Azərbaycan güləşçiləri Olimpiadaya lisenziyaların sayını gündən-günə artırırlar

Ölkəmizin güləş ustaları ABŞ-ın Las-Veqas şəhərində davam edən dünya çempionatında 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına daha iki lisenziya qazanmışlar. Çempionatın dördüncü günü sərbəst üsulla güləşən London Olimpiadasının çempionu Toğrul Əsgərov (65 kq) və həmin Oyunların bürünc mükafatçısı Yuliya Ratkeviç (58 kq) fərqlənmişlər.

İlk üç görüşdə qazaxıstanlı Sayatbek Okassova 7:2, David Safaryana (Ermənistan) 8:2, Gürcüstan güləşçisi Avtandil Kencadzeyə 9:2 hesabı ilə qalib gələn Əsgərov dörddəbir finalda Frank Çamizo (İtaliya) ilə qarşılaşmışdır. Azərbaycan Güləş Federasiyasının saytında qeyd olunduğu kimi, epizodlardan birində Toğrul Bakıda Avropa Oyunlarının finalında məğlubiyyətə uğratdığı bu rəqibin kürəyini yerə sıxmışdır. Ancaq hakimlər qələbəni qeydə almamışlar və görüş italiyalının xeyrinə başa çatmışdır.

Bundan sonra Toğrul təsəlliverici görüşdə Polşa idmançısına qalib gəlməklə ölkəmiz üçün Olimpiadaya daha bir lisenziya qazandırmışdır. Güləşçimizin İran idmançısı ilə bürünc medal uğrunda mübarizəsi isə rəqibin qələbəsi ilə nəticələnmişdir.

Həmin gün daha bir lisenziyamızın sahibi Yuliya Ratkeviç də ilkin mərhələlərdə rəqiblərini bir-biri ardınca məğlubiyyətlə barışmağa məcbur etmişdir. Rusiyalı Natalya Qolts, Ukrayna nümayəndəsi Tatyana Lavrençuk və qazaxıstanlı Ayım Abdaldina üzərində qələbələrdən sonra Ratkeviç Finlandiya idmançısı Petra Olliyə uduzmuş, bürünc mükafat uğrunda görüşdə isə isveçli Malin Mattsona qalib gələrək lisenziya qazanmaqla yanaşı, fəxri kürsüyə yüksəlməyi də bacarmışdır.

Sentyabrın 10-da keçirilən bütün görüşlər başa çatdıqdan sonra məlum olmuşdur ki, çempionatın ilk dörd günündə Azərbaycan güləşçiləri hamıdan çox – 8 lisenziya qazanmışlar. Bu siyahıda ikinci mövqedə olan Rusiya komandasının hesabında 7 olimpiya vəsiqəsi var idi.

Dünən, dünya çempionatının beşinci günü təmsilçilərimiz daha dörd çəki dərəcəsində medal və lisenziyalar uğrunda mübarizə aparmışlar. Bu dəfə ustalıqlarını nümayiş etdirmək növbəsi sərbəst üsulla güləşənlər Hacı Əliyev (61 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Xetaq Qazyumov (97 kq) və qadın güləşçi İrina Netrebaya (60 kq) çatmışdı.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında