İdman xəbərləri

Türkan Nəsirova və Leyla Qurbanova – məğlubedilməz Azərbaycan güləşçiləri

 

Ölkəmizin güləş məktəbinin  yetirmələri Türkan Nəsirova  və Leyla Qurbanova Braziliyanın Salvador de Bahiya şəhərində  davam edən gənclər arasında dünya çempionatından Azərbaycana  qızıl  medallarla  qayıdacaqlar. Bütün  rəqiblərini  xalçadan məyus halda yola  salan  bizim  qızlar, həqiqətən,  məğlubedilməz güləşçilərdir!

Onların hər ikisi çempionluğa layiq hazırlıq və ustalıq  nümayiş etdirmişdir. Belə olmasaydı, rəfiqələr bir gündə hərəyə dörd  rəqibə  qalib gələ bilməzdilər. Türkan  uzaq Braziliyada onu 44 kq  çəki dərəcəsində fəxri kürsünün ən yüksək pilləsinə  aparan yolda Türkiyə, Belarus  və  Qazaxıstan idmançıları üzərində asan  qələbələrdən sonra finalda yaponiyalı Rina Okunonun  daha  ciddi müqavimətinə  rast  gəlsə də, yenə  görüşdən qalib ayrılmağı bacarmışdır – 5:2.

Qurbanovanın  isə 51 kq çəki dərəcəsində  dünya çempionluğuna yolu  Meksika, Yaponiya, Rusiya və Ukrayna güləşçiləri üzərində qələbələrdən keçmişdir. Leylanın da finalda  Olena Kremzer (Ukrayna) ilə görüşü  daha  gərgin  mübarizə  şəraitində davam etmiş  və  güləşçimizin  xeyrinə 10:7 hesabı qeydə  alınmışdır.

Türkan Nəsirova  və Leyla Qurbanova öz qələbələrini bayram etdikləri  axşam onların  komanda yoldaşı Elis Manolova  da  mükafatsız qalmamışdır. Bu güləşçimiz 67 kq  çəki  dərəcəsində bürünc medal  uğrunda  görüşdə  Norveç təmsilçisini məğlubiyyətə  uğratmışdır.

Qızların dünya  çempionatında  növbəti çəki dərəcələrində görüşlər dünən keçirilmişdir. Bu gün və sabah  isə  sərbəst güləşənlər  xalça  üzərində  “münasibətləri aydınlaşdıracaqlar”. Yunan-Roma  üsulu ilə güləşənlərin yarışından  və qızların  turnirinin  birinci  günündən sonra  Azərbaycan yığma komandasının  hesabında 7 medal – 3 qızıl, 2 gümüş və 2 bürünc mükafat vardır.

 


 

“Zirə” Gəncədə

 

Bu gün “Rəvan” – “Qarabağ”  və AZAL – “Qəbələ”  görüşləri ilə Topaz Premyer Liqasında ikinci tura start veriləcəkdir. Sabaha təyin olunmuş  daha iki oyunda “Sumqayıt” futbolçuları “Xəzər – Lənkəran”ı, “Kəpəz” isə “Zirə”ni qəbul  edəcək.  Tura avqustun 17-də “İnter” –  “Neftçi”  qarşılaşması ilə yekun  vurulacaq.

İkinci turun “Kəpəz” – “Zirə” görüşünü xüsusi  maraqla gözləmək olar.  Əvvəla,  Gəncə  klubu müəyyən fasilədən sonra yenidən ölkəmizin ən güclü komandalarına rəqib olmaqla futbol  ictimaiyyətimizi sevindirmiş, “Zirə” isə ilk dəfə belə yüksək  səviyyədə mübarizə aparır. Digər  tərəfdən də hər iki komanda çempionata inamla  başlamışdır.

“Kəpəz”in start turunda Bakıda “Neftçi”  ilə heç-heçəsi (0:0), “Zirə”nin isə  AZAL  üzərində  qələbəsi (1:0) onları  ruhlandırmaya  bilməz. Birinci turdan sonra “Xəzər – Lənkəran” ilə yanaşı “Zirə”nin də 3 xala malik olduğunu xatırlayaq.

Bu arada UEFA Avropa Liqası turnirinin pley-off mərhələsi  çərçivəsində ilk  oyunlara bir qədər də yaxınlaşmışıq. İndi “Qarabağ” ilə “Qəbələ”ni gözləyən  sınaqlara  cəmi beş gün  qalır.  Hər iki təmsilçimiz  meydana avqustun 20-də çıxacaq. UEFA  həmin  gün saat 21-də “Bakcell Arena”da başlanacaq “Qəbələ” – “Panatinaikos” (Yunanıstan) görüşünün  hakimliyini ingiltərəli Andre Marrinerə  həvalə etmişdir. “Yanq Boyz” (İsveçrə) – “Qarabağ” matçını isə Alon Yefet (İsrail) idarə  edəcəkdir. Bern şəhərində keçiriləcək bu oyunda topa ilk zərbə saat 23-də endiriləcəkdir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında