Dünya kuboku meydanında 32 iddiaçı qalır

Səkkiz rusiyalı,  dörd çinli, Azərbaycan, ABŞ və  Ukraynanın  hərəsindən üç qrossmeyster  və  daha on bir ölkənin  hər  birindən  bir  şahmatçı. Sentyabrın 11-də  Bakıda FİDE-nin Dünya kuboku  turnirində  mübarizəyə  qoşulmuş yüz iyirmi səkkiz  iştirakçıdan 96-sı  artıq  bu  yarışla  vidalaşmış  və  meydanda  cəmi otuz iki  rəqib qalmışdır.  Şübşəsiz,   indi  kuboka  və  iddiaçıların  dünya  şahmat  tacı  uğrunda  turnirində oynamaq  hüququ verən iki  vəsiqəyə aparan yolda  mübarizə  daha  kəskin  şəkil  alacaq.

Rüstəm Qasımcanov (Özbəkistan), Boris Gelfand (İsrail), Qata Kamskidən (ABŞ) sonra  turnirdə çıxışlarını  dayandırmağa  məcbur olan yüksək iddialı  qrossmeysterlər arasında Pentala  Harikrişna (Hindistan), David Navara (Çexiya), Van Hao (Çin), Levon Aronyan (Ermənistan)  və başqaları  vardır.

Azərbaycan  şahmatının  liderləri  Şəhriyar Məmədyarov, Teymur  Rəcəbov, milli komandamızın  digər  üzvü Qədir  Hüseynov 1/16 final  matçlarını yaxşı  əhval-ruhiyyə  ilə  qarşılamışlar. Dostlar  kuboka  doğru  daha  bir addım atmışlar. Hüseynov ikinci  mərhələdə Navara ilə  matçın  taleyini  artıq  klassik  görüşlərdə  həll etmiş,   Rəcəbov  və  Məmmədyarov  isə  tay-breklərdə müvafiq  surətdə  israilli  İlya Smirin  və  turnirin  yeganə  qadın  iştirakçısı, dünya  çempionu Hou İfan (Çin)    üzərində  qələbələrdən sonra bir-birinin  uğuruna  şərik  çıxmışlar. Onlar bu  qələbələri ilə  həm də  üçüncü mərhələ sınaqları meydanında  Qədiri  tək  buraxmamışlar.

Həmişəki kimi, dünən  saat 15-də starta  çıxan 1/16  final  mərhələsində  Rəcəbov rusiyalı Pyotr Svidler  ilə  qarşılaşır,   Məmmədyarovun  rəqibi  hindistanlı Seturamandır, Hüseynov isə  Çin  şahmatçısı Din Lijen  ilə   görüşür.

Bu  mərhələdə Aniş Giri (Hollandiya) – Peter Leko (Macarıstan), Yevgeni Tomaşevski (Rusiya) – Maksim Vaşye – Laqrav (Fransa), Aleksandr Qrişuk (Rusiya) –  Pavel Elyanov (Ukrayna), Vladimir Kramnik – Dmitri Andreykin (hər ikisi Rusiya), Dmitri Yakovenko (Rusiya) – Vasili İvançuk (Ukrayna), Hikaru Nakamura (ABŞ) – Yan Nepomnyaşi (Rusiya)  matçlarının  da  nəticələri maraqla  gözlənilir.  Elə digər  görüşlərdə də  mübarizənin  əvvəldən  axıradək  gərgin  keçəcəyi  heç  kimdə  şübhə  doğurmur.

Norveçli  dünya  çempionu Maqnus Karlsen və  keçmiş  dünya çempionu  hindistanlı  Vişvanatan Anand  istisna  olmaqla,  planetin bütün  ən yaxşı  zəka  sahiblərini  və  bir çox  məşhur  mütəxəssisi  paytaxtımıza  gətirmiş Dünya  kuboku  turnirinin  görüşləri şahmat  aləmində böyük diqqətlə  izlənilir  və hamı  Bakıda onlar üçün  yaradılmış  şəraitdən  məmnuniyyətlə  söhbət açır. 

Məsələn,  Rusiya yığma komandasının  liderlərindən  biri Sergey Karyakin 1/32 finalda  ABŞ  təmsilçisi  Aleksandr Onişuk üzərində  qələbədən sonra  öz  müsahibəsində  demişdir: “Hər şeydən əvvəl demək istəyirəm ki, Bakı ən çox  səfər etdiyim  şəhərlərdən biridir. Gözəl yerdir, burada çoxlu dostum  var.  Ona  görə  də özümü çox  rahat hiss edirəm. Görüşlərə  gəldikdə,  Onişukla klassik  oyunda  səhvlərə  yol verdim,  bu səbəbdən də sonra  məğlubiyyətdən xilas olmağa  çalışdım. Budur, artıq 1/16 finaldayam  və  Bakıda  mümkün qədər çox  qalacağıma  ümid edirəm”.

Azərbaycan  paytaxtının  qalan qonaqları  da  şəhərimizdə Dünya  kuboku  turnirinin yüksək səviyyədə  təşkil olunduğunu  yekdilliklə  və dərin  minnətdarlıq  hissi ilə  bildirir,  bu yarışın  həm də 2016-cı ildə Bakıda  keçiriləcək 42-ci  Ümumdünya Şahmat Olimpiadasına  hazırlıq baxımından  baş maşq  xarakteri  daşıdığını  söyləyirlər.

Hələlik isə  bütün  nəzərlər Dünya kubokuna  yönəlmişdir.  Onun  sevincini kim yaşayacaq?  Bəs  qaliblə  yanaşı,  iddiaçıların  tac uğrunda  turnirinə ikinci  vəsiqəni  kim qazanacaq?..

Dünən Məmmədyarov Seturamana qalib gəlib, üçüncü mərhələyə də qələbə ilə başlamış Rəcəbov və Hüseynov isə Svitler və Bin Lijen ilə heç-heçə oynamışlar.

Oqtay BAYRAMOV,
“Xalq  qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında