İdman xəbərləri

Azərbaycan güləşçiləri Avropa çempionatında
10 medal qazanmışlar

 

Ötən bazar günü  Serbiyanın Subotitsa şəhərində başa çatmış yeniyetmələr arasında güləş üzrə  Avropa çempionatı  Azərbaycan  idmançıları üçün 10 medalla əlamətdar olmuşdur.

Sərbəst üsulla güləşənlərimizin qitə birinciliyində iki qızıl (İslam Bazarqanov, 50 kq, Alimaqomed Alixmoyev, 100 kq)  və üç bürünc (Əsgər Məmmədəliyev, 42 kq, Geriya Qadisa, 58 kq, İsmayıl Abdullayev, 69 kq)  mükafat  qazanmaları  haqqında  məlumat vermişdik.

Qızların  turnirində  təmsilçilərimizə  iki medal  təqdim olunmuşdur: Zemfira Ələkbərli (38 kq)  və Aynur Camalova (43 kq)  müvafiq  surətdə  fəxri  kürsünün ikinci-üçüncü pillələrinə  yüksəlmişlər.

Çempionata yunan-Roma üsulu ilə  güləşənlərin turniri  ilə yekun vurulmuşdur. Güləşin bu  növündə  Camal Feyziyev (100 kq)  qızıl  medal  qazanmış,  Ülvi Qənizadə (69 kq) və Zaur Nuriyev (46 kq)  isə  üçüncü yeri  tutmuşlar.

Nəticədə Azərbaycan  güləşçiləri Avropa çempionatında üst-üstə 3 qızıl, 1  gümüş  və 6  bürünc  medalın sevincini yaşayaraq idmanın  bu populyar növündə uğurlarımızı  davam etdirmişlər.

 

“Avropa Oyunları gimnastikanın
yeni səviyyəyə  çıxmasına imkan yaratdı”

 

Avropa Gimnastika İttifaqı (UEG)  2015-ci ilin birinci yarısının  yekunlarına  həsr olunmuş  xüsusi bülleten  hazırlamışdır.  Bülletendə Bakıda  keçirilmiş  Avropa  Oyunlarına  geniş  diqqət yetirilmişdir.

Bu barədə  azerisport-un yaydığı  məlumatda bildirildiyi kimi, UEG-in rəhbəri  Jorj Gelzek öz  çıxışında  qeyd edib ki,  mövsümün  birinci  yarısı  “Köhnə  qitə”nin  gimnastikası üçün  hadisələrlə zəngin  olub. Bakıda  birinci  Avropa Oyunları gimnastika növləri buketinin  bütün  zənginliyini  nümayiş  etdirməyə  imkan verib.

UEG-in media departamentinin  başçısı Tina Gerets də bu  fikri  davam etdirib: “Bakı — 2015" ən  mühüm  startlardan  birinə  çevrildi. Başa  düşmək  lazımdır ki, bu, qitə  üçün  ilk  mülti idman yarışı,  Azərbaycan  üçün genişmiqyaslı kompleks startın təşkilində ilk təcrübə  və  Avropa  gimnastları  üçün  xüsusi  turnir  idi. İlk dəfə olaraq  bütün  altı  gimnastika növü bir dam  altında birləşdirilmişdi  və  yarışlar əslində eyni  vaxtda keçirilirdi.  Nəticədə  biz  dinamik  yarışların,  tamaşaçı ilə  ağzınadək dolan  Milli Gimnastika  Arenasında  gözəl bir  ab-havanın,  habelə  KİV-in  Oyunlarda  ən populyar  növlərdən birinə  çevrilən gimnastikaya böyük  marağının  şahidi  olduq”.

UEG-in  idman  koordinatoru Linda Davila da Avropa Oyunları ilə bağlı  öz fikrini  bölüşüb: “Otuz yeddi ölkədən gimnast  oğlan  və qızlar əla  Milli Gimnastika Arenasında ustalıqlarını  nümayiş  etdirmək  üçün  Bakıya toplaşmışdılar.  İdmançılar  gözəl  məşq salonunu gördülər, Atletlər  kəndinə  isə piyada getmək  olardı. Bir çox  səbəbdən gimnastika növləri üzrə  yarışlara  xüsusi  əhəmiyyət verilirdi,  çünki biz istəyirik ki, öz  idman  növümüzü  daha  da  kreativ  edək”.

L.Davila  daha  sonra deyib: — Ona  görə  də  Avropa  Oyunları  zamanı  gimnastika turnirinin təşkilində  bir çox  islahatın  şahidi olduq. İstəyirdik ki, turnir  azarkeşlərin  və  KİV  nümayəndələrinin  daha böyük  marağına  səbəb  olsun. Bütün  altı  gimnastika növü  üzrə  yarışların  bir  dam  altında  keçirilməsi  formatı  gimnastikanın  yeni  səviyyəyə  çıxmasına  imkan  yaratdı. Milli  Gimnastika  Arenasında 7 yarış günü,  bizim  növlərdə  34  dəst medal,  426  gimnast —  bunlar  əla  göstəricidir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında