Avropa çempionatı – 2016-nın bütün iştirakçıları məlumdur

Beləliklə, 2016-cı ildə Fransa stadionlarında keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə yarışları çərçivəsində sonuncu pley-off görüşləri də oynanılmış və qitəmizin ən ali futbol bayramında iştirak etmək hüququ qazanmış bütün xoşbəxt komandalar məlum olmuşdur.

Finala son iki vəsiqənin sevincini Ukrayna və İsveç futbolçuları yaşamışlar. Ukraynalılar iki oyunun yekununda Sloveniya komandasına qalib gəlmiş (evdə 2:0, səfərdə 1:1), isveçlilər isə Danimarka komandasını məğlubiyyətə uğratmışlar (2:1 və 2:2).

Avropa çempionatı — 2016-nın qalan 22 iştirakçısı İngiltərə, Şimali İrlandiya, Portuqaliya, İslandiya, Çexiya, Avstriya, İspaniya, İsveçrə, İtaliya, Belçika, Uels, Albaniya, Almaniya, Polşa, Rumıniya, Rusiya, Slovakiya, Xorvatiya, Türkiyə, Macarıstan, İrlandiya və Fransadır.

Azərbaycan milli komandası futbolçularının bu il beynəlxalq meydanda son oyundan qələbə ilə ayrıldıqlarını, Bakı Olimpiya Stadionunda Moldova yığması ilə yoldaşlıq görüşündə 2:1 hesabı ilə qələbə qazandıqlarını, 21 yaşadək gənclərdən ibarət komandamızın isə elə həmin gün “Bayıl Arena”da Avropa çempionatı — 2017-nin seçmə yarışları çərçivəsində Rusiya komandasını üç cavabsız qolla məğlubiyyətə uğratdığını da xatırladaq. Gələcəyə ümidi artıran qələbələrdir!

 

Çempionla lider “dinc” nəticəyə razılaşdılar

 

Reykyavikdə (İslandiya) şahmat üzrə Avropa çempionatının beşinci turu ilə turnir məsafəsinin yarısı arxada qalmışdır. Turun daha böyük maraqla gözlənilən görüşündə qitəmizin sonuncu çempionu Azərbaycan komandası indiki lider Rusiya yığması ilə qarşılaşmış və rəqiblər “dinc” nəticəyə razılaşmışlar — 2:2.

Bu prinsipial matçda Şəhriyar Məmmədyarov Pyotr Svidlerlə, Eltac Səfərli Dmitri Yakovenko ilə, Teymur Rəcəbov Aleksandr Qrişukla, Arkadi Naydiç Yan Nepomnyaşi ilə xalı yarı bölmüşlər.

Turun daha bir neçə matçı belə nəticələnmşdir: Macarıstan – Ukrayna – 1,5:2,5, İspaniya – Fransa – 1:3, Serbiya – Gürcüstan – 1:3, Almaniya – İngiltərə – 2,5:1,5, Ermənistan – İtaliya – 2:2.

Finişə dörd tur qalmış lider Rusiyanın 9, sonrakı altı yeri tutan Ukrayna və Gürcüstanın 8, Azərbaycan, Hollandiya və Almaniyanın 7 xalı vardır.

Qadın komandalarının çempionatının beşinci turunda Zeynəb Məmmədyarova, Gülnar Məmmədova, Xəyalə Abdulla və Ülviyyə Fətəliyevadan ibarət heyətimiz Danimarka yığması ilə görüşdə tam üstünlüyə malik olmuşdur – 4:0.

Beş turdan sonra 6 xala malik Azərbaycan komandası 11-ci yerdədir. Turnir cədvəlinə tək-tənha başçılıq edən Rusiya şahmatçıları isə itkisiz irəliləyirlər – 10 xal.

Noyabrın 18-də çempionatda istirahət günü idi. Dünən keçiriləcək altıncı turda Azərbaycanın kişilərdən ibarət komandası Hollandiya ilə görüşəcək, qadın şahmatçılarımızı isə polşalı rəqiblərlə matç gözləyir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında