İdman xəbərləri

Məmmədyarovun ikinci qələbəsi

 

Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Avstriya paytaxında davam edən “Vyana Open 2015” beynəlxalq şahmat festivalı çərçivəsində avstriyalı Markus Ragger ilə keçirdiyi matçın üçüncü görüşündən də qalib ayrılmışdır.

İlk iki oyundan sonra təmsilçimiz hesabda bir xal fərqlə irəli çıxmışdı (ağlarla qələbə, qaralarla heç-heçə). Üçüncü görüşdə ağ fiqurlarla oynayan Məmmədyarov ikinci qələbə sayəsində hesabı 2,5:0,5-ə çatdırmışdır. Xatırladaq ki, bu yarış altı görüşdən ibatərdir. İndi şahmatçımızı matçda ümumi müvəffəqiyyətdən cəmi bir xal ayırır.

 

Dünya çempionları Milanda müəyyənləşəcək

 

Dünən İtaliyanın Milan şəhərində baydarka və kanoelərdə avarçəkmə üzrə dünya çempionatına start verilmişdir. Bu məsul yarışda Azərbaycanın yeddi idmançısı da çıxış edir. Onlardan beşi kanoeçi, ikisi isə baydarkaçıdır.

Milanda startlar bir də ona görə mühüm əhəmiyyət daşıyır ki, dünya çempionatı gələn il avqustun 5-dən 21-dək Braziliyada keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışa avqustun 23-də yekun vurulacaq.

Yeniyetmə taekvondoçular növbəti sınaq qarşısında

Cənubi Koreyanın Muji şəhərində yeniyetmələr arasında taekvondo üzrə ikinci dünya birinciliyi start ərəfəsindədir. Avqustun 23-də başlanıb dörd gün davam edəcək turnirin mükafatları uğrunda 12 təmsilçimiz də mübarizə aparacaq.

Azərbaycan Taekvondo Federasiyası saytının yaydığı xəbərdə bildirilir ki, yeniyetmə taekvondoçularımız Cənubi Koreyaya səfərə Qəbələdə hazırlaşmış, orada təlim-məşq toplanışında olmuşlar. Sayt həmçinin xatırladır ki, bu komadanın üzvləri iyulun əvvəllərində Fransanın Strasburq şəhərində keçirilmiş Avropa birinciliyində uğurla çıxış edərək 4 medal – 1qızıl, 1 gümüş və 2 bürünc mükafat qazanmışlar.

 

Üçüncü tur sabah başlanacaq

 

Azərbaycanın “Qarabağ” və “Qəbələ” klublarının UEFA Avropa Liqasının pley-off mərhələsində çıxışları ilə əlaqədar Topaz Premyer Liqasının üçüncü turunun oyunlarının təqvimində bəzi dəyişikliklər olmuşdur.

Tur sabah “Xəzər-Lənkəran” – “Rəvan” görüşü ilə başlanacaq. Ertəsi gün üç oyun olacaq: “Neftçi” – “Sumqayıt”, “Qəbələ” – “Kəpəz” və AZAL – “Qarabağ”. Tura avqustun 24-də “Zirə” və “İnter” komandalarının görüşü ilə yekun vurulacaq.

 

Astana 129 ölkədən 816 cüdoçu gözləyir

 

Avqustun 24-dən 30-dək Astanada  (Qazaxıstan) keçiriləcək kişi və qadınlar arasında cüdo üzrə dünya çempionatı iştirakçılarının tərkibi qəti müəyyənləşmişdir. Bu barədə azerisport-un yaydığı xəbərdə bildirilir ki, çempionatın medalları uğrunda 129 ölkədən 816 tatami ustası mübarizə aparacaq.

Dünyanın ən güclü cüdoçularının kəskin rəqabətində Azərbaycanı səkkiz idmançı-Nicat Şıxəlizadə, Hidayət Heydərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hüseyn Rəhimli (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov və Elxan Məmmədov (hər ikisi 100 kq), habelə Kifayət Qasımova (57 kq) təmsil edəcəklər.

Bu  arada yudoinside.com portalı qarşıdakı görüşlərlə əlaqədar diqqətə çatdırdığı bir xəbərdə R.Orucovu 73 kq çəki dərəcəsində qələbəyə əsas namizədlərdən biri hesab etmişdir. Portal qeyd edir ki, Azərbaycan cüdoçusu bu mövsümdə reytinq xalları verən üç turnirin qalibi olmuşdur.

Xatırladaq ki, Orucov dünya reytinq cədvəlində öz çəkisində liderdir. Qazaxıstan paytaxtının “Alay” buz idmanı sarayında keçiriləcək dünya çempionatında Rüstəm, şübhəsiz, builki uğurlarını bir qədər də inkişaf etdirməyə, Rio-de-Janeyro Olimpiadası—2016-ya aparan yolda öz yüksək ustalığını bir daha sübuta yetirməyə çalışacaq.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında