Arzuladığımız oyun

Bəlkə də arzuladığımıza yaxın oyun desək daha doğru olar. Bəzi epizodlarda həlledici zərbələrdə dəqiqlik çatışmasa da, hər halda, bu dəfə Azərbaycan komandasının ifasında əzmkarlıqla yanaşı savadlı oyun da izlədik. Belə məqsədyönlü oyun müdafiədə təmkinli, soyuqqanlı hərəkətlərlə, ön xətdə kəskin hücumlarla, Türkiyə yığmasının qapıçısı Volkan Dəmirəli tez-tez narahat edən təhlükəli zərbələrlə tamamlandı. Futbolçularımız məzmunlu, yaddaqalan oyuna görə təkcə 3 xal yox, həm də azarkeş rəğbəti qazanıb meydançanı alqış sədaları altında tərk etdilər.
Avropa çempionatı - 2012-nin seçmə yarışları proqramında Azərbaycan üçün sayca üçüncü, Türkiyə üçünsə dördüncü olan bu görüş ərəfəsində, demək olar, heç kim, o cümlədən bukmekerlər "doğma divarlar" arasında oynamasına baxmayaraq, komandamızın imkanlarını yüksək qiymətləndirmirdi. Çoxlarının fikrincə, meydan sahiblərinin qələbəsi gurultulu sensasiyaya səbəb ola bilərdi.
Budur, oyun artıq arxada qalmış, beynəlxalq futbol dairələrində adı həmişə böyük hörmətlə çəkilən Türkiyə komandası Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan yığmasına uduzmuşdur. Hərçənd Bakıda məğlubiyyət hollandiyalı mütəxəssis Qus Hiddinkin və onun komandasının planlarına daxil deyildi. Amma məşhur məşqçi bir il əvvəlki kimi, yenə paytaxtımızı məyus halda tərk etdi. Onda Hiddinkin başçılıq etdiyi Rusiya yığması Azərbaycanla oyunda bir xalla kifayətlənməyə məcbur olmuşdu, indi isə onun komandası ağlına belə gətirmək istəmədiyi məğlubiyyətlə üzləşdi.
Bu dəqiqələrdə dost-rəqiblərin gərgin mübarizəsini yaddaşımızda bir daha canlandırsaq, çox şey xatırlaya bilərik. Vaqif Cavadov, Vüqar Nadirov, Mahir Şükürov, müdafiədə öz funksiyasını yüksək səviyyədə yerinə yetirən, imkan düşdükdə hücuma da qoşulmaq fürsətini itirməyən Rəşad Sadıqov və onların oyundaşları kollektiv oyun sayəsində, birgə səylə bir neçə dəfə rəqib qapısı ağzında kəskin vəziyyətlər yaratdılar. Mahirin çox gözəl ötürmə ilə Vaqifi necə qapıçı ilə təkbətək çıxardığını (təəssüf ki, həlledici anda sonuncu imkandan dəqiq istifadə edə bilmədi), başqa bir epizodda Volkan Cavadovun güclü zərbəsini dəf etdikdən sonra Ruslan Abışovun heç kimin ona mane olmadığı vəziyyətdə topu dirəyin yanından vurduğunu yada salaq...
Elə Həmit Altıntopun bir qədər gözlənilməz və çox güclü zərbəsindən sonra güllə kimi uçan və xoşbəxtlikdən, qapımızın üst dirəyinə dəyib geri qayıdan top da unudulası deyil. Haqlı olaraq oyunun qəhrəmanlarından biri hesab edə biləcəyimiz Kamran Ağayevin Altıntop, Gökhan Gonül, Sərvət Çətin ilə mübarizədən necə qalib çıxdığını görmək bizdə əsl qürur hissi yaratdı.
Rumıniyalı hakim Aleksandru Dyakonunun qeydə aldığı yeganə qola gəldikdə, bu müvəffəqqiyyət dəqiq yerinə yetirilən künc zərbəsinin bəhrəsi oldu. Şükürovun yerlə ötürməsindən sonra Cavadov, sonra da Nadirov topa toxunmayıb onu özlərindən arxaya buraxdılar və Sadıqov ləngimədən topu qapıçıdan sol küncə göndərdi. Hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, bu qol qələbə topu idi. Azərbaycan milli komandasının kapitanı öz oyunu ilə bir daha sübut etdi ki, o, Türkiyə superliqasında çıxış edən "Əskişəhrspor"a heç də təsadüfən dəvət olunmayıb.
Bir sözlə, yığmamız pərəstişkarlarını da, mütəxəssisləri də yaxşı mənada təəccübləndirib göstərdi ki, nəinki futbol oynaya bilir, həm də güclü rəqibə qalib gəlməyi bacarır. Hər bir işdə gözəllik həmişə rəğbət hissi yaradır və heç kim ona biganə qalmır. Həmin axşam Azərbaycan milli futbol komandası da əsl səmimi və mübariz bir kollektiv təsiri bağışlayıb özü haqqında xoş təsəvvür yaratdı.
Türkiyə yığmasına gəldikdə, startda iki qələbədən sonra Almaniya və Azərbaycanda iki məğlubiyyət ümid edək ki, komandanı ruhdan salmayacaq. Vəziyyəti düzəltmək, Avropa çempionatının final mərhələsinə vəsiqə qazanmaq üçün qarşıda hələ çox oyun var.
"A" qrupunda keçirilən digər iki oyunun nəticələri: Qazaxıstan-Almaniya-0:3, Belçika-Avstriya - 4:4.
Qrupda növbəti oyunlar 2011-ci il martın 25-də keçiriləcəkdir: Almaniya-Qazaxıstan, Avstriya-Belçika. Martın 29-da isə Azərbaycan futbolçuları Belçikanın qonağı olacaqlar, Türkiyə də Avstriya yığmasını qəbul edəcək.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında