Qrossmeysterlərin Bakı sammiti: kimi sevinir, kimi də...

İştirakçılarının tərkibinə görə ən mötəbər şahmat hadisələrindən biri kimi qrossmeysterlərin Bakı sammiti də adlandıra biləcəyimiz Dünya kuboku-2015-in  birinci mərhələsinin görüşləri arxada qalmışdır. Yüz iyirmi səkkiz rəqibdən yarısı, start görüşləri sınaqlarından çıxa bilməyənlər böyük təəssüf hissi ilə turnirlə vidalaşır, qaliblər isə kuboka doğru daha bir addım atmaq imkanı qazanmalarına təbii ki, sevinirlər.

“Fairmont” otelindəki gərgin mübarizə meydanında yoluna davam edən altmış dörd iddialı rəqibdən dördü Azərbaycan şahmat məktəbinin yetirmələridir. Şəhriyar Məmmədyarov və Rauf Məmmədov startda rəqiblərinin öhdəsindən nisbətən asanlıqla gəlmişlər. Onlar müvafiq surətdə iranlı İdani Puyya və rusiyalı Yevgeni Nayerlə görüşlərin taleyini  klassik şahmatda həll etmişlər-1,5:0,5. Teymur Rəcəbov və Qədir Hüseynov isə 1/64 finaldan 1/32 finala adlamaq üçün “penaltilər seriyasında” iştirak etmişlər. Hər iki qrossmeysterimiz sürətli oyunda daha dəqiq gedişlər etmişdir. Rəcəbov ABŞ təmsilçisi Samuel Sevyan ilə klassik görüşlərdə 1:1 hesabından sonra tay-breyklərdə iki qələbə qazanaraq ümumi hesabı 3:1-ə çatdırmış, Hüseynov da rusiyalı Maksim Matlakovla matçın “əsas vaxtında” heç-heçədən sonra “qısa” görüşlərin hər ikisindən qalib ayrılmışdır.

Təəssüf ki, digər iki qrossmeysterimiz mübarizəni tez dayandırmalı olmuşdur. Eltac Səfərli klassik şahmatda macar Çaba Baloq ilə heç-heçə oynamış,  tay-breyklərdə 0,5:1,5 hesabı ilə uduzmuş, Vasif Durarbəyli isə vyetnamlı Le Quanq Lyömə məğlub olmuşdur-0,5:1,5.

Start mərhələsində uğursuzluğa məruz qalanlar arasında özbəkistanlı keçmiş dünya çempionu Rüstəm Qasımcanov, dünya şahmat tacı uğrunda matçda norveçli dahi Maqnus Karlsenin rəqibi olmuş Boris Gelfand (İsrail) və daha bir məşhur qrossmeyster Qata Kamski (ABŞ) də vardır. Qasımcanov Kanada təmsilçisi Anton Kovalyov qarşısında geri çəkilmiş, Gelfand isə 19 yaşlı Çili şahmatçısı Kristobal Enrikesə uduzmuşdur.

Paytaxtımızı erkən tərk etməyə məcbur olan digər qrossmeyster Q.Kamski Dünya kuboku turnirinin mətbuat xidmətinə müsahibəsində demişdir: Hər dəfə Bakıda olarkən təəccüblənirəm. Bu dəfə Dünya kuboku turnirinin keçirildiyi binaya valeh oldum. Şahmatçılar üçün hər cür şərait yaradılıb. Mən çox razıyam. Təəssüf ki, bu dəfə Bakını erkən tərk edirəm. İndi öz dostlarıma azarkeşlik edəcəyəm. İstərdim ki, Məmmədyarov və Rəcəbov uğur qazansınlar. Biz uzun müddət eyni komandalarda çıxış etmişik.

Birinci dövrənin xoşbəxtlərindən biri, rusiyalı Vladislav Artemyev isə chess-news saytına müsahibəsində ilk təəssüratını belə ifadə etmişdir: Mən əvvələr iki dəfə Bakıda olmuşam. Lakin şəhərin mərkəzində hələ yaşamamışdım. Əbəttə, burada hündür binalar tikintisinin vüsəti və sürəti xoş təsir bağışlayır. Hər şey çox gözəldir. Təşkilatçılıq da pis deyil. Zal da, mehmanxana da əla səviyyədədir. Burada hələ bir qədər də qalmağa ümid edirəm...

Dünən Dünya kuboku turnirində 1/32 final mərhələsinə start verilmişdir. Bu dəfə Məmmədyarov qadınlar arasında keçmiş dünya çempionu Hou İfan (Çin), Məmmədov ABŞ təmsilçisi Fabiano Karuana, Rəcəbov israilli İlya Smirin, Hüseynov isə David Navara (Çexiya) ilə görüşürlər. Qarşıda qədim və müdrik oyun pərəstişkarlarını çox maraqlı hadisələr gözləyir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında