İdman

Braziliyalılar Azərbaycan
güləşçilərini alqışlayırlar

 

Gələn ilin avqust ayında XXXI Yay Olimpiya Oyunlarının iştirakçılarını qəbul edəcək Braziliyada gənclər arasında güləş üzrə dünya çempionatına “sərbəstlərin” görüşləri ilə yekun vurulmuşdur. Təmsilçilərimiz güləşin bu növündə daha uğurla çıxış edərək səkkiz çəki dərəcəsində 4 qızıl və 1 gümüş mükafat qazanmışlar. Möhtəşəm nailiyyətdir!

Salvador de Bahiya şəhərində keçirilən görüşlərin gedişini Azərbaycan Güləş Federasiyası saytının köməyi ilə canlı izləyən idman həvəskarlarımızın şahidi olduqları kimi, tribunalara toplaşan azarkeşlər Azərbaycan idmançılarının yüksək ustalığına biganə qalmayıb, onların qələbələrini alqışlarla qarşılayırdılar.

Sərbəst güləşdə ölkəmizə qızıl medalları Mahir Əmiraslanov (55 kq), Teymur Məmmədov (66 kq), Nurməhəmməd Hacıyev (96 kq) və Səid Həmidov (120 kq) qazandırdılar. Xüsusilə fərəhlidir ki, dünya çempionlarımız həlledici final görüşlərində elə bir çətinlik çəkmədən rəqiblərini böyük hesabla məğlubiyyətə uğratdılar. Bürünc mükafata isə 50 kq çəki dərəcəsində çıxış edən Arif Hüseynov sahib oldu.

Yığmamız komanda hesabında yalnız İran güləşçilərindən (62 xal) geri qalıb 58 xalla ikinci nəticə göstərmişdir. Üçüncü yeri Rusiya komandası (49 xal) tutmuşdur.

Xatırladaq ki, sərbəst güləşənlərin yarışından əvvəl yunan-Roma üsulu ilə güləşənlərimiz 1 qızıl, 2 gümüş və 1 bürünc medal qazanmışdılar, qızların turnirində isə təmsilçilərimizə 2 qızıl, 2 gümüş və 1 bürünc mükafat təqdim olunmuşdu. Maraqlıdır ki, bu yarışlarda da Azərbaycan yığmaları komanda hesabında ikinci yeri tutmuşlar.

Beləliklə, Braziliyada gənclər arasında dünya çempionatı xalçası üzərində ustalığını nümayiş etdirən üç komandamızın (yunan-Roma, qızlar və sərbəst güləş) 24 üzvü üst-üstə Azərbaycana 14 medal–7 qızıl, 4 gümüş və 3 bürünc mükafatla qayıdır. Göründüyü kimi, usta güləşçilərimizə layiqli ehtiyat qüvvə yetişir.

 

“Doğma divarlar” kömək etmədi

 

“Rəvan”-"Qarabağ"-1:2, AZAL- “Qəbələ”-0:2, “Kəpəz”-"Zirə"-1:1, “Sumqayıt” - "Xəzər-Lənkəran"-1:1.

Topaz Premyer Liqasının ikinci turunun ilk dörd oyununda qeydə alınmış bu nəticələrdən göründüyü kimi, həmin görüşlərdə meydan sahibi rolunda çıxış edən klublardan heç biri qələbə qazana bilməmişdir.

Bu oyunlardan sonra turnir cədvəlinin ilk dörd pilləsində hərəyə 4 xala malik “Qəbələ”, “Xəzər-Lənkəran”, “Qarabağ” və “Zirə” qərar tutmuşlar. İkinci tura dünən saat 21-də başlayan “İnter”-"Neftçi" görüşü ilə yekun vurulmuşdur.

Üçüncü turun oyunları isə təqvimdə avqustun 22-23-nə təyin edilmişdir. Lakin buna qədər UEFA Avropa Liqasındakı təmsilçilərimiz “Qarabağ” və “Qəbələ” pley-off mərhələsində müvafiq surətdə “Yanq Boyz” (İsveçrə) və “Panatinaikos” (Yunanıstan) komandalarına qarşı ilk görüşlərini keçirəcəklər. Avqustun 20-də baş tutacaq hər iki matça artıq cəmi iki gün qalır.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında