İDMAN XƏBƏRLƏRİ

Daha iki güləşçimiz fəxri kürsüdə

 

Braziliyada  keçirilən  gənclər  arasında güləş üzrə  dünya çempionatında  Azərbaycan idmançılarına daha iki medal təqdim olunmuşdur. Qızların yarışının ikinci günü Raqnetta Qurbanzadə (63 kq)  və Səbirə Əliyeva (72 kq) fəxri  kürsünün ikinci pilləsində gümüş mükafatları  və  təbrikləri qəbul etmişlər.

Hər iki güləşçimiz  finaladək ardıcıl qələbələr qazanmış, yalnız həlledici görüşlərdə müvafiq surətdə Rusiya  və Yaponiya  təmsilçilərinə uduzaraq ikinci yeri tutmuşlar.

Nəticədə Azərbaycanın  qızlardan  ibarət komandası dünya çempionatını çox yüksək  nəticə — 2 qızıl, 2  gümüş və 1 bürünc  mükafatla  başa  vurmuşdur. Yığmamız isə  komanda  hesabında 47  xalla dünyada ikinci olmuşdur. Üçüncü yeri tutan Rusiya da  bir o qədər xal toplamışdır. Lakin   Azərbaycan kollektivi onunla  müqayisədə  daha  çox  “qızıl” qazandığına  görə   ikinci  yerə layiq görülmüşdür. Birinci yeri  Yaponiya yığması  tutmuşdur (66 xal).

Yunan-Roma  üsulu ilə güləşənlərimiz  və  qızlar  üst-üstə 9 medala (3 qızıl, 4 gümüş, 2 bürünc mükafat) sahib olmuşlar. Dünən  dünya çempionatında  sərbəst güləşənlər  mübarizəyə  başlamışlar. Onların  çıxışlarına  bu axşam yekun vurulacaq.

 

Bürünc medal  və dünya çempionatına  vəsiqə

 

Azərbaycan boksçusu  Rüfət Hüseynov Bolqarıstanın  Samokov şəhərində  keçirilən  Avropa  çempionatında inamla çıxış  edərək  qarşısında duran vəzifəni  müvəffəqiyyətlə yerinə yetirmişdir.

Rinq ustamız gürcüstanlı  və  moldovalı  rəqibləri üzərində qələbə  qazanaraq yarımfinala  çıxmışdır. Hüseynov  finalın astanasında britaniyalı  boksçuya uduzmasına  baxmayaraq 49 kq çəki dərəcəsində Avropa çempionatının bürünc  mükafatçısı  olmuş  və oktyabrda  Qətərin  paytaxtı Dohada  təşkil olunacaq dünya çempionatına  vəsiqə  qazanmışdır.

Bununla da XXXI Yay Olimpiya Oyunlarına lisenziya xarakterli  dünya çempionatında çıxış edəcək Azərbaycanın dəri  əlcək  ustalarının sayı 10-a çatmışdır.  Xatırladaq ki, doqquz bokçsumuz Qətərə  getmək  hüququnu “Bakı–2015” birinci Avropa Oyunlarında qazanmışdır.

 

Şəhriyar  Məmmədyarov  Vyanada

 

Dünən  Avstriya paytaxtında “Vyana Open 2015”  beynəlxalq  şahmat festivalına start  verilmişdir. Dörd  turniri  özündə birləşdirən bu yarış çərçivəsində  həmçinin  azərbaycanlı qrossmeyster  Şəhriyar Məmmədyarovla avstriyalı  Markus Ragger  arasında  altı  görüşdən  ibarət matç keçiriləcəkdir.  Yarış  sabah  başlanıb avqustun 22-də  finişə  çatacaq.

Rusiyanın e3 e5 saytının bu barədə  yaydığı xəbərdə  həmçinin  bildirilir ki,  birinci  görüşdə ağlarla Məmmədyarov  oynayacaq.

 

Taekvondoçular Moskvada

 

“Dinamo”  İdman  Sarayında  keçirilən  taekvondo üzrə  “Qran-Pri” yarışlarının birinci mərhələsinin  iştirakçıları  arasında Azərbaycanın altı dayanq ustası da vardır.

Moskva turnirinin  birinci günü  təmsilçilərimizdən Fəridə  Əzizova fərqlənmişdir. Azərbaycan  taekvondoçusu yarımfinalda  koreyalı  rəqibinə  uduzsa da, 67 kq  çəki dərəcəsində bürünc medal  qazanmağı bacarmışdır.

Xatırladaq ki, Əzizova iyunda Bakıda  keçirilmiş  birinci  Avropa Oyunlarının 
gümüş mükafatçısıdır.

 

Bədii gimnastlar Sofiyada

 

Dünən  Bolqarıstan  paytaxtında  bədii  gimnastika üzrə  Dünya  kuboku  turnirinin  iştirakçıları  medallar  uğrunda  mübarizəyə başlamışlar. Şəxsi yarışlarda  Azərbaycanı  Avropa Oyunlarının gümüş  mükafatçısı Marina Durunda  və Ayşən Bayramova  təmsil  edirlər.

Qrup hərəkətləri  üzrə  komanda  turnirində  isə  yığmamız  Siyana  Vasileva,  Nigar Abdulsəlimova, Diana  Doman, Aleksandra Platonova,  Aynur Mustafayeva  və  Səbinə  Abbasovadan  ibarət heyətlə  çıxış edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında