Azərbaycanın 21 güləşçisi “Qızıl Qran-pri”də fəxri kürsüyə yüksəldi

Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən 8-ci beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsi yunan-Roma üsulu ilə güləşənlərin görüşləri ilə başa çatmışdır. “Klassiklərimiz” yüksək səviyyədə təşkil edilən və 40-dan çox ölkənin təmsil olunduğu bu mötəbər yarışda Azərbaycana 9 medal – 2 qızıl, 3 gümüş və 4 bürünc mükafat qazandırmışlar.

Turnir sahiblərindən ən böyük müvəffəqiyyətə 98 kq çəki dərəcəsində çıxış edən Şalva Qadabadze və Sabah Şəriəti (130 kq) nail olmuşlar. Hər iki güləşçimiz bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün zirvəsinə yüksəlmişdir.

Kamran Məmmədov (66 kq), Rüstəm Əliyev (71 kq) və Rafiq Hüseynov (80 kq) yalnız finalda uduzub gümüş mükafatçı olmuşlar. Bürünc medalları Eldəniz Əzizli (59 kq), Həsən Əliyev (66 kq), Elvin Mürsəliyev (80 kq) və İslam Abbasov (85 kq) qazanmışlar.

Xatirə turnirinin ilk iki günündə isə sərbəst üsulla güləşənlər və qadın güləşçilər ən güclüləri müəyyənləşdirmişlər. “Sərbəstlər” 11 medalın, o cümlədən Hacı Əliyev (61 kq), Cəbrayıl Həsənov (74 kq) və Aleksandr Qostiyevin (86 kq) qazandıqları qızıl mükafatların sevincini yaşamışlar. Onların komanda yoldaşlarına həmçinin 4 gümüş və 4 bürünc medal təqdim olunmuş, qadın güləşçilərimizdən isə Natalya Sinişin (55 kq) fərqlənmişdir. O, çıxışlarını fəxri kürsünün ikinci pilləsində başa vurmuşdur.

Nəticədə Azərbaycan güləşçiləri üst-üstə 21 medal qazanmışlar. Dünya Güləş Birliyinin təqvim planında ən güclü yarışlardan biri hesab edilən Bakı “Qızıl Qran-pri”sində əldə olunmuş müvəffəqiyyət ölkəmizdə idmanın bu növünün inkişafına göstərilən daimi qayğının və ən yaxşı güləş ustalarımızın yüksək hazırlıq səviyyəsinin daha bir təzahürüdür.

Olimpiyaqabağı ilin finişində qazanılmış medalları həm də bir aydan sonra starta çıxacaq Olimpiya ili ərəfəsində xoş əlamət hesab edə bilərik. Yeri gəlmişkən xatırladaq ki, Azərbaycan güləşçiləri gələn ilin avqust ayında Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına artıq 11 lisenziya qazanmışlar və Olimpiadayadək onların sayını daha da artırmaq əzmindədirlər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında