Üç oyunda 5 xal

Ötən illərdə isə on görüşdə belə nəticəyə az qala sevinirdik

 

Azərbaycan milli komandası Bakıya “H” qrupunun vahid lideri kimi gələn Xorvatiya yığmasına layiqli müqavimət göstərərək Robert Prosineçkinin rəhbərliyi altında keçirdiyi üçüncü görüşdə beşinci xalını qazandı. Osloda Norveçlə qolsuz heç-heçədən, paytaxtımızda Malta üzərində iki cavabsız topla qələbədən sonra futbolçularımız “Bakcell Arena”da heyətində Modriçli, Rakitiçli, Mancukiçli kimi dünya futbolunda sayılıb-seçilən oyunçular olan komandadan xal almağı bacardılar (0:0).

Məğlubiyyətsiz üç oyunda 5 xal. Bu nəticə millimizin baş məşqçisinin komanda ilə apardığı gərgin və məqsədyönlü hazırlığın bəhrəsidir. Ötən illərdə isə dünya və Avropa çempionatlarının seçmə turnirində 5-6 xalı böyük çətinliklə toplayır və buna hətta sevinirdik də. Deməli, Prosineçkinin Azərbaycan komandasının “sükanı” arxasına keçməsindən sonra yığmamızın oyununda baş verən müsbət dəyişikliklər göz qabağındadır.

Başlıcası, futbolçularımızda öz qüvvələrinə, ən güclü rəqiblərlə belə görüşlərdə uğurlu nəticəyə nail ola biləcəklərinə inam yaranmışdır. Qüvvəyə inam isə hər bir işdə mühüm şərtdir.

Hesabat görüşündə də meydan sahibləri qonaqlardan çəkinməyib sərbəst, soyuqqanlı oynayır, bu zaman təkcə təmkinlə müdafiə olunmaq qayğısına qalmır, hücuma qoşulmaq üçün də hər bir imkandan istifadə etməyə çalışırdılar. Düzdür, ötürmələrdə səhvlər, hücumların təşkilində çatışmazlıqlar da olurdu. Ancaq istisnasız olaraq bütün futbolçuların var qüvvəsini çətin mübarizəyə sərf etdiyini, onların hər bir oyun epizodundan mümkün qədər çox fayda götürmək istəyini də inkar etmək olmaz.

Belə əzmkarlıq, xorvatların hücumda güclü təzyiqinin qarşısının Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev, Rahid Əmirquliyev və onların komanda yoldaşlarının etibarlı oyunu sayəsində alınması, bir neçə dəfə isə qapıçımız Kamran Ağayevin rəqib hücumçuların həlledici zərbələrindən sonra təhlükəni məharətlə sovuşdurması görüşün qolsuz heç-heçə ilə başa çatmasını təmin etdi.

Liderlə oyunda qazanılmış bir xal, şübhəsiz, Azərbaycan futbolçularının öz qüvvələrinə inamını bir qədər də artıracaq və komanda növbəti oyunlarda meydana daha yüksək əhval-ruhiyyə ilə çıxacaq.

Azərbaycan – Xorvatiya görüşündə rəqiblərin meydanı “dinc” nəticə ilə tərk etdikləri axşam qrupumuzda keçirilən digər iki oyunda hakimlər eyni hesab (1:0) qeydə almışlar. İtaliya futbolçuları maltalı qonaqlarını çətinliklə məğlubiyyətə uğratmışlar, Bolqarıstan komandası isə Sofiyadakı “Vasil Levski” stadionunda Norveçə uduzmuşdur.

Qrupun turnir cədvəlinə müvafiq surətdə 15 və 14 xala malik İtaliya və Xorvatiya komandaları başçılıq edirlər. Norveçin 13, bolqarların 8, Azərbaycan futbolçularının 5, Malta yığmasının 1 xalı vardır.

Növbəti oyunlar sabah keçiriləcək. Azərbaycan komandası bu dəfə Maltanın qonağı olacaq. Görüşü avstriyalı hakim Harald Lexner idarə edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında