Bu qəhrəmanlar son dörd Avropa çempionatının dördündə də medal qazanmağı, üstəlik də, iki dəfə çempionluq zirvəsini fəth etməyi bacarmış Azərbaycanın kişilərdən ibarət şahmat komandasının qrossmeysterləridir.
Ölkəmizin fəxrinə, sərvətinə çevrilən parlaq zəka sahibləri bu gün İslandiyanın paytaxtı Reykyavikdə (yeri gəlmişkən, 1972-ci ildə sovet şahmatçısı Boris Spasski ilə amerikalı Robert Fişer arasında dünya birinciliyi uğrunda matçın keçirildiyi şəhərdə) növbəti dəfə Avropa çempionatının medalları uğrunda mübarizəyə başlayacaqlar.
Belə bir mötəbər hadisə ərəfəsində çempionlarımızın son dörd qitə birinciliyində keçdikləri yolu qısaca da olsa xatırlayaq.
2007-ci il. Yunanıstanın İraklion şəhəri. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Vüqar Həşimov, Qədir Hüseynov və Rauf Məmmədovdan ibarət millimiz Avropa çempionatında bürünc medal qazanaraq ilk dəfə mükafatçılar sırasına daxil olur. Çempionluğa Rusiya yığması sevinir, ikinci yeri Ermənistan tutur.
Bundan iki il sonra Avropa çempionatının iştirakçılarını Serbiyanın Novi-Sad şəhəri qəbul edir. Bu dəfə də Azərbaycan komandası İraklionda oynadığı heyətlə çıxış edir. Fərq yalnız bundadır ki, qrossmeysterlərimiz 2007-ci ildəkindən də uzağa gedir, Rəcəbov, Həşimov, Hüseynov, Məmmədyarov və Məmmədov (taxtaların sıra nömrəsi ilə) çempionluğu bayram edirlər. Tarixi qələbədə baş rolu isə Həşimov oynayır. Finişdə Hollandiya komandası ilə matçda məhz Vüqarın ikinci taxtada Daniel Stelvagen ilə görüşdə müvəffəqiyyəti (buna qədər Məmmədyarov, Rəcəbov və Məmmədov öz oyunlarını heç-heçə başa çatdırmışdılar) qızıl medalların taleyini Azərbaycanın xeyrinə həll edir, komandamız tarixində ilk dəfə Avropa çempionu olur. Rusiya ikinci yerdə qalır, üçüncü yeri Ukrayna tutur.
Bütün Azərbaycana böyük sevinc bəxş edən, Avropanı heyrətə gətirən bu nailliyyət ölkəmizdə şahmata, onun inkişafına göstərilən daimi qayğı və diqqətin parlaq təzahürü idi. Ulu öndər Heydər Əliyevin hələ 1998-ci ildə Azərbaycanın uşaq şahmatçılarına qayğının artırılması haqqında imzaladığı iki sərəncam öz gözəl bəhrəsini vermişdi.
Növbəti Avropa çempionatının iştirakçıları 2011-ci ildə yenə də Yunanıstanda, bu dəfə Porto-Karras şəhərində görüşdülər. Azərbaycan komandası (Rəcəbov, Həşimov, Məmmədyarov, Hüseynov və Səfərli) bu turnirdə Almaniya yığmasını özündən irəli buraxsa da, qalan bütün rəqiblərini, o cümlədən üçüncü yeri tutan Macarıstanı qabaqlayıb gümüş mükafatçı oldu. Bu, ardıcıl üç çempionatda üçüncü uğurumuz idi.
Nəhayət, 2013-cü il. Varşava. Vüqar Həşimov xəstəliyi ilə əlaqədar Polşa paytaxtına gedə bilməyib və heyətdə məcburi dəyişiklik edilib. Komanda Avropa çempionatında Məmmədyarov, Rəcəbov, Səfərli, Məmmədov və Hüseynovdan ibarət heyətlə yarışır. Qrossmeysterlərimizin hamısı əsl qələbə əzmi ilə mübarizə aparır və dörd il əvvəl Novi-Sadda olduğu kimi, Varşava-2013-də də zirvəni Azərbaycan fəth edir, ölkəmiz ikinci dəfə Avropa çempionatının qızıl medallarına sevinir. Yarış başa çatan kimi qalib həmvətənlərimiz qələbəni dostları, həyatı çox tez, istedadının çiçəkləndiyi bir vaxtda tərk edən Vüqar Həşimova həsr etdiklərini bildirirlər. Varşavada gümüş medallar qazanan Fransa, bürünc mükafatlarla kifayətlənən Rusiya və daha neçə-neçə ölkə Azərbaycandan geri qalır.
Millimiz Polşadan Vətənə qayıdan kimi Azərbaycan Prezidenti cənab İlham Əliyevin çempion komandanın üzvlərini qəbul edib, onları səmimi təbrik etməsi, qələbələrinin əhəmiyyətini yüksək qiymətləndirməsi də xatirələrdə hələ təzədir.
Bu gün isə komanda ardıcıl beşinci Avropa çempionatında da medal qazanmaq əzmindədir. Reykyavik turnirində 36 ölkə yarışacaq. Azərbaycan yığması İslandiya paytaxtına Rəcəbov, Məmmədyarov, Arkadi Naydiç (əslən latviyalı olan bu şahmatçı son illər Almaniya komandasını təmsil edirdi), Məmmədov və Səfərlidən ibarət heyətlə yola düşmüşdür. Komandanın kapitanı rusiyalı mütəxəssis Aleksandr Xalifmandır.
Çempionat iştirakçılarının reytinq üzrə siyahısında Azərbaycan (2707) Rusiya (2743) və Ukraynadan (2725) sonra üçüncüdür.
Qadın şahmatçıların çempionatında isə starta 30 komanda çıxacaq. Azərbaycan (2301) reytinqə görə onların siyahısında 13-cüdür. İlk üç pillədə Gürcüstan (2517), Rusiya (2513) və Ukrayna (2499) komandaları yer almışlar.
Avropa çempionatında yığmamızın şərəfini kapitan Fikrət Sideifzadənin rəhbərliyi ilə Zeynəb Məmmədyarova, Ülviyyə Fətəliyeva, Gülnar Məmmədova, Xəyalə Abdulla və Nərmin Kazımova qoruyacaqlar.
Azərbaycan şahmat məktəbinin daha bir yetirməsi Xəyalə İsgəndərovanın Türkiyə yığması heyətində çıxış edəcəyini də diqqətə çatdıraq. Maraqlıdır ki, qardaş ölkə reytinq cədvəlində 2297 əmsalla 14-cü pillədədir, yəni cədvəldə Azərbaycanla qonşuluq edir.
Avropa çempionatı İsveçrə sistemi üzrə keçirilir və doqquz turdan ibarətdir. İlk görüşlər bu gün oynanılacaq, finiş isə noyabrın 22- nə təyin edilmişdir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.