Futbol üzrə İtaliya millisi “Avro-2016” ya vəsiqəni Bakıda rəsmiləşdirib

Oktyabrın 10-da futbol üzrə “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində “H” qrupunda yer alan Azərbaycan və İtaliya yığma komandaları qarşılaşıb.

AZƏRTAC xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşdə İtaliya millisi 3:1 hesabı ilə qalib gələrək 2016-cı ildə Fransada keçiriləcək Avropa çempionatına vəsiqəni rəsmiləşdirib.

Oyun ilk dəqiqələrdən qarşılıqlı hücumlarla başlayıb. Qarşılaşmanın 6-cı dəqiqəsində komandamızın hücumu zamanı Rahid Əmirquliyevin vurduğu topu qapıçı Canluici Buffon tutub. Beş dəqiqə sonra sol cinahdan rəqibin cərimə meydançasına daxil olan R.Əmirquliyevin qapıya zərbəsini əfsanəvi qapıçı yenə dəf edib.

Oyunda hesab 11-ci dəqiqədə açılıb. Marko Verrattinin uzun ötürməsindən sonra qapıçı Kamran Ağayev ilə təkbətək qalan Eder komandasını hesabda irəli çıxarıb - 0:1. Ardıcıl hücumlarını davam etdirən italiyalılar beş dəqiqə sonra daha bir qol vəziyyəti yaradıblar. Lakin Qrasiano Pellenin zərbəsini dəf edən Kamran Ağayev topu meydandan çıxara bilib.

Görüşün 31-ci dəqiqəsində Dmitri Nazarov rəqib müdafiəçilər Corco Kyellininin və Leonardo Bonuççinin çaşqınlığından istifadə edərək hesabı bərabərləşdirib - 1:1.

Qoldan sonra dördqat dünya çempionları hücumlarının sayını daha da artırıblar. Stefan Əl Şaaravi bir neçə dəfə fərqlənmək imkanı qazansa da, istəyinə 43-cü dəqiqədə çatıb və Antonio Kandrevanın ötürməsindən sonra komandasını yenidən hesabda irəli çıxarıb - 1:2.

İlk hissə bu hesabla da başa çatıb.

Nisbətən sakit məcrada davam edən ikinci yarıda ilk ən təhlükəli vəziyyət görüşün 62-ci dəqiqəsində yaranıb. Müdafiəçilərimizin uğursuz süni ofsayd yaratmaq cəhdindən sonra Kamran Ağayev ilə təkbətək qalan Eder topu boş qapıya göndərsə də, millimizin kapitanı Rəşad Sadıqov son anda özünü yetirərək komandamızı qoldan xilas edib. Lakin üç dəqiqə sonra Matteo Darmian komandasının üçüncü qolunu vurub - 1:3. Bu, gənc futbolçunun İtaliya millisinin heyətində ilk qolu olub.

Beləliklə, Bakıda Azərbaycan yığmasına 3:1 hesabı ilə qalib gələrək xallarının sayını 21-ə çatdıran İtaliya millisi “Avro-2016"nın final mərhələsində oynamaq hüququnu təmin edib.

Hesabında 6 xal olan Azərbaycan yığmasının qrupdakı mövqeyi dəyişməyib.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında