Şriftin ölçüsü:
19.10.2010 06:12 | Oxunma sayı: 822
Son illər ölkəmizdə idmana göstərilən qayğının nəticəsidir ki, ölkə idmançıları iştirak etdikləri bir sıra beynəlxalq yarışlardan vətənə medallarla qayıdırlar. Respublikamızı beynəlxalq turnirlərdə layiqincə təmsil edən idmançılarımızdan biri də Orxan Bayram oğlu Məmmədlidir. Gənc idmançı taekvondo üzrə (ETF) Avropa, hər iki do üzrə dünya çempionu, 4-cü dan qara kəmər sahibi və bu növ üzrə idman ustasıdır.
O, 13 avqust 1985-ci ildə Zəngilan rayonunda doğulub. Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) təhsil alıb. Orxan hazırda Dövlət Sərhəd Xidmətində leytenant rütbəsində həqiqi hərbi xidmətdədir. İdmançı kimi ilk məşqlərinə Bakıda başlayan Orxan uşaqlıqdan maraq göstərdiyi taekvondo bölməsinə yazılıb.
Gərgin məşqlər tez bir zaman ərzində öz bəhrəsini verməyə başlayıb. Karyerasının ilk dövrlərində təcrübə baxımından rəqiblərinə uduzan, qələbəni əldən verən gənc Orxan 2003-cü ilin dekabrında yaddaqalan bir nailiyyətə imza atıb. O, "Tornado" klubunun keçirdiyi çempionatda çıxış edərək, çempion adını qazanıb. Orxan Məmmədli Dünya Turan Do Assosasiyasının və Azərbaycan Hap Ki Do Federasiyasının prezidenti S.Məmmədlinin yanında hap ki do üzrə xüsusi məşqlər keçib. Yüksək fiziki keyfiyyətləri və mübarizliyi ilə seçilən Orxan qısa müddət ərzində bu idman növünün sirlərinə yiyələnib.
Qarşıda onu daha mötəbər və nüfuzlu idman yarışları gözləyirdi. Avropa, dünya çempionatlarına, eləcə də digər möhtəşəm yarışlara hazırlaşır, ona olan ümidləri doğrultmağa çalışırdı. Orxanın bu idman növündə topladığı təcrübə 2004-cü ildə özünü göstərdi. Gənc idmançı həmin ilin noyabrında ilk beynəlxalq yarışda öz qüvvəsini sınayıb. Həmin il noyabrın 27-dən 28-dək Gürcüstanın Marneuli şəhərində təşkil olunan yarışdan vətənə qızıl medalla qayıdıb. Ümumilikdə, Orxan Məmmədli 6 il ərzində (2004-2010-cu illər) 13 yarışda iştirak edib. Respublika və beynəlxalq səviyyəli turnirlərdə on iki dəfə fəxri kürsünün birinci pilləsinə yüksələn idmançı yalnız bir dəfə ikinci yerlə kifayətlənib. Bu, çox yüksək və sevindirici bir haldır.
2006-cı ilin dekabrında Almaniyada keçirilən ölkə kuboku, eləcə də növbəti ilin mayında Tbilisidə təşkil olunan taekvondo üzrə beynəlxalq turnir Orxanın iştirak etdiyi yarışlar arasında daha yaddaqalan olub. 2008-ci ilin sentyabrında Almaniyada keçirilən Avropa çempionatındakı qələbəni də həmin siyahıya əlavə etmək olar.
Ötən ilin fevralında turan do üzrə Bakı şəhər çempionu olan Orxan avqust ayında Rusiyada ölkəmizi təmsil edib. Rusiyanın Kabardin-Balkar Respublikasında Dünya Turan Do Assosiasiyasının təşkil etdiyi beynəlxalq yarışda Orxan bu idman növündə təsüdüfi olmadığını sübut edərək, çempion tituluna yiyələnib. 4-cü dan qara kəmər sahibi və Hap Ki Do üzrə idman ustası adına layiq görülən Orxanın ən yüksək nailiyyəti bu ilə təsadüf edir. Avqustun 5-dən 8-nə qədər ABŞ-ın Miçiqan ştatında hər iki do üzrə 8-ci dünya çempionatı keçirilib. 65 kq çəki dərəcəsində çıxış edən həmyerlimiz bütün rəqiblərindən üstün olub. Fəxri kürsünün ən yüksək pilləsinə qalxan idmançımız dünya çempionu adını qazanıb.
Qeyd edək ki, peşəkar idmançılardan ibarət komandaların iştirak etdiyi bu mötəbər yarış üç ildən bir keçirilir. Həmyerlimiz oktyabrın 2-dən 3-dək Almaniyada təşkil edilən döyüş sənəti üzrə açıq dünya çempionatında da mübarizə aparıb. 70 kq çəki dərəcəsində ölkəmizin idman şərəfini qoruyan idmançılımız bürünc medala sahib çıxıb. Uğurlarını müəllimi Süleyman Məmmədlinin ona sərf etdiyi çoxillik zəhmətin bəhrəsi kimi dəyərləndirən Orxan Məmmədli bundan sonra da ona bəslənilən etimadı doğruldacağına əmindir.
Qarşıda istedadlı idmançımızı bir çox nüfuzlu yarış və turnirlər gözləyir. İnanırıq ki, Avropa və dünya çempionu olan Orxan Məmmədli gələcəkdə də bu uğurlu nailiyyətləri öz parlaq qələbələri ilə davam etdirəcəkdir.
{nl}
Zaur ƏLİYEV
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.