Bir axşamda ikiqat sevinc

Azərbaycanın futbol pərəstişkarları, bütün idman  ictimaiyyətimiz 23 iyul axşamında ikiqat  sevinc keçirdilər. Bakının “İnter”  komandası və  Qəbələnin eyniadlı  klubu UEFA Avropa Liqası yarışlarında  ən böyük  uğurlarını  qazandılar. Paytaxt klubu da, Qəbələ futbolçuları da ilk dəfə bu turnirin üçüncü təsnifat  mərhələsinin qapısını taybatay açdılar.

İkinci  raundun cavab “döyüşləri” eyni  vaxtda  başlansa da, birinci olaraq  təbrikləri  “Qəbələ”  qəbul etdi. Bir  həftə əvvəl  Belqradda Serbiyanın “Çukariçki”  klubuna 0:1 hesabı ilə  məğlub olan Azərbaycan futbolçuları “Bakcell Arena”da  həmin  uğursuzluğun əvəzini  artıqlaması ilə çıxdılar – 2:0. Hər iki  qolun  müəllifi,  deməli,  həm  də oyunun  qəhrəmanı Sergey Zenyov oldu.

Tarixində ilk dəfə avrokuboklarda iki  mərhələ adlayan “Qəbələ” üçüncü təsnifat  mərhələsində Kiprin “Apollon”  klubu ilə “münasibətləri aydınlaşdıracaq”. Komandamızın  öz pərəstişkarlarına  daha bir  sevinc hissi yaşada  bilib-bilməyəcəyi avqustun 6-na  təyin  edilmiş cavab  görüşündən sonra  məlum olacaq. İlk oyun isə iyulun 30-da Larnakada  keçiriləcək.

İkinci  təsnifat  mərhələsinin startında İslandiyada “Hafnarfyordur”  komandası  üzərində  bir qədər gözlənilməz  qələbə ilə (2:1) cavab görüşü ərəfəsində özünə  yaxşı zəmin  yaradan “İnter”in də növbəti uğuruna sevinmək  üçün “İnter Arena”da əlavə  vaxtın  başa çatmasını  gözləmək lazım  gəldi.  Hesabı birinci  hissənin sonunda  meydan sahibləri  açsalar da, Abbas  Hüseynovun qoluna  qonaqlar fasilədən sonra iki  topla  cavab verdilər  və  əsas vaxtda İslandiya  təmsilçisinin  xeyrinə 2:1  hesabı qeydə  alındı. Lakin  əlavə  vaxtda Rauf  Əliyevin  yaddaqalan  qolu “İnter”i  də  üçüncü  təsnifat  mərhələsinə  çıxardı.

Növbəti  mərhələdə bakılılar İspaniyanın  məşhur  “Atletik” (Bilbao) klubu  ilə  qarşılaşacaqlar.  Rəqib  nə qədər güclü  olsa da, “İnter” onunla  oyunlarda ən azı iki mərhələni təsadüfən keçmədiyini sübut etməyə çalışacaq. Bu  komandaların ilk görüşü iyulun 30-da Bilbaoda baş tutacaq.

Oqtay BAYRAMOV, “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında