“Stad de Süiss”də “Qarabağ” zəfəri

UEFA Avropa Liqası turnirinin pley-off mərhələsinin ilk görüşlərindən sonra Azərbaycanın futbol ictimaiyyətinin əhval-ruhiyyəsi pis olmamalıdır. “Qarabağ” İsveçrənin Bern şəhərinin “Stad de Süiss” stadionunda “Yanq Boyz”a qalib gəlməklə (1:0) ardıcıl ikinci il Avroliqanın qrup mərhələsində oynamaq məqsədinə çox yaxınlaşmış, “Qəbələ” isə “Bakcell Arena”da Yunanıstanın ən yaxşı komandalarından birinin müqavimətini qıra bilməsə də, öz qapısının təhlükəsizliyini sonadək qorumağı bacarmışdır (0:0).

Ağdam klubunun səfərdə heç nədən çəkinmədən özünü evdəki kimi hiss etməsi, bunun da nəticəsində meydan sahiblərini bütün oyun ərzində, xüsusən də ikinci hissədə kəskin və rəngarəng hücumlarla gərgin vəziyyətdə saxlaması Azərbaycan çempionunun qüvvəsinə inamının və çətin görüşə yaxşı hazırlaşamasının nəticəsi idi. Oyunun başa çatmasına 23 dəqiqə qalmış Riçard Almeydanın uzaq məsafədən gözəl və bir qədər gözlənilməz zərbə ilə vurduğu qələbə topu isə onun yüksək ustalığa malik futbolçu olduğunu bir daha təsdiq etdi.

Hesabda kiçik üstünlüklə kifayətlənməyib, qalan vaxt ərzində də hücumları davam etdirən “Qarabağ” mübariz əhval-ruhiyyəsi və nümayiş etdirdiyi futbolla göstərdi ki, yenidən bu nüfuzlu yarışın qrup mərhələsində oynamağa layiqdir. Qurban Qurbanovun komandasının özünün və bütün azərbaycanlı azarkeşlərin bu istəyini avqustun 27-də Bakıda cavab görüşündə həyata keçirəcəyi anları səbirsizliklə gözləyəcəyik. Hərçənd İsveçrədə qazanılmış qələbə arxayınçılıq üçün zərrə qədər də əsas vermir. Çünki “Yanq Boyz”un paytaxtımızda daha cəsarətli, əsl hücum futbolu oynamaqdan başqa çarəsi olmayacaq.

“Qəbələ”yə gəldikdə, əvvəlki üç mərhələnin hər birində “doğma divarlar” arasında rəqiblərini oyuna meydanın mərkəzindən başlamağa məcbur etməyi bacaran sonuncu milli çempionatımızın üçüncü mükafatçısının hücumçularının zərbələrinin bu dəfə dəqiq olmaması təəssüf doğurmaya bilməz. Ötən matçlalra müqayisədə srağagünkü görüşdə Qəbələ futbolçularının imkanları səviyyəsində oynadıqlarını demək çətindir. Amma bunun əsas səbəblərindən birini yəqin ki, rəqib futbolçularda axtarmaq lazımdır. Əgər “Qəbələ” beynəlxalq meydanda yenicə ilk addımlar atırsa, “Panatinaikos” təkcə Yunanıstanda deyil, zəngin təcrübəli bir komanda kimi bütün Avropada yaxşı tanınır.

Afinada cavab görüşü qarşısında bu cütdən qrup mərhələsinə kimin vəsiqə qazanacağını heç kim qəti deyə bilməz. Yunanlar səfərdə uduzmasalar da, top da vura bilməmişlər, Azərbaycan futbolçuları isə öz növbələrində doğma stadionda top buraxmamışlar. Avqustun 27-də “Panatinaikos” Afinada oynayacaq, “Qəbələ”ni isə bu görüşdə hər hansı məhsuldar heç-heçə tam qane edəcək. Deməli, bu cütdə imkanlar əvvəlkitək bərabərdir və hələ heç nə itirilməyib.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında