Bakıda FİDE-nin Dünya kuboku turniri starta çıxır

Bu gün Bakı Muğam Mərkəzində Beynəlxalq Şahmat Federasiyasının (FİDE) Dünya kuboku yarışının açılış mərasimi olacaq. Ümumi mükafat fondu 1 milyon 600 min dollar təşkil edən turnirdə kubok uğrunda 128 qrossmeyster mübarizə aparacaq. Yarışın ən yaxşı iki iştirakçısı, finalçılar iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirinə vəsiqə qazanacaqlar.

Azərbaycan paytaxtında Dünya kuboku yarışı bu turnirlər tarixində ən mötəbər hadisə kimi qiymətləndirilir. Buna belə bir fakt da sübutdur ki, dünyada ən yüksək reytinqə malik 25 qrossmeysterdən 22-si Bakı turnirində iştirak edəcək. Bunlar Veselin Topalov (Bolqarıstan, 2816), ABŞ təmsilçiləri Hikaru Nakamura (2814) və Fabiano Karuana (2808), Aniş Giri (Hollandiya, 2803), Din Lijen (Çin, 2782), Vladimir Kramnik (Rusiya, 2777), Uesli So (ABŞ, 2773), Aleksandr Qrişuk (Rusiya, 2771), Levon Aronyan (Ermənistan, 2765), rusiyalı qrossmeysterlər Sergey Karyakin (2762), Yevgeni Tomaşevski (2758), Dmitri Yakovenko (2748), fransız Maksim Vaşye-Laqrav (2744), ingiltərəli Maykl Adams (2742), polyak Radoslav Voytaşek (2741), israilli Boris Gelfand (2741), Teymur Rəcəbov (Azərbaycan, 2738), Pentala Harikrişna (Hindistan, 2737), digər azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov (2736), çinli Vey İ (2734), Leniyer Dominges (Kuba, 2732) və çexiyalı David Navaradır (2728).

Azərbaycan Dünya kuboku turnirində Rəcəbov və Məmmədyarovla yanaşı, daha dörd qrossmeyster Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov və Vasif Durarbəyli ilə təmsil olunacaq.

Turnir nokaut-sistem üzrə keçiriləcək, yəni hər mərhələdə uduzan şahmatçılar mübarizəni dayandıracaqlar. Yarışa 1/64 finaldan start veriləcək. Rəqiblər bir-birinə qarşı iki görüş oynayacaqlar (ağlar və qaralarla). İki görüşdən sonra hesab 1:1 olarsa, cütün qalibini tay-breklər müəyyənləşdirəcək. Birinci raundun oyunları sentyabrın 11-13-də keçiriləcək. Dünya kubokunun qalibi, gümüş və bürünc mükafatçılar, eləcə də iddiaçıların turnirinə iki  vəsiqənin sahibləri oktyabrın 5-də məlum olacaq.

Artıq püşk yarışın start mərhələsində qarşılaşacaq rəqibləri müəyyənləşdirmişdir. Rəcəbov 1/64 finalda ABŞ təmsilçisi Samvel Sevyanla, Məmmədyarov iranlı İdani Puya ilə, Səfərli macar Çabo Baloqla, Məmmədov və Hüseynov rusiyalılar müvafiq surətdə Yevgeni Nayer və Maksim Matlakovla, Durarbəyli isə Vyetnam şahmatçısı Le Quanq Lyöm ilə görüşəcəklər.

Təxminən bir ay ərzində şahmat aləminin diqqət mərkəzində olacaq Dünya kuboku yarışının görüşləri turnirin saytında qeyd olunduğu kimi, onlayn rejimində Azərbaycan, rus və ingilis dillərində şərh olunacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında