Məmmədyarov tay-breklərdən qaçan Karuanaya qarşı

Şəhriyar Məmmədyarovun 1/16 finalda klassik görüşlərin ikinci oyun günü hindistanlı Papayapan Seturaman ilə heç-heçəyə razılaşıb, onunla matçın taleyini öz xeyrinə həll etdiyi (1,5:0,5) axşam Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Dünya kuboku turnirinin daha səkkiz iştirakçısı fəxri mükafata doğru növbəti uğurlu addım atdı.

Azərbaycanlı qrossmeysterlə yanaşı, rusiyalılar Sergey Karyakin, Dmitri Yakovenko, Çin təmsilçiləri Din Lijen, Vey İ, Fabiano Karuana (ABŞ), polyak Raymond Voytaşek, hollandiyalı Aniş Giri və Pavel Elyanov da (Ukrayna) üçüncü mərhələdə qarşılarında duran vəzifəni “əsas vaxtda” yerinə yetirdilər.

Bu mərhələdə yüksək reytinqli bir neçə şahmatçı isə Azərbaycan paytaxtını vaxtından əvvəl tərk edənlər sırasına qoşuldu. Artıq Aleksandr Qrişuk (Rusiya), Vasili İvançuk (Ukrayna) və Peter Lekda (Macarıstan) “silahı yerə qoymuşlar.

Üçüncü mərhələnin klassik görüşlərinə yekun vurulduqdan sonra səkkizdəbir finalda qarşılaşacaq cütlərdən dördü qəti məlum oldu. Məmmədyarovun bəxtinə Karuana düşmüşdür. Bir çox il ərzində Şəhriyara və digər şahmatçılarımıza qarşı italiyalı kimi mübarizə aparmış, hazırda isə ABŞ-ı təmsil edən Karuana beynəlxalq dairələrdə parlaq zəka sahibi kimi çox yüksək nüfuza malikdir.

Elə Məmmədyarov da Dünya kuboku turnirinin mətbuat xidmətinə müsahibəsində bu rəqiblə qarşıda onu gözləyən görüşlər haqqında danışarkən deyib ki, Karuananı təqdim etməyə ehtiyac yoxdur. O, güclü rəqibdir, səhvləri bağışlamır. Çıxış yolu birdir-qalib gəlmək lazımdır.

Burada Karuananın Bakı turnirində keçdiyi yolu bir daha xatırlayaq: tunisli Əmir Zaibi üzərində qələbə-2:0, Rauf Məmmədov və kanadalı Anton Kovalyovla görüşlərdə eyni hesabla (1,5:0,5) müvəffəqiyyət. Göründüyü kimi, Fabiano əlavə gərginliyə məruz qalmamaq üçün keçirdiyi hər üç matçda əsas görüşlərdən qalib ayrılıb, tay-breklərdən qaçmaq məqsədinə çatmışdır.

Səkkizdəbir finalda daha üç matç maraqla gözlənilir. Bu matçlarda Giri Voytaşeklə, Yakovenko Elyanovla, Din Lijen Bey İ ilə qarşılaşacaqlar. Maraqlıdır, sonuncu görüşdə çinli həmvətənlər bir-birini oyundan çıxarıb, paytaxtımızda daha çox qalmağa, kuboka doğru növbəti addım atmağa çalışacaqlar.

Klassik görüşlərdən sonra dördüncü mərhələnin qapısını öz üzlərinə aça bilməyənlər isə bütün ümidlərini tay-breklərə bağlamalı oldular. Veselin Topalov (Bolqarıstan)-Lu Şanley (Çin), Uesli So (ABŞ)-Le Quanq Lyöm (Vyetnam), Leniyer Dominges (Kuba)-Hikaru Nakamura (ABŞ), Vladimir Kramnik-Dmitri Andreykin (hər ikisi Rusiya), Yevgeni Tomaşevski – Maksim Vaşye-Laqrav (Fransa) matçlarında əsas görüşlərdən sonra qaliblər müəyyənləşməmişdi.

Teymur Rəcəbov da dünən keçirilən tay-breklərin iştirakçıları sırasında idi. İlk iki mərhələdə ABŞ təmsilçisi Samuel Sevyana və israilli İlya Smirinə “qısa” görüşlərdə inamla qalib gələn (2:0) azərbaycanlı qrossmeyster 1/16 finalda Pyotr Svidlerə tay-brekdə uduzaraq turniri tərk etmişdir.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında