“Qarabağ” və “Qəbələ” Avroliqada növbəti qollarını qrup oyunlarında vuracaq

Əksər futbol həvəskarlarımızın gözlədiyi kimi, Ağdamın “Qarabağ” komandası ardıcıl ikinci il UEFA Avropa Liqasının qrup mərhələsində Azərbaycanı təmsil etmək hüququnu doğma stadionda “Yanq Boyz”a (İsveçrə) qarşı məzmunlu və məhsuldar oyunla təmin etdi (3:0). Qəbələnin eyniadlı klubu isə Yunanıstanın baş şəhəri Afinada çox çətin görüşdə əsl idman hünəri göstərib, “Panatinaikos”u onun  üçün məğlubiyyətə bərabər heç-heçə ilə (2:2) razılaşmağa məcbur etdi və bu yarışların tarixində “Neftçi” və “Qarabağ”dan sonra qrup mərhələsinin qapısını öz üzünə taybatay açan üçüncü komandamız oldu.

Bir axşamda bütün Azərbaycanın ürəyindən olan, Avropanı isə heç də az təəccübləndirməyən iki əla nəticə ! Bu o deməkdir ki, hər iki görüşdə meydana əsl qələbə əzmi ilə çıxıb ölkəmizi üst-üstə beş qolla sevindirən “Qarabağ”—"Qəbələ" tandemi qrup turnirində  də öz yoluna   inamla davam edə bilər.

Pley-off mərhələsinin cavab görüşlərində rəqiblərimizin hər ikisi zəngin təcrübəli, deməli, həm də iddialı komandalar idi. Ancaq Berndə “Yanq Boyz” klubunu  məğlubiyyətə uğradan (1:0) Qurban Qurbanovun komandası Bakıda artıq görüşün lap əvvəlində Riçard Almeydanın dəqiq yerinə yetirdiyi on bir metrlik zərbə ilə qonaqlarımızın işini daha da çətinləşdirdi. Reynaldo və Əfran İsmayılovun  sərrast zərbələri isə “Yanq Boyz”un  bütün ümidlərini alt-üst etdi.

Futbolumuz üçün həmin tarixi gündə “Qəbələ”ni Yunanıstan paytaxtında nə dərəcədə ağır mübarizə gözlədiyini təsəvvürümüzə gətirəndə isə əlbəttə ki, narahat olmaya bilməzdik. Amma Roman Qriqorçukun yetirmələri çətin səfər matçında  özlərini çox mübariz , möhkəm iradəli və yetkin bir kollektiv kimi göstərdilər. Oyunun nəticəsi də bunu təsdiq edir.

Bir həftə əvvəl “Bakcell Arena”da bir nəticə verməyən qarşılıqlı hücumlardan və 0:0-dan sonra Afinada qollarla zəngin heç-heçə (2:2) evdə qapısından top buraxmayan  “Qəbələ” üçün qələbəyə bərabər idi. Rəqib meydanında Dodonun vurduğu iki top bu oyunun qəhrəmanına və onun komanda yoldaşlarına bəlkə də futbol həyatlarında ən böyük sevinc hissi yaşatdı. Gürcüstanın “Dinamo”, “Serbiya”nın “Çukariçki”, Kiprin “Apollon” klublarından sonra Yunanıstanın ən yaxşı komandalarından biri hesab edilən “Panatinaikos” da “Qəbələ” qarşısında silahı yerə qoymağa məcbur oldu. Zarafat deyil, Qəbələ klubu ilk dəfə Avroliqanın qrup mərhələsində oynamaq hüququ qazanmaq  üçün birdən-birə dörd rəqibinə öz üstünlüyünü sübuta yetirməli olmuşdur.

İndi ən azı bu ilin sonunadək UEFA Avropa Liqası görüşlərinin həyəcanı Azərbaycanın futbol ictimiayyətini tərk etməyəcək. “Qarabağ” və “Qəbələ” hərəyə daha üç komandanı Azərbaycana gətirəcək və öz növbələrində onların qonağı olacaqlar. Klublarımızın  bu turnirdə artıq keçdikləri yola əsasən cəsarətlə belə bir qənaətə gəlmək olar ki, onlar əldə olunmuş uğurlarla kifayətlənmək fikrində deyillər və qarşıdakı daha çətin sınaqlardan da şərəflə çıxmağa çalışacaqlar.   Ağdam klubunun ötən mövsümdə qrupdan iki qalibdən biri kimi çıxmasına yalnız hakim səhvinin mane olduğunu xatırlayanda bu inamımız daha da möhkəmlənir.

 

*  *  *

 

Dünən Monakoda keçirilmiş püşkatma mərasimində Avroliqanın qrup mərhələsində qarşılaşacaq rəqiblər məlum olmuşdur.

 “Qarabağ” İngiltərənin “Tottenhem”, Belçikanın “Anderlext” və Fransanın “Monako” komandaları ilə görüşəcək.

“Qəbələ” isə “Borussiya” (Dortmund, Almaniya), PAOK (Yunanıstan) və “Krasnodar” (Rusiya) klubları ilə bir qrupda çıxış edəcək.

Bu mərhələdə 48 komanda 12 qrupda mübarizə aparacaq. İlk oyunlar sentyabrın 17-də keçiriləcək.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında