“Qəbələ” Avroliqanın qrup mərhələsinin astanasında

Azərbaycanın Qəbələ şəhərinin eyniadlı klubu bu isti yay günlərində əsl fədakarlıq nümunəsi göstərərək həm pərəstişkarlarının qəlbinə bir sərinlik gətirir, həm də öz tarixinə parlaq səhifələr yazır. Komanda avrokuboklarda hələ kifayət qədər təcrübəsi olmamasına baxmayaraq, 2015-2016-cı illər mövsümünün UEFA Avropa Liqası turnirində artıq üçüncü rəqibini də “aradan götürüb” pley-off mərhələsinə çıxmaqla rəkcə qəbələli azarkeşlərə deyil, ölkəmizin idman ictimaiyyətinə, bütün xalqımıza fərəhli anlar yaşatmış, böyük sevinc bəxş etmişdir.

Gənc bir kollektivin Avropa stadionlarında əsl zəfər yürüşü diqqətə və alqışa layiq hadisədir. Hələ turnir başlamazdan əvvəl çoxlarımız belə mötəbər yarışda “Qəbələ”nin bu qədər uzağa gedəcəyini, bəlkə də, gözləmirdik. Amma indi məlum olur ki, sonuncu Azərbaycan çempionatının bürünc mükafatçısı tamam başqa fikirdədir. Klubumuz üç ölkənin komandalarını bir-biri ardınca Avroliqadan kənarlaşdırmaqla futbol oynamağı bacardığını inamla sübuta yetirmiş və özünü azarkeşlərə sevdirmiş, onların rəğbətini qazanmışdır.

Hər şeydən aydın hiss olunur ki, baş məşqçi, təcrübəli mütəxəssis Roman Qriqorçuk qısa vaxt ərzində səmimi və əzmkar bir kollektiv yarada bilmişdir. Qapıçı Dmitri Bezotosnı, kapitan Cavid Hüseynov, Rəşad Sadiqov, Arif Daşdəmirov, Aleksey Qay, Sergey Zenyov və onların komanda yoldaşları öz oyunları ilə təsdiq edirlər ki, komanda yüksək məqsədlər uğrunda mübarizə aparmağa qadirdir.

Belə olmasaydı, təsnifat yarışlarının startında Gürcüstanın “Dinamo”, növbəti raundda Serbiyanın “Çukariçki” klublarını oyundan çıxarmaq, iki gün əvvəl isə Kiprin “Apollon” komandasının “kürəyini yerə vurmaq” mümkün olmazdı. “Qəbələ” hələ bir həftə əvvəl Larnakada qollu heç-heçəyə (1:1) nail olmaqla Bakıda cavab görüşü ərəfəsində “Apollon”u çətin vəziyyətə salmış, özünə isə iki oyunun ümumi yekununda mərhələ adlamaq üçün yaxşı zəmin yaratmışdı.

İndi qalırdı səfərdə qazanılmış sərfəli nəticəni “Bakcell Arena”da daha da inkişaf etdirib pley-off mərhələsinin sevincini yaşamaq. Cavab matçında Azərbaycan futbolçularını hətta 0:0 hesabı qane etsə də, onlar bütün diqqəti müdafiəyə yönəldib, təkcə öz qapılarının təhlükəsizliyi qayğısına qalmağın yaxşı nəticə verməyəcəyini başa düşdüklərindən fəal futbola üstünlük verdilər və son nəticədə əzmkarlıqlarına görə mükafatları qələbə oldu. Oyunun taleyini isə Cavid Hüseynovun Kiprdəki kimi ustalıqla yerinə yetirdiyi penalti həll etdi.

“Apollon”un işini ikiqat çətinləşdirən bu qoldan sonra portuqliyalı hakimin final işarəsinə hələ 10 dəqiqə vaxt qalsa da, “Qəbələ”nin xeyrinə 1:0 hesabı dəyişmədi və qalib futbolçularımız UEFA Avropa Liqası turnirində pley-off mərhələsinə vəsiqə qazanmaları münasibətilə böyük sevinclə bir-birlərini təbrik etməyə başladılar.

Elə həmin axşam “İnter Arena”da isə digər komandamız “İnter” üçüncü təsnifat mərhələsində ispaniyanın məşhur “Atletik” klubu ilə cavab görüşündən heç-heçə ilə ayrıldı-0:0.

Bu cütdə ümumi müvəffəqiyyətə Bilbaoda ilk oyunda 2:0 hesabı ilə qalib gələn ispanlar sevinsələr də, “İnter”də hər cür hörmətə layiqdir. Son vaxtlar çətin günlərini yaşayan bu komanda iki mərhələnin sınaqlarından şərəflə çıxmaqla onsuz da yaxşı bir nümunə göstərmişdi. Elə “Atletik” ilə cavab görüşünün nəticəsindən də narazı qalmağa əsas yoxdur.

 

*   *   *

 

Dünən İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatma mərasimində Avropa Liqasının pley-off mərhələsində “Qəbələ” və “Qarabağ”ın rəqibləri məlum olmuşdur.

Qəbələ klubu qrup mərhələsinin astanasında Yunanıstanın “Panatinaikos”, Ağdam futbolçuları isə İsveçrənin “Yanq Boyz” komandaları ilə görüşəcəklər. Oyunlar avqustun 20-də və 27-də keçiriləcəkdir. Klublarımız əvvəlcə səfərdə çıxış edəcəklər.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında