycan idmanı nümayəndələrinin beynəlxalq meydanda çox uğurlarını yada salmaq olar. Bütün əvvəlki illər kimi, artıq finişə yaxınlaşmaqda olan 2011-ci il də ölkəmizin idman salnaməsində özünə layiqli yer tutacaq. Ardıcıl qələbələr, ideal şərait, bir-birindən gözəl olimpiya idman kompleksləri hamının diqqətini cəlb edir və hər yerdə ölkəmiz haqqında xoş təsəvvür yaradır.
Beynəlxalq Olimpiya Komitəsinin Prezidenti Jak Poqq hələ yeddi-səkkiz il əvvəl Azərbaycan Milli Olimpiya Komitəsinin fəaliyyətinin keçmiş sovet məkanında bütün milli olimpiya komitələri üçün bir nümunə olduğunu söyləmişdi. Cənab Roqq 2008-ci ildə Bakıya növbəti səfəri zamanı isə Azərbaycanda bütün sahələrdə dinamik inkişafın şahidi olduğunu məmnunluqla qeyd edərək, ölkəmizdə idman sahəsində görülən işlərin, olimpiya hərəkatının geniş vüsət aldığını xüsusi vurğulayıb, Prezident İlham Əliyevin bu sahəyə göstərdiyi diqqətin BOK tərəfindən yüksək qiymətləndirildiyini bildirmişdi.
Dünya idmanının bir sıra başqa rəhbərləri, tanınmış mütəxəssislər, görkəmli məşqçilər, rəsmi şəxslər də həmişə şəhərimizdə keçirilən mötəbər tədbir və yarışlardan öz vətənlərinə zəngin təəssüratla qayıtmışlar. Çünki onlar Azərbaycanda idmana necə böyük məhəbbət göstərildiyini, yarışların yüksək səviyyədə təşkil olunduğunu, qonaqlara hər cür şərait yaradıldığını öz gözləri ilə görür, uğurlarımızı və idman rəhbərlərimizin təşkilatçılıq bacarığını yüksək qiymətləndirirlər. Uzağa getməyək, bu yaxınlarda Bakının qonağı olmuş Beynəlxalq Həvəskar Güləş Federasiyasının (FİLA) prezidenti Rafael Martinettinin söylədiyi bu fikri xatırlayaq: - Azərbaycana gəlməyimə şadam. Mən buraya güləşdə baş vermiş qeyri-adi hadisə ilə bağlı gəlmişəm. Ardıcıl ikinci ildir ki, dünyanın ən yaxşı güləşçiləri Azərbaycan idmançıları hesab olunur. Bunun naminə Bakıya gəlməyə dəyərdi. Tez-tez məndən soruşurlar: - Nə üçün Azərbaycanı bu qədər sevirəm. Əgər sizin federasiya bizim idman növündə tarixi inkişafa nail olubsa, başqa cür ola bilərmi?!
Avropa Cüdo Federasiyasının nümayəndəsi Maslo Toqat da oktyabrda Bakıya gəlmişdi. Onun da dedikləri heç də gəlişi xoş sözlər deyildi: - Azərbaycan idmançıları iştirak etdikləri mötəbr yarışlarda öz ölkələrini yüksək səviyyədə təmsil edirlər. Azərbaycanda digər idman növlərində olduğu kimi, cüdonun da inkişafı bizi çox sevindirir. Bu idman növünün inkişafı istiqamətində görülən işlər Avropa Cüdo Federasiyası tərəfindən rəğbətlə qarşılanır.
Bütün bunlar bir daha sübut edir ki, Azərbaycanda idmanın inkişafına gündəlik qayğı və diqqət göstərilir. Dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev bu yaxınlarda Mingəçevirdə "Kür" Olimpiya Tədris-İdman Mərkəzinin açılışı mərasimində bu barədə belə demişdir: "Bütövlükdə Azərbaycanda idman çox sürətlə inkişaf edir. Biz bu sahədə böyük uğurlara nail ola bilmişik. İdmançılarımız Olimpiya oyunlarıda, dünya, Avropa çempionatlarında dövlət bayrağımızı göylərə qaldırırlar. Bu, bizdə böyük qürur hissi yaradır. Mən istəyirəm ki, Azərbaycanda bütün idman növləri inkişaf etsin və biz görürük ki, bu nailiyyətlər vardır".{nl}
Oqtay BAYRAMOV, "Xalq qəzeti"
{nl}
{nl}
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.