Londonda keçiriləcək xokkey üzrə Avropa çempionatının medallarını “Azərsuvenir” Bakıda hazırlayıb

Avqustun 21-dən 30-dək Londonda keçiriləcək otüstü xokkey üzrə Avropa çempionatında (EuroHockey-2015) uğur qazanacaq komandalara təqdim ediləcək medallar dəsti Bakıda Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsinin “Azərsuvenir” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən hazırlanıb.

Çempionat ərəfəsində “EuroHockey-2015“in medallarının Britaniya paytaxtında təntənəli təqdimat mərasimi keçirilib. Müasir texnologiya əsasında yüksək peşəkarlıq və zövqlə hazırlanmış medalları sifarişçiyə “Azərsuvenir” MMC-nin direktoru Tariyel Ağayev təqdim edib, müəssisənin fəaliyyət istiqamətlərindən, ölkəmizin iqtisadi uğurlarından danışıb.

“Azərsuvenir”in xokkey üzrə növbəti qitə çempionatının medallarını hazırlamaq hüququnu tender müsabiqəsində qalib gələrək qazandığını vurğulayan T.Ağayev deyir:

- Ciddi rəqabət var idi, tenderdə medal istehsalı sahəsində tanınmış brendlər iştirak edirdi. Ancaq tender komissiyası üstünlüyü “Azərsuvenir”ə verdi. Əlbəttə, bu, təsadüfi deyildir. “Azərsuvenir” bundan əvvəl “Bakı-2015” ilk Avropa Oyunlarının medallarını hazırlamışdır. Mütəxəssislər “Bakı-2015”in medallarını bütün parametrlərinə görə yüksək qiymətləndirdilər. Londondakı təqdimat mərasimində çıxış edən mütəxəssislər dönə-dönə vurğuladılar ki, dünyada idman dövləti kimi tanınan Azərbaycan artıq beynəlxalq miqyaslı yarışların medallarının hazırlanması üzrə sifarişçi ölkədən sifariş qəbul edən ölkəyə çevrilib. Bu, çox qürurverici idi. Bu, müstəqil Azərbaycanın iqtisadi, siyasi və humanitar nüfuzunun beynəlxalq aləmdə daha da artmasının göstəricisidir.

Artıq Azərbaycan qitə miqyaslı iki idman yarışının medallar dəstini hazırlayıb. Biz “Bakı-2015”də uğur qazanan idmançılara “Azərsuvenir”in hazırladığı medalların təqdim olunması mərasimlərində keçirdiyimiz sevinc hissinin xoş təəssüratlarını indi də yaşayırıq. “EuroHockey-2015"də də bizim müəssisədə hazırlanan medallar uğur qazanan komandalara təqdim olunanda bir daha qürur hissi keçirəcəyik. Çünki bu işdə “Azərsuvenir”in peşəkar kollektivinin də əməyi var.

Sonda T.Ağayev onu da bildirdi ki, “Azərsuvenir” MMC-nin yaradılmasında əsas məqsəd dövlət orden və medallarının, Azərbaycanın tarixinə, mədəniyyətinə, milli adət-ənənələrinə aid olan naxışlarla işlənmiş suvenirlər hazırlamaqdır. Müasir texniki avadanlığa malik olan müəssisə bu istiqamətdə fəaliyyətini genişləndirir.

Orxan İSMAYILOV
AZƏRTAC-ın xüsusi müxbiri

London


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında