“Klassiklər”: 1 dəst medal və Olimpiadaya 4 lisenziya

Azərbaycanın yunan-Roma üsulu ilə güləşənləri ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünya çempionatında çıxışlarının nəticəsindən razı qala bilərlər. “Klassiklərimiz” okeanın o tayından Xəzər sahillərinə 1 dəst medal və XXXI Olimpiya Oyunlarına dörd lisenziya ilə qayıdırlar.

Avropa Oyunlarının çempionu Rəsul Çunayev (71 kq) dünya çempionatında da öz çəki dərəcəsində 1 nömrəli güləşçi olduğunu inamla sübuta yetirmiş, Pekin və London olimpiadalarının gümüş mükafatçısı Rövşən Bayramov (59 kq) yalnız final görüşündə uduzub fəxri kürsünün ikinci pilləsinə qalxmış, 85 kq çəki dərəcəsində çıxış edən Saman Təhmasibi isə bürünc medal qazanmışdır.

Bayramov, Təhmasibi, eləcə də Elvin Mürsəliyev (75 kq) və Sabah Şəriəti (130 kq) Rio-de-Janeyro Olimpiadası-2016 üçün Azərbaycan komandasına lisenziyaları təmin etmişlər. Yığmamızın komanda hesabında Rusiyadan (46 xal) sonra 39 xalla ikinci yeri tutduğunu da qeyd edək.

Qadın güləşçilərimiz də öz çempionatlarının elə birinci günü olimpiya “biletlərinin” sevincini yaşamışlar. İki Olimpiadanın mükafatçısı Mariya Stadnik (48 kq) Hollandiya, Peru, Qazaxıstan və Çin idmançıları üzərində bir-birindən inamlı qələbələrdən sonra həlledici final görüşünün son saniyələrində yaponiyalı Eri Tosaka uduzsa da, lisenziya qazanmaq vəzifəsinin öhdəsindən asanlıqla gəlmişdir. Anjela Doroqan (53 kq) da lisenziya məsələsini müvəffəqiyyətlə həll etmişdir. Bundan sonra Azərbaycanın güləş ustalarının Las-Veqas xalçası üzərində qazandıqları Olimpiya vəsiqələrinin sayı 6-ya çatmışdır.

Dünən axşam daha üç qadın güləşçimiz Natalya Sinişin (55 kq), Yuliya Ratkeviç (58 kq) və Nadya Muşka (63 kq) mübarizəyə qoşulmuşlar. Dünən London Olimpiya Oyunlarının sərbəst güləş yarışlarının çempionu və Avropa Oyunlarının qalibi Toğrul Əsgərov (65 kq) da xalça üzərinə dəvət olunmuşdur.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında