UEFA: “Qarabağ” qəhrəmanlar sırasında

Avropanın ali futbol təşkilatının saytı Avroliqanın qrup mərhələsinin ikinci turunun görüşlərində xüsusilə fərqlənmiş komandaların oyunlarını şərh edərkən Belçikanın “Anderlext” klubunu gərgin mübarizədə 1:0 hesabı ilə məğlubiyyətə uğratmış Azərbaycanın “Qarabağ” komandasını da turun qəhrəmanları sırasında qeyd etmişdir.

Həqiqətən, zəngin təcrübəli və kifayət qədər güclü rəqiblə oyunda qazanılmış mühüm qələbə ölkə çempionumuzun bütün görüş ərzində meydanda nümayiş etdirdiyi yüksək fəallığın, əzmkarlığın, başlıcası isə, futbol ictimaiyyətinin arzuladığı məzmunlu oyunun bəhrəsidir. Azərbaycana böyük sevinc gətirən bu qələbə bir də ona görə ikiqat fərəhlidir ki, Qurban Qurbanovun komandasının qrup mərhələsində ilk müvəffəqiyyəti iki turdan sonra “Qarabağ”ı “J” qrupunun turnir cədvəlində ikinci pilləyə yüksəltmiş, üstəlik də, lider “Tottenhem”ə (İngiltərə) çox yaxınlaşdırmışdır.

Düşünmək olar ki, Tofiq Bəhramov adına Respublika Stadionuna toplaşıb öz sevimli komandalarını yorulmadan ruhlandıran, görüşdən sonra isə onu meydandan alqışlarla yola salan azarkeşlər də, qələbədən böyük zövq alan yüz minlərlə televiziya tamaşaçısı da Ağdam klubunun ifasında mükəmməl oyun gördülər. “Qarabağ” görüşdən-görüşə müdafiə xəttində daha inamlı, hücumda daha kəskin və

rəngarəng oyun nümayiş etdirir. Hesabat matçının birinci yarısında Almeydanın uzaq məsafədən gözlənilməz zərbə ilə vurduğu gözəl qol da hələ çox xatırlanacaq. Bütövlükdə isə srağagün “Qarabağ”ın ifasında gördüyümüz oyun növbəti turları daha böyük inamla gözləməyə ciddi əsas verir...

İkinci turda bu qrupun digər görüşündə “Monako” (Fransa) və “Tottenhem” bir-birinə üstün gələ bilməyərək, heç-heçəyə “razılaşmışlar”-1:1.

İki turdan sonra qrupun lideri “Tottenhem”in 4, Azərbaycan çempionunun 3, “Monako”nun 2, “Anderlext”in 1 xalı vardır. Qrupda növbəti oyunlar oktyabrın 22-də keçiriləcəkdir. Həmin gün “Qarabağ” futbolçuları “Monako”nun qonağı olacaqlar.

“Qəbələ” də Rusiya səfərinə mübariz əhval-ruhiyyə ilə yola düşmüşdü. Komandanın Krasnodarın “Kuban” stadionunda göstərdiyi fəallıq da bunu təsdiq etdi. “Krasnodar”ın artıq 8-ci dəqiqədə hesabda irəli çıxması da Azərbaycan futbolçularını ruhdan salmadı və ikinci hissənin əvvələrində cavab topu vuran Dodo komandaların imkanlarını bərabərləşdirdi. Təəssüf ki, heç-heçə hesabını qoruyub saxlamaq mümkün olmadı. Hakimin final işarəsinə beş-altı dəqiqə qalmış meydan sahibləri qələbə topuna sevindilər. “Qəbələ” çətin səfər matçında 1:2 hesabı ilə uduzsa da cəsarətli oyunu ilə pis təsir bağışlamadı.

Bu rəqiblərin çıxış etdikləri “C” qrupunda turun PAOK (Yunanıstan)-“Borussiya” (Dortmund, Almaniya) görüşündə 1:1 hesabı qeydə alınmışdır.

Hazırda almanlar 4, Rusiya klubu 3, yunanlar 2, Qəbələ futbolçuları 1 xala malikdirlər. Oktyabrın 22-də üçüncü tur çərçivəsində Azərbaycan klubu qrupun lideri “Borussiya”nı qəbul edəcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında