Tbilisidə Yeniyetmələrin Avropa Olimpiya Festivalına yekun vuruldu

Tbilisidə bir həftə davam edən Yeniyetmələrin XIII Avropa Olimpiya Festivalı başa çatmışdır. İyunda Bakıda keçirilən Avropa Oyunlarında olduğu kimi, Gürcüstan paytaxtında da medallar uğrunda qitənin 50 ölkəsinin təmsilçiləri mübarizə aparmışlar.

Azərbaycan idmançıları festivalın proqramına daxil olan doqquz növdən altısında-cüdo, idman gimnastikası, yüngül atletika, velosiped idmanı, üzgüçülük və tennis yarışlarında çıxış etmiş və beş medalın sevincini yaşamışlar.

Mükafatlarımızın hamısını cüdoçular qazanmışlar. Şəfəq Həmidova (40 kq) və Hasil Cəfərov (73 kq) festivalın çempionu olmuşlar, Kəramət Hüseynov (55 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlmiş, İbrahim Bayramlı (50 kq) və İsmayıl İbrahimov (60 kq) üçüncü yeri tutmuşlar.

Cüdoçuların qazandıqları 2 qızıl, 1 gümüş və 2 bürünc medal Azərbaycan yığma kollektivinə festivalın ümumkomanda hesabında finişə 22-ci pillədə çatmaq imkanı vermişdir.

Festivalın qalibi isə 17 qızıl, 9 gümüş və 11 bürünc medalla Rusiya komandası olmuşdur. İkinci-üçüncü yerləri müvafiq surətdə İtaliya (12+2+10) və Fransa (9+5+8) yığmaları tutmuşlar.

Yarışlarda 36 ölkənin nümayəndələri mükafat qazanmışlar. Qızıl medallar 30 dövlətin idmançılarına təqdim olunmuşdur.

Festival sahibləri Gürcüstan atletləri 4 qızıl və 6 bürünc mükafatla 10-cu yeri tutmuş, Türkiyə (1+2+3) 26-cı nəticə göstərmişdir.

On dörd ölkə-Albaniya, Andorra, Ermənistan, Bosniya və Herseqovina, İslandiya, Kosovo, Lixtenşteyn, Litva, Lüksemburq, Malta, Monako, Portuqaliya, San-Marino və Makedoniya “Tbilisi-2015”-də medal qazana bilməmişlər.

Yeniyetmələrin növbəti, XIV Avropa Olimpiya Festivalı 2017-ci ildə Macarıstanın Dyer şəhərində keçiriləcəkdir. XV festivalın iştirakçılarını isə 2019-cu ildə Belarus Respublikasının paytaxtı Minsk qəbul edəcək.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında