Azərbaycan Avropa Oyunlarının ilk parlaq səhifəsini yazdı

2012-ci ilin dekabrında Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərarı idmanımızın inkişafına göstərilən qayğının bariz ifadəsi idi. Bu, eyni zamanda, Azərbaycanın mötəbər tədbirlərin təşkili ilə bağlı yüksək nümunənin beynəlxalq miqyasda etirafı idi.

Burada onu da vurğulayım ki, belə bir möhtəşəm idman yarışında 50 ölkədən idmançıların iştirakı birinci Avropa Oyunlarının miqyasının həm də böyük olmasından xəbər verirdi. Deməli, birinci Avropa Oyunları müasir Olimpiya oyunlarına bərabər tutulan beynəlxalq idman hadisəsi idi. Amma Olimpiya oyunları zamanı ev sahibi olan ölkənin hazırlıq işləri üçün ən azı 7-8 il vaxtı olsa da, Azərbaycanın qarşıda cəmi 2 il yarım vaxtı var idi. Buna baxmayaraq, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi birinci Avropa Oyunlarının Təşkilat Komitəsi bu qısa müddətdə hazırlıq işlərini ən yüksək səviyyədə başa çatdırdı. Qeyd etdiyim kimi, az bir vaxtda tamamilə 5 yeni idman kompleksi tikilərək istifadəyə verildi. Bunlar Bakı Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Bakı Atıcılıq Mərkəzi, Bakı Su İdmanı Sarayı və Veloparkdır. Yarışların keçirildiyi digər idman qurğuları isə tamamilə yenidən quruldu, ən müasir standartlara uyğunlaşdırıldı. Qısa müddətdə bu qədər işin görülməsi həqiqətən gərgin və fədakar zəhmət tələb edirdi. Lakin ölkəmiz ən yüksək səviyyədə bunun öhdəsindən gəldi.

Yeri gəlmişkən, onu da deyim ki, Bakıda işlərin çox olmasına baxmayaraq, Mehriban xanım Əliyevanın təşəbbüsü və iştirakı ilə Avropa ölkələrində birinci Avropa Oyunlarının təqdimatları uğurla  keçirildi. Həmin təqdimatlarda təkcə bu idman yarışı barədə müzakirələr açılmırdı. Onların hər birində Azərbaycanın tarixi, mədəniyyəti barədə geniş məlumatlar verilir, milli-mənəvi dəyərlərimiz, musiqimiz əcnəbilərə çatdırılır,  ölkəmiz hərtərəfli tanıdılırdı.

Birinci Avropa Oyunlarının açılış mərasiminin keçirildiyi iyunun 12-si günü isə təkcə Azərbaycanın deyil, dünyanın və Avropanın idman həyatında ən əlamətdar tarixlərdən biri kimi heç vaxt unudulmayacaq. Həmin  gün axşam Bakı Olimpiya Stadionunda 68 min tamaşaçı, eləcə də dünyada yüz milyonlarla televiziya tamaşaçısı unudulmaz tarixi anın şahidi oldular. Dünyanın aparıcı bədii, yaradıcı və texniki heyətlərinin iştirakı ilə ərsəyə gələn kreativ şou heyrətamiz bir mənzərə yaratmaqla hər bir azərbaycanlını xüsusilə qürurlandırdı, həyəcanlandırdı.

Birinci Avropa Oyunları həm də ölkəmizdə idmanın inkişafda olduğunu, bu sahəyə ciddi diqqət yetirildiyini, Olimpiya hərəkatının geniş vüsət aldığını bütün dünyaya nümayiş etdirdi. İdmançılarımızın 21-i qızıl, 15-i gümüş və 20-si bürünc olmaqla qazandıqları 56 medalla Azərbaycan birinci Avropa Oyunlarının ikincisi oldu. Bu bir daha göstərdi ki, Azərbaycanda reallaşdırılan  idman siyasəti öz gözəl bəhrəsini verir.

Boksçularımız da Avropa Oyunlarındakı əzmkar qələbələri sayəsində xalqımıza sevinc hissləri yaşatdılar. “Baku Crystal Hall”da bir-birindən maraqlı və gərgin döyüşlərin şahidi olduq. Oyunları arenada izləyən azarkeşlər medallar uğrunda mübarizə aparan boksçularımıza böyük dəstək nümayiş etdirdilər.

Boks üzrə yarışlarda 330 idmançı 12 gün ərzində 15 medal dəsti uğrunda mübarizə apardı. Kişilər arasında 10, qadınlar arasında 5 çəki kateqoriyasında yarışlar keçirildi. Boksçularımız 6 qızıl, 1 gümüş və 4 bürünc medal qazanmaqla komanda hesabında birinci yerə layiq görüldülər.

Xatırladım ki, Azərbaycanın 11 boksçusundan Elvin Məmişzadə  (52 kq), Albert Səlimov (60 kq), Pərviz Bağırov (69 kq), Kollazo Sotomayor (64 kq), Teymur Məmmədov (81 kq), Abdulqadir Abdullayev (91 kq) qızıl, Xaybula Musalov gümüş, Tayfur Əliyev (56 kq), Məhəmmədrəsul Məcidov (+91 kq), Anna Əlimərdanova (51-54 kq) və Yana Alekseyevna (57-60 kq) bürünc medala sahib oldular.

Boks üzrə yarışlarda belə uğur qazanmağımız təsadüfi deyil. Çünki ölkədə idmanın bu sahəsinə də ciddi diqqət və qayğı göstərilir. Bir fakta nəzər salaq. Oyunlar ərəfəsində müasir memarlıq üslubunda və ən son texnologiyalar əsasında inşa olunan Boks Federasiyasının inzibati binası istifadəyə verildi. Xatırladım ki, bina  25 min kvadratmetr sahəni əhatə edir. Beynəlxalq federasiyaların tələblərinə tam cavab verən bu kompleksdə məşq və yarışlar üçün hər cür şəraiti olan idman zalları da var.

Yeri gəlmişkən, idmanın bu sahəsi ilə bağlı bir fakta da diqqət yetirək. Boks Azərbaycanda XX əsrin əvvəllərində təşəkkül tapıb. O dövrdə Bakıya işləməyə gələn əcnəbi fəhlələr və mühəndislər, neft sənayesi üzrə mütəxəssislər idmanın bu növünü Azərbaycanda yaymağa başlayıblar. Ötən əsrin 20-ci illərində paytaxtımızda həvəskar boksçuların ilk döyüşləri keçirilməyə başlayıb. 1924-cü ildə Azərbaycan Boks Federasiyası təsis edilib. İdmançılarımızın beynəlxalq döyüşləri isə 1920-ci illərin sonlarına təsadüf edir. Dəri əlcək ustalarımız sovet dövründə SSRİ çempionatlarında və spartakiadalarında mübarizə aparsalar da, boksdakı əsas uğurlarımız məhz müstəqillik illərinə təsadüf edir. Azərbaycan Boks Federasiyası AIBA-nın tam hüquqlu üzvü olduqdan sonra idmançılarımız Olimpiya Oyunlarında, dünya və Avropa çempionatlarında çıxış etməyə başlayıblar. 1993-cü ildə 17 yaşlı Rövşən Hüseynov Avropa çempionu tituluna yiyələnib. 2003-cü ildə isə Ağası Məmmədov dünya çempionatından Azərbaycana ilk qızıl medalı gətirib. 2000-ci ildən bu yana Azərbaycan boksçuları bütün Olimpiya Oyunlarından Vətənə medallarla dönüblər. Vüqar Ələkbərov, Fuad Aslanov, Ağası Məmmədov, Şahin İmranov, Məhəmmədrəsul Məcidov və Teymur Məmmədov Olimpiya Oyunlarının mükafatçılarıdır.

Ölkəmiz indiyədək boks üzrə ən mötəbər yarışlara ev sahibliyi də edib. 2011-ci ildə böyüklər arasında dünya çempionatı ilk dəfə Bakıda keçirilib. Komandamız yarışda 1 qızıl və 1 gümüş medala layiq görülüb. AIBA həmin yarışı indiyədək keçirilmiş dünya çempionatları arasında ən yaxşılardan biri kimi qiymətləndirib. Son illərdə dünya və Avropa çempionatlarında da dəri əlcək ustalarımız uğurla çıxış edirlər. 2013-cü ildə Avropa çempionatında Azərbaycan boksçuları 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar. Həmin il Qazaxıstanın Almatı şəhərində keçirilən dünya çempionatında komandamız 2 qızıl və 1 bürünc medala layiq görülüb.

Azərbaycan dünya idmanı tarixində yeni açdığı səhifə ilə həm də özünü dünyaya tolerant, mədəniyyətlərarası inkişafın ən yüksək səviyyədə olduğu bir dövlət kimi təqdim etdi. Ancaq Azərbaycan təkcə bu yarışa yüksək səviyyədə ev sahibliyi etməklə kifayətlənmədi, həm də Avropa Oyunlarının yeni standartlarını tətbiq etdi. Dünyaya sülh, barış və əsl islam dövləti nümunəsini göstərdi.

Açılış mərasimindən başlamış bağlanış mərasiminə qədər 17 gün ərzində dünyanın bütün qitələrində milyonlarla tamaşaçı əsl idman bayramının şahidi oldu. Bağlanış mərasimi də açılış mərasimi kimi möhtəşəm, təkrarolunmaz, hamını heyran qoyan səviyyədə keçirildi. Açılış mərasimi Azərbaycanın tarixini, milli-mənəvi dəyərlərini, mədəniyyətini əks etdirən kompozisiyalardan ibarət idisə, bağlanış mərasimi Azərbaycanın müasir dövrünü, dinamik inkişafını, gələcəyini əks etdirən orijinal, hələ uzun müddət yaddaşlardan silinməyəcək möhtəşəm bir tədbir kimi tarixdə qalacaq.

Burada bir məqamı da diqqətə çatdırmağı vacib bilirəm. “Eurovision” mahnı müsabiqəsində olduğu kimi, birinci Avropa Oyunları ərəfəsində də antiazərbaycançı şəbəkə yenidən fəallaşdı. Azərbaycana və bu möhtəşəm idman yarışmasına qarşı qarayaxma kampaniyasına başlanıldı. Düşmənlərimiz böhtandan belə çəkinmədilər. Amma belə məkrli fəaliyyət iflasa uğradı. Ermənipərəst qüvvələr  hər cür fitnə-fəsada cəhd göstərsələr də, Azərbaycan öz yolu ilə inamla addımladı. Beləliklə, ölkəmiz birinci Avropa Oyunlarını ən yüksək səviyyədə təşkil etməklə antiazərbaycançı dairələrin bütün niyyətlərini alt-üst etdi. Bunu Azərbaycana gələn hər bir əcnəbi də bildi. Ölkəmizə gələn xarici ölkə vətəndaşları Azərbaycan haqqında söylənən xoşagəlməz fikirlərin şər, böhtan olduğunu da öz gözləri ilə gördülər. Gördülər ki, söylənilənlər qərəzdən başqa bir şey deyil. Eyni zamanda, Azərbaycan dünyaya sülh mesajı verdi.

Azərbaycana gələn hər bir əcnəbi turist, idmançı və digər şəxslər Avropanın bəzi ölkələrində islam dövlətləri ilə bağlı aparılan çirkin kampaniyaların da yalan olduğuna şahid oldular. Əcnəbilər gördülər ki, bəzi Avropa ölkələrində məscidlər yandırıldığı, partladıldığı halda Azərbaycanda katolik, provaslav kilsələr, sinaqoqlar fəaliyyət göstərir və dinlərarası münasibətlər ən yüksək formadadır. Bütün xalqlar burada mehriban, əmin-amanlıq şəraitində yaşayırlar.

Birinci Avropa Oyunlarının əsas simalarından biri də könüllülər idi. Artıq bir neçə ay idi ki, şəhərimizdə və yarışlarda gördüyümüz xüsusi uniformalı oğlan və qızlar hər birimizdə xoş ovqat oyatdılar. “Bakı-2015”-in “Alovqoruyanlar” adlandırılan könüllüləri Oyunların möhtəşəm idman bayramına çevrilməsində yaxından iştirak etdilər. Onlar Oyunlar ərzində idmançılara və rəsmi şəxslərə kömək göstərdilər, idman yarışlarında işlədilər, tamaşaçılara, turistlərə və media nümayəndələrinə bələdçilik etdilər. Hətta gimnastika yarışlarının könüllülərindən biri polşalı idmançını zədə almaqdan xilas etdi. Beləliklə,  könüllülər öz üzərlərinə düşən işi məsuliyyətlə yerinə yetirdilər.

Birinci Avropa Oyunları günlərində hər kəs bir idman bayramı yaşadı. Bu, dostluq, sülh, barış bayramı idi. Bu bayram Azərbaycanın dünya dövlətləri arasında yerini, nüfuzunu, imicini, statusunu möhkəmlətdi. Azərbaycan bir müsəlman ölkəsi olaraq belə bir idman yarışına ev sahibliyi etməklə vermiş olduğu mesajla məhz sülh tərəfdarı bir dövlət olduğunu bütün beynəlxalq aləmə bir daha sübut etdi. Müharibə yaşayan bir xalq, dövlət olaraq qapılarını hər zamankı kimi hər kəsin üzünə açan Azərbaycan bu məmləkətdə zora, ədalətsizliyə deyil, əksinə, qardaşlığa yer olduğunu hər kəsə nümayiş etdirdi.

Ağacan ABİYEV,
Azərbaycan Dövlət Bədən
Tərbiyəsi və İdman Akademiyasının rektoru,
Azərbaycan Boks Federasiyasının
vitse-prezidenti, Milli Məclisin deputatı


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında