Başlıcası, komanda düzgün yoldadır

Azərbaycan milli komandası futbolçularının Avropa çempionatının seçmə yarışları çərçivəsində səfərdə Malta yığması ilə görüşün, demək olar, bütün gedişi ərzində üstünlüyə malik olub, meydan sahiblərini böyük qüvvə ilə müdafiə olunmağa məcbur etdiklərini hamı gördü. Amma fəal mübarizə,  ardıcıl hücumlarla rəqibi güclü təzyiq altında saxlayan qonaqlar qələbəyə layiq olduqları oyunda heç-heçə ilə kifayətləndilər-2:2.

Elə ilk dəqiqələrdən hadisələrin gedişi səfərdə özlərini evdəki kimi hiss edib, xoşbəxtliyi maltalıların qapısında axtaran Azərbaycan futbolçularının qələbə əzmində olduqlarını göstərirdi. Rahid Əmirquliyev hələ birinci hissədə hesabı açdıqdan sonra nikbinliyimiz və qələbəyə inamımız daha da artdı.

Təəssüf ki, fasilədən sonra arxa xətdə buraxılan iki səhv və hər iki epizodda Malta futbolçularının dəqiq zərbələri hər şeyi alt-üst etdi. Hələ yaxşı ki, belə çətin vəziyyətdə Azərbaycan futbolçuları ruhdan düşməyib, imkanları bərabərləşdirmək üçün özlərində qüvvə tapa bildilər. Oyunda sonuncu topu da birinci qolun müəllifi Əmirquliyev vurdu.

Əlbəttə,  acınacaqlı səhvlər üzündən qələbənin itirilməsi təəssüf doğurur. Ancaq burası da var ki, komandamız öz oyunu ilə düzgün yolda olduğunu təsdiq edir. İndi Azərbaycan futbolçuları hətta səfər matçlarında hücum futboluna üstünlük verməkdən çəkinmir, hər bir görüşdə meydana mübariz əhval-ruhiyyə ilə çıxırlar. Yığmamızın Robert Prosineçkinin rəhbərliyi altında keçirdiyi dörd oyunda bir dəfə də uduzmaması çox şeydən xəbər verir...

Bu turda “H” qrupunun digər oyunlarında Norveç futbolçuları xorvatiyalı qonaqlarını məğlubiyyətə uğratmış-2:0, İtaliya isə yeganə qolla Bolqarıstana qalib gəlmişdir-1:0.

Seçmə yarışlarının finişinə iki tur qalmış turnir cədvəlinə başçılıq edən İtaliyanın 18, sonrakı mövqelərdə olan Norveçin 16, Xorvatiyanın 14, Bolqarıstanın 8, Azərbaycanın 6 və Maltanın 2 xalı vardır.

Azərbaycan millisi son iki oyunu oktyabrın 10-da Bakıda İtaliya və 13-də Sofiyada Bolqarıstan  komandalarına qarşı keçirəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında