Bakı Olimpiya Oyunlarını da yüksək səviyyədə keçirə bilər

Bakı 2015-cil ilin iyun günlərində Avropa Oyunlarının ilk paytaxtı kimi “Köhnə qitə”nin idman hərəkatı tarixinə yeni dövrün başlandığını bildirən parlaq səhifə yazdıqdan sonra ürəyimizdən bir  şey keçir – Olimpiya Oyunlarına da ev sahibliyi etmək.

Bu fikrin arxasında ötən ayın on yeddi günü ərzində Bakı ilə yanaşı, respublikamızın bütün güşələrində uşaqdan tutmuş ömürlərinin müdriklik çağını yaşayan insanlara qədər hamının keçirdiyi xoş həyəcan və hədsiz sevinc hissləri dayanır. Həmkarlarımdan birinin obrazlı şəkildə ifadə etdiyi kimi, əsl sənət əsəri təsiri bağışlayan “Bakı-2015” birinci Avropa Oyunlarının açılış və bağlanış mərasimlərinin möhtəşəmliyi bizi daha böyük nailiyyətlərə ruhlandırır, Bakının nə vaxtsa Yay Olimpiya Oyunlarının da paytaxtı olacağına inam və ümidimizi ikiqat artırır. Bunun üçün çox ciddi əsas var: Azərbaycan  dövlətinin nəyə qadir olduğu artıq heç kim üçün sirr deyil.

Olimpiada -2016-nın qızmar Braziliya səması altında, Rio-de-Janeyroda  keçiriləcəyi, bundan dörd il sonra növbəti Olimpiya Oyunlarının Yaponiyanın paytaxtı Tokioda təşkil olunacağı çoxdan məlumdur. Olimpiada-2024-ün isə hansı xoşbəxt şəhərin üzünə güləcəyini iki ildən sonra biləcəyik.

Bu Olimpiadada  iddiaçı şəhərlərin rəqabəti, hər şeydən göründüyü kimi, daha kəskin olacaq. Əgər son bir-iki həftəyədək 2024-cü ildə XXXIII Yay Olimpiya Oyunlarının paytaxtı olmağa dörd şəhər—Boston (ABŞ), Hamburq (Almaniya), Roma (İtaliya) və Paris (Fransa) namizəd idisə, bu yaxınlarda onların siyahısına daha bir ad əlavə olunub-Budapeşt (Macarıstan).

Ola bilsin, siyahı bundan sonra bir qədər də genişlənsin. Olimpiada-2024-ün təşkilatçısı olmaq üçün ərizələrin verilməsi müddəti 2015-ci il sentyabrın 15-də başa çatır. Qarşıdakı 60 gün ərzində yeni iddiaçı şəhər və ya şəhərlər də meydana çıxa bilər.

Bakının da olimpiyaçı şəhər olmaq istəyini gerçəkləşdirmək üçün növbəti dəfə təşəbbüs göstərib-göstərməyəcəyini demək çətindir. Amma bu istək üçün artıq möhkəm özül yaradılmışdır. Azərbaycan idmanının, qitəmizin idman hərəkatı tarixinə qızıl hərflərlə yazılmış Avropa Oyunları bütün dünyanın gözü qarşısında baş tutmuşdur.

Bu isə o deməkdir ki, Avropa Oyunlarının ilk paytaxtı Bakı Olimpiada-2024-ün də paytaxtı olmağa cəhd göstərsə, əvvəlki təşəbbüsləri ilə müqayisədə  özünü daha inamlı və daha şanslı hiss edəcək. Çünki bu zaman Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvləri qüdrətli Azərbaycan paytaxtının imkanlarını götür-qoy edərkən onun nümunəvi təcrübəsini nəzərə alacaqlar.

BOK rəsmiləri bu zaman yada salacaqlar ki, Avropa Oyunlarını cəmi 2,5 il ərzində çox yüksək səviyyəli hazırlıqla qarşılayıb Avropa Olimpiya Komitəsinin (AOK) etimadını şərəf və ləyaqətlə doğruldan Bakı Olimpiya Oyunları-2024 üçün ayrılacaq yeddi hazırlıq ili ərzində dünyanı 2015-ci ildəkindən də böyük uğurlarla heyrətə gətirə bilər. Olimpiada—2024-ün paytaxtı 2017-ci ilin sentyabrında Lima şəhərində (Peru) BOK-un 130-cu sessiyasının keçiriləcəyi günlərdə elan olunacaq. Buna qədər isə Bakı elə həmin ildə IV İslam Ölkələri Həmrəyliyi Oyunlarını da başa vurmuş, təşkilatçılıq təcrübəsini ikiqat artırmış olacaq...

Oqtay BAYRAMOV,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında