Azərbaycan güləşçiləri Rioya lisenziyalarının hesabını Las-Veqasda açdılar

ABŞ-ın Las-Veqas şəhərində keçirilən yunan-Roma güləşi üzrə dünya çempionatının birinci günü xalça üzərinə dəvət olunan Azərbaycanın üç idmançısından heç biri fəxri kürsüyə yüksələ bilməsə də, Elvin Mürsəliyev  (75 kq) qarşısında duran əsas vəzifəni yerinə yetirmiş, XXXI Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq məsələsini müvəffəqiyyətlə həll etmişdir.

“Bakı-2015" birinci Avropa Oyunlarında ölkəmizi qızıl medalla sevindirmiş Mürsəliyev  dünya çempionatının ilkin mərhələlərində Meksika, Sloveniya, Rumıniya və Qırğızıstan idmançıları üzərində qələbələrdən sonra yarımfınala çıxmaqla milli federasiyamıza ilk lisenziyanı təmin etmişdir. Elvin yarımfinalda rusiyalı Roman Vlasova məğlub olmasına, bürünc medal uğrunda görüşdə isə Qazaxıstan güləşçisi Dostjan Kartikova hesabda kiçik fərqlə (0:1) uduzmasına baxmayaraq, lisenziyaların medallardan daha yüksək qiymətləndirildiyi bu çempionatda Azərbaycanın olimpiya vəsiqələrinin hesabını açmışdır.

Həmin gün starta çıxan digər iki güləşçimiz Həsən Əliyev (66 kq) və Orxan Nuriyev (98 kq) isə elə ilk görüşdə uğursuzluğa məruz qalıb, çempionatda çıxışlarını dayandırmışlar.

Dünən axşam daha dörd “klassikimiz” Rövşən Bayramov (59 kq), Rəsul Çunayev (71 kq), Rafiq Hüseynov (80 kq) və Sabah Şəriəti (130 kq) dünya çempionatında mübarizəyə qoşulmuşlar.

Qeyd edək ki, Las-Veqasda ilk görüşlər Bakı vaxtı ilə saat 22-də başlanır, finallara isə ertəsi gün, yenə bizim vaxtla səhər saat 6.30-da start verilir.

Yunan-Roma güləşi ustalarının turnirinə yekun vurulduqdan sonra dünya çempionatı xalçası üzərində “münasibətləri aydınlaşdırmaq” növbəsi qadın güləşçilərə çatacaq. Finişdə isə gərgin mübarizə meydanında onları sərbəst üsulla güləşənlər əvəz edəcəklər.

Onu da xatırladaq ki, Las-Veqasda dünya çempionatı güləşçilərin Rio-de-Janeyro Olimpiadasına lisenziya xarakterli ilk yarışıdır. Okenanın o tayında bu məqsədə çata bilməyənlər gələn ilin aprel ayında Serbiyanın Zrenyanin şəhərində Avropa təsnifat turnirində və yenə həmin ay Monqolustanın paytaxtı Ulan-Batorda, mayda isə İstanbulda dünya təsnifat yarışlarında lisenziya qazanmağa çalışacaqlar.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında