Gündən-günə daha güclü görünən Azərbaycan dövlətinin qüdrətinə, yarışdan-yarışa beynəlxalq meydanda uğurlarını və nüfuzunu artıran idmanımızın imkanlarına bələd olanlar 2017-ci ilin may ayında Bakıda keçiriləcək IV İslam Həmrəylik Oyunlarının istər təşkilatçılıq, istərsə də idman nailiyyətləri baxımından 2015-ci ilin iyun ayının unudulmaz 17 günü ərzində bütün dünyanın rəğbətini qazanan “Bakı-2015" birinci Avropa Oyunlarından da möhtəşəm bir tarixi hadisəyə çevriləcəyinə əmindirlər. Çünki hamı–xoş niyyətli, xoş məramlı dostlarımız da, uğurlarımızdan vahiməyə düşən qara qüvvələr də müstəqil Azərbaycan dövlətinin və onun idmanının nəyə qadir olduğunu yaxşı bilirlər.
Xalqımızın Azərbaycanın dövlət müstəqilliyinin 24-cü ildönümünü böyük qürur hissi ilə qeyd etdiyi bir vaxtda “IV İslam Həmrəylik Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 sentyabr 2015-ci il tarixli sərəncam imzalamasından bir ay keçir. Sərəncamda qeyd olunduğu kimi, İslam Həmrəyliyi İdman Federasiyasının 8-ci Baş Assambleyasında IV İslam Həmrəylik Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qəbul edilmiş 2013-cü il 24 iyul tarixli qərar Azərbaycanda məmnunluqla qarşılanmışdır. Bu mühüm hadisə bir daha nümayiş etdirir ki, Azərbaycan Respublikası dünyanın qabaqcıl idman ölkələri sırasında öz layiqli yerini tutmaqdadır.
Bu bizim üçün böyük şərəfdir. İdmanda ardıcıl qələbələr, turnir cədvəllərində yüksək yerlər, çempionlarımızın sinəsini bəzəyən medallar bu sahədə Azərbaycanın zəngin ənənələrinin, respublikada insan həyatının çox mühüm tərkib hissəsinə göstərilən daimi qayğının bəhrəsidir. Bu səbəbdən də beynəlxalq idman dairələrində geniş nüfuza malik Azərbaycanın planetin hər yerində ən qabaqcıl idman ölkələrindən biri kimi tanınması təsadüfi deyil. Bu beynəlxalq etiraf hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur hissi oyadır.
Prezident İlham Əliyev öz çıxışlarında birinci Avropa Oyunlarında idmançılarımızın layiqli qələbəsini yüksək qiymətləndirmişdir. Dövlət başçımız sentyabrın 23-də IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin birinci iclasındakı çıxışında bununla əlaqədar bir daha demişdir: “Oyunlarla bağlı qeyd etməliyəm ki, idmançılarımız bizi sevindirdilər. Azərbaycan tarixi qələbə qazanmışdır, komanda hesabında ikinci yerə layiq görülmüşdür. İdmançılarımız 21-i qızıl olmaqla 56 medal qazanmışlar. Yəni birinci Avropa Oyunları Azərbaycan dövlətinin, xalqının hərtərəfli bayramı, təntənəsi idi. Əminəm ki, gələcəkdə belə bayramlar, qələbələr çox olacaq”.
Avropa Oyunlarında, qitə idmançılarının ilk ən ali, deməli, həm də tarixi məclisində yalnız Rusiya yığmasından geri qalıb ümumkomanda hesabında 50 ölkə arasında ikinci yeri tutan Azərbaycan komandasının müvəffəqiyyəti bir də ona görə ikiqat fərəhli və ümidvericidir ki, bu uğurlar olimpiyaqabağı ildə, Rio-de-Janeyro Olimpiadası-2106-ya 14 ay qalmış qazanılmışdır. Bu gün isə uzaq Braziliyada XXXI Yay Olimpiya Oyunlarının açılış mərasimindən idman aləmini 300 gündən də az vaxt ayırır. İdmanımızın ən yaxşı nümayəndələri Azərbaycan üçün Olimpiadaya artıq 21 lisenziyanı təmin etmişlər və onları hələlik ölkəmiz üçün yalnız ilk olimpiya “biletləri” hesab etmək olar. Çünki Rioya aparan yolda hələ çox yarış olacaq və heç kim lisenziyalarımızın sayının qat-qat artacağına şübhə etmir.
Azərbaycanın dövlət müstəqilliyi illərində, xüsusən də 2000-ci ildən bəri Beynəlxalq Olimpiya Komitəsi, Avropa Olimpiya Komitəsi, ayrı-ayrı federasiyalar tərəfindən ölkəmizdə idmanın inkişafına daimi qayğının yüksək qiymətləndirilməsi, idman təşkilatlarımıza böyük etimad göstərilməsi, onlarla, yüzlərlə mötəbər yarışın, Olimpiya təsnifat turnirlərinin, dünya və Avropa çempionatalrının, “Qran-pri”lərin və digər məsul startların təşkilinin məhz Bakıya etibar olunması çox şeyə sübutdur.
Bütün bunlar, əlbəttə ki, Azərbaycanın idmanın inkişafı sahəsində həyata keçirdiyi müntəzəm, məqsədyönlü və təxirəsalınmaz işlərin, cəsarətli təşəbbüslərin nəticəsidir. Burada Avropa Oyunları ərəfəsində Serbiya Milli Olimpiya Kmitəsinin icraçı direktoru Damir Staynerin “Azərbaycan qeyri-adi cəsarət göstərir” fikrini xatırlamaq kiyafətdir: “Azərbaycanın idman obyektlərinin tikintisində nümayiş etdirdiyi qeyri-adi cəsarət və mehribanlıq, şübhəsiz, bu idman hadisəsinə uğur gətirəcək. Azərbaycan idmanda da digər sahələr kimi, sürətlə inkişaf edir. Mən Avropa Oyunlarının böyük idman hadisəsi olacağına inanıram. Bu, Avropa idmanı üçün əhəmiyyətli tarixi andır...”
Həqiqətən, son bir neçə ildə Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, “Crystall Hall”, Atıcılıq İdmanı Mərkəzi, Su İdmanı Sarayı kimi bir-birindən müasir, bütün beynəlxalq standartlara cavab verən əzəmətli idman bazalarının yaradılmasında böyük hünər göstərilmişdir. İdman qurğularımızın hamısı açılış mərasiminə hələ on doqquz ay qalmış IV İslam Həmrəylik Oyunlarının bütün iştirakçılarını və qonaqlarını qəbul etməyə, demək olar, tam hazırdır.
Azərbaycan paytaxtında ən mötəbər yarışların necə yüksək səviyyədə təşkil olunduğunu bu yaxınlarda keçirilmiş Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Dünya kuboku turnirinin iştirakçıları da yekdilliklə, təşkilatçılara dərin minnətdarlıq hissi ilə qeyd etmişlər. Qrossmeysterlərin yarış günlərində söylədikləri bəzi fikirlərə diqqət yetirək:
Dünya kubokunun qalibi Sergey Karyakin (Rusiya): Turnirin təşkili ilə əlaqədar dəmək istərdim ki, Azərbaycanda məni təəccübləndirmək çətindir. Axı mən Bakı və Şəmkirdə turnirlərdə oynamışam. Amma bu dəfə yaşadığımız otelə heyran qalmışam. Bakı ildən-ilə dəyişir, yarışların təşkili haqqında isə yalnız xoş sözlər söyləyə bilərəm. Artıq indidən deyə bilərəm ki, gələn il Bakıda keçiriləcək Ümumdünya Şahmat Olimpiadası bu yarışların bütün tarixi ərzində təşkilati baxımdan ən yaxşı Olimpiada olacaq.
Finalda Karyakinin rəqibi və həmvətəni Pyotr Svidler: Bakıda hər bir turnir yüksək səviyyədə təşkil olunur. Ona görə də şahmatçılar həmişə Azərbaycan paytaxtına məmnuniyyətlə gəlirlər. Əminəm ki, gələn il Bakıda Ümumdünya Şahmat Olimpiadası da ən yüksək səviyyədə təşkil olunacaq.
Keçmiş dünya çempionu Veselin Topalov (Bolqarıstan): Bakıda Dünya kuboku mənim üçün ən yaxşı turnirlərdən biri oldu. Belə şəraitdə oynamaq xoş idi. Gələn il Bakıda Olimpiada keçiriləcək. Şübhəsiz, sizdən sonra Olimpiadanı keçirmək çox çətin olacaq.
Dünyanın ən yüksək reytinqli qrossmeysterlərindən biri, iddiaçıların şahmat tacı uğrunda növbəti turnirinin iştirakçısı Hikari Nakamura (ABŞ): Bakıda olmaq çox xoş idi və gələn il Olimpiadada iştirak etmək üçün yenidən buraya qayıdacağım günü səbirsizliklə gözləyirəm.
Belaruslu qrossmeyster Sergey Jiqalko: Bakı çox xoşuma gəlir. Mən burada çox olmuş və iki dəfə “Baku Open” beynəlxalq turnirində iştirak etmişəm. Əgər Bakıda keçirilən Dünya kuboku haqqında danışsaq, bu mənim iştirak etdiyim yarışlar arasında təşkilatçılıq baxımından ən yaxşısıdır. Hər şey çox yüksək səviyyədədir, özümü evdəki kimi hiss edirəm. Hər şey ona yönəldilib ki, hər bir iştirakçı üçün yaxşı və rahat olsun. Başlıcası isə, burada insanlar çox yaxşıdırlar. Mən artıq demişəm ki, şəhər çox xoşuma gəlir. Dənizkənarı park isə, sadəcə, valehedicidir. Yəqin ki, Bakı dünyanın ən gözəl şəhərlərindən biridir...
Olimpiyaqabağı ildə, Rioda XXXI Olimpiada startları qarşısında Azərbaycan idmançılarının Olimpiya oyunlarında keçdikləri yolu da qısaca xatırlamaq yəqin ki, yerinə düşər. Təmsilçilərimiz bu dövr ərzində iştirakçısı olduqları Atlanta-1996, Sidney-2000, Afina-2004, Pekin-2008 və London-2012 Olimpiya Oyunlarında üst-üstə 26 medal qazanmışlar ki, bunların da 6-sı ən yüksək əyarlı, qızıl mükafatdır. Olimpiadadan Olimpiadaya medallarının sayını artıran Azərbaycan idmançıları dünya atletlərinin ən ali məclisində ən yüksək nailiyyətlərinin sevincini üç il əvvəl İngiltərə paytaxtında yaşamışlar-2 qızıl, 2 gümüş və 6 bürünc medal!
Azərbaycan idmanının ən yaxşı nüamyəndələrinin Olimpiya oyunlarında getdikcə artan nailiyyətləri ümid etməyə əsas verir ki, həmvətənlərimiz gələn il də çətin sınaqlardan böyük şöhrətə aparan Olimpiya startları meydanında özlərini ən yaxşı cəhədən göstərəcək və ökəmizə Londondakından da çox medal gətirəcəklər.
Bu sözləri eləcə də paralimpiyaçılara aid etmək olar. İngiltərədə 12 mükafat-4 qızıl, 5 gümüş və 3 bürünc medal qazanaraq ümumkomanda hesabında 27-ci yeri tutmuş Azərbaycan paralimpiyaçılarının uğurları bir daha təsdiq edir ki, respublikamızda fiziki cəhətdən qüsurlu şəxslərin də idman hazırlığı dövlətin daimi qayğısı ilə əhatə olunmuşdur. Təsadüfi deyil ki, paralimiyaçılarımızın bu yarışların ikiqat çempionu və Avropa Oyunlarının qalibi cüdoçu İlham Zəkiyev kimi dünya şöhrətli yenilməz lideri vardır.
İslam Həmrəylik Oyunları həm dünya, həm də İslam aləmi üçün çox önəmli idman hadisəsidir və onun təşkili hüququnun respublikamıza verilməsi göstərir ki, Azərbaycan dünya miqyasında çox böyük nüfuza malik ölkədir. Hamı inanır və möhkəm əmindir ki, Yay Olimpiya Oyunları səviyyəsində keçirilmiş birinci Avropa Oyunları kimi IV İslam Həmrəylik Oyunaları da ən yüksək səviyyədə təşkil olunacaq, Azərbaycana öz potensialını bir daha bütün dünyaya nümayiş etdirmək imkanı verəcək.
Bununla da müstəqil siyasət aparan, heç bir xarici qüvvənin diktəsi ilə oturub-durmayan, həyatın istinasız olaraq bütün sahələrində əsl tərəqqi yolu ilə irəliləyib sürətli inkişafı ilə dünyanı heyrətə gətirən Azərbaycan növbəti uğuru, tarixi nailiyyəti ilə dostlarının alqışlarını qazanacaq, qələbələrimizi gözü götürməyən bədxahlarımızı isə növbəti dəfə susmağa, bəzi xarici dairələr tərəfindən ölkəmizə qarşı aparılan çirkin qarayaxma kampaniyasından əl çəkməyə məcbur edəcəkdir.
Azərbaycan böyük beynəlxalq yarışların keçirilməsi və ən yüksək səviyyədə təşkili cəhətdən artıq kifayət qədər təcrübəyə malikdir. “Bakı-2015” birinci Avropa Oyunları günlərində idman təşkilatlarımızın həyata keçirdikləri işlərə, möhtəşəm idman bazalarımıza, bütün əlaqədar təşkilatların birgə səylə nümunəvi fəaliyyətinə heyranlıqlarını gizlədə bilməyən xarici ölkə mütəxəssisləri, milli olimpiya komitələrinin rəhbərləri və üzvləri, ayrı-ayrı beynəlxalq federasiyaların nümayəndələri gələcəkdə öz ölkələrində mötəbər beynəlxalq yarışlar keçirməyə hazırlaşarkən Bakının təcrübəsindən istifadə edəcəklərini söyləyirdilər.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, birinci Avropa Oyunlarının yüksək səviyyədə təşkilində böyük xidmətləri olmuş Mehriban Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə IV İslam Həmrəylik Oyunlarının Təşkilat Komitəsinin sentyabrın 23-də keçirilmiş birinci iclasında bu barədə belə demişdir:
– Əlbəttə, Təşkilat Komitəsi birinci Avropa Oyunlarının hazırlanması və keçirilməsi dövründə böyük təcrübə əldə etdi. İslam Həmrəylik Oyunlarının da hazırlığında biz həmin prinsiplərlə çalışacağıq, işləyəcəyik. Biz çalışacağıq ki, ilk növbədə, Azərbaycan xalqı üçün növbəti böyük idman bayramı təşkil edək. Eyni zamanda, çalışacağıq ki, ölkəmizə gələn, Oyunlarda iştirak edən hər bir idmançı, hər bir qonaq özünü çox rahat, evindəki kimi hiss etsin.
Şübhəsiz, məhz belə də olacaq, Azərbaycan, Bakı inanılmaz təşkilatçılıq bacarığı, mükəmməl hazırlığı və yüksək mədəniyyəti ilə böyük etimadı yenə də şərəflə doğruldacaq.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.