İDMAN

"SOCAR": Bu dəfə 4,5:1,5
Azərbaycanın "SOCAR" komandası Bolqarıstanın Plovdiv şəhərində keçirilən şahmat üzrə klublararası Avropa çempionatında ikinci qələbəsini qazanmışdır. Turnirin startında Makedoniya təmsilçisini məğlubiyyətə uğradan (5,5:0,5) klubumuz ikinci turda Belçikanın "Eynatten-KSK47" komandasına 4,5:1,5 hesabı ilə qalib gəlmişdir.
"SOCAR"ın lideri Şəhriyar Məmmədyarovun oynamadığı bu matçda Aleksey Şirov, Rüstəm Qasımcanov və Eltac Səfərli qələbə qazanmış, Teymur Rəcəbov, Maksim Vaşye -Laqrav və Rauf Məmmədov isə rəqibləri ilə heç-heçəyə razılaşmışlar.
İki turdan sonra on komanda, o cümlədən Azərbaycan klubu hərəyə 4 xal toplamışdır. Dünən keçirilən üçüncü turda "SOCAR" Ukraynanın "ADAN DZO-PVMB Cherniqiv" klubu ilə görüşmüşdür.

{nl}

Anand, Topalov, Həşimov...
Bu gün Çin Xalq Respublikasının Nansizn şəhərində "Böyük dəbilqə" şahmat yarışlarının yeni mərhələsinə start veriləcək. İki dövrədən ibarət turnirdə altı qrossmeyster mübarizə aparacaq.
Superturnirdə dünya şahmat tacının hazırkı sahibi Vişvanatan Anand (Hindistan, 2800), keçmiş dünya çempionu Veselin Topalov (Bolqarıstan, 2803) və FİDE-nin reytinq cədvəlinin lideri Maqnus Karlsenlə (Norveç, 2826) yanaşı azərbaycanlı qrossmeyster Vüqar Həşimov (2719), çinli Van Yue (2732) və fransız Etyen Bakronun (2716) iştirakı ilə keçiriləcək görüşlər böyük maraqla gözlənilir.
Məşhur chesspro.ru saytının qarşıdakı yarış barədə yaydığı xəbərdə həmçinin bildirilir ki, turnirə oktyabrın 30-da yekun vurulacaq. Turların Bakı vaxtı ilə 11.30-da başlanacağını, sonuncu "raundda" isə ilk gedişlərin yenə bizim vaxtla səhər saat 7-də oynanılacağını da diqqətinizə çatdıraq.

{nl}

Gənc şahmatçılarımız Halkidikidə
Bu gün Yunanıstanın Halkidiki şəhərində 8-18 yaşlı oğlan və qızlar arasında şahmat üzrə dünya çempionatına start veriləcəkdir. İsveçrə sistemi üzrə keçirilib 11 turdan ibarət olan bu yarış oktyabrın 30-da finişə çatacaq.
Dünya çempionatının medalları uğrunda Azərbaycan şahmat məktəbinin bir qrup gənc yetirməsi də mübarizə aparacaq. Onların arasında yüksək yerlərə iddialı şahmatçılar az deyil. Məsələn, oğlanların yarışında Nicat Abbasov və Ülvi Bacarani 16 yaşlı rəqiblərlə mübarizədə, Vasif Durarbəyli 18 yaşlıların turnirində fərqlənə bilərlər. Qızların dünya çempionatında isə 10 yaşlı Xanım Balacayeva, 12 yaşlılar Aydan Höcətova, Günay Məmmədzadə, 14 yaşlılar qrupunda Ülviyyə Fətəliyeva və 18 yaşlıların rəqabətində Nərmin Kazımovadan yüksək nəticələr gözləmək olar. Elə qalan həmyerlilərimiz də Yunanıstana mübariz əhval-ruhiyyə ilə yola düşmüşlər.

{nl}

"Nəhənglər" kölgədə qalır
Türkiyə milli futbol çempionatında səkkiz turdan sonra turnir cədvəlinə 20 xala malik "Bursaspor" başçılıq edir. İkinci-üçüncü mövqelərdə olan "Trabzonspor" və "Kayserispor" 17 xal toplamışlar. Ölkənin "nəhəng" klubları isə hələlik kölgədə qalır. "Fənərbağça" ilə "Beşiktaş" hərəyə 13 xalla altıncı-yeddinci pillələrdədir, onlardan bir xal geri qalan "Qalatasaray" doqquzuncu yeri tutur.
Səkkizinci tur tərkibində Azərbaycan milli komandasının kapitanı Rəşad Sadıqovun da çıxış etdiyi "Əskişəhərspor" üçün uğurlu olmuşdur. Bu klub "İstanbul BB" komandası ilə görüşdə 1:0 hesabı ilə qələbə qazanmışdır. Sadıqov bütün 90 dəqiqə ərzində oynamışdır.
Doqquzuncu turun görüşləri oktyabrın 22-25-də keçiriləcəkdir. "Əskişəhərspor" bu turda "Karabükspor"un qonağı olacaq. Sonuncu klub hazırda 14 xalla turnir cədvəlinin dördüncü pilləsindədir.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında