İdman xəbərləri

Azarkeşlər “Qarabağ”a inanırlar

 

UEFA Çempionlar Liqası yarışlarında üçüncü təsnifat mərhələsinin cavab görüşləri start ərəfəsindədir. Bir həftə əvvəl Qlazqoda ilk oyunda Şotlandiya çempionu “Seltik”ə 0:1 hesabı ilə məğlub olan “Qarabağ” bu gün rəqibini öz meydanında qəbul edəcək.

Saat 21.30-da Tofiq Bəhramov adına Respublika stadionunda başlanacaq görüşü Martin Stremberqssonun başçılığı ilə isveçli hakimlər briqadası idarə edəcək.

Azərbaycanın futbol ictimaiyyəti son dərəcə gərgin mübarizə vəd edən və hər iki tərəf üçün mühüm əhəmiyyətə malik oyunu böyük ümidlə gözləyir. Hamı inanır ki, hesab hələlik “Seltik”in xeyrinə olsa da, iki görüşün ümumi yekununda cütün qalibi və Liqanın pley-off mərhələsinə vəsiqənin sahibi məhz “Qarabağ” olacaq. Azarkeşlərimizin görüşə hədsiz maraq göstərməsi və biletlərə tələbatın böyük olması da Azərbaycan çempionunun ustalığına, qələbə əzminə, qalib gəlmək bacarığına inamın parlaq təzahürüdür.

 

 Azərbaycan bədii gimnastlarının
növbəti uğurları

 

Azərbaycanda bədii gimnastikanın lideri, iyun ayında Bakıda keçirilmiş birinci Avropa Oyunlarının gümüş mükafatçısı Marina Durunda avqustun ilk günlərində Polşanın Qdansk şəhərində başa çatan beynəlxalq turnirdə də yüksək ustalıq nümayiş etdirmişdir.

Gimnastımız “Baltic Cup” adlanan bu yarışda top və gürzlərlə hərəkətlərin icrasında bütün rəqiblərindən yaxşı çıxış edərək iki qızıl medal qazanmışdır. Marina çoxnövçülükdə isə gümüş mükafatçı olmuşdur.

Qdansk turnirində daha bir təmsilçimiz fərqlənmişdir. Gülsüm Şəfizadə həlqə və lentlə hərəkətlərin yerinə yetirilməsində müvafiq surətdə gümüş və bürünc medallara sahib olmuşdur.

Bu yarışı sentyabrın 7-13-də Almaniyanın Ştutqart şəhərində təşkil olunacaq dünya çempionatına hazırlığın bir mərhələsi də hesab etmək olar. Dünya çempionatının iştirakçıları təkcə medallar uğrunda yox, həm də gələn il Braziliyanın Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziya uğrunda mübarizə aparacaqlar.

 

Dünyanın 128 məşhur qrossmeysteri
Bakıda görüşəcək

 

Ötən hər gün bizi sentyabrın 10-dan oktyabrın 5-dək Bakıda keçirləcək şahmat üzrə Dünya Kuboku turnirinə yaxınlaşdırır. İlin ən mötəbər idman hadisələrindən biri hesab edilən bu yarış planetin 128 məşhur qrossmeysterini öz bayrağı altına toplayacaq.

Turnirdə Azərbaycanı altı şahmatçı, milli komandamızın üzvləri Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf  Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcəklər.

Yarış iştirakçıları mübarizəyə 1/64 finaldan başlayacaqlar və uduzan şahmatçılar turnirlə vidalaşacaqlar.  Artıq birinci mərhələdən sonra fəxri mükafata iddiaçıların sayı ikiqat azalacaq.

Hər bir mərhələdə rəqiblər bir-birinə qarşı ağlar və qaralarla iki oyun keçirəcəklər. Əgər iki görüşdən sonra hesab 1:1 olarsa, qalibi tay-breklər müəyyənləşdirəcək. Birinci mərhələnin görüşləri sentyabrın 11-13-də oynanılacaq.

Kubokun sahibi oktyabrın 5-də məlum olacaq. Turnirin ən yaxşı iki iştirakçısı qızıl və gümüş medallarla yanaşı, iddiaçıların dünya şahmat tacı uğrunda növbəti turnirinə vəsiqə də qazanacaq. Qarşıda idman həvəskarlarımızı dünyanın ən yaxşı qrossmeysterlərinin iştirakı ilə çox maraqlı görüşlər gözləyir.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında